-Nazim müəllim, artıq Yeni Azərbaycan Partiyası (YAP) növbəti parlament seçkilərində müəyyənləşdirdiyi namizədlərinin adlarını ölkə ictimaiyyətinə təqdim etdi. Ümumiyyətlə, parlament seçkilərinə hazırlıqla bağlı YAP-ın fəaliyyətini necə qiymətləndirərdiniz?
- İlk öncə deyim ki, partiyamızın namizədlərinin müəyyənləşdirilməsi çox uğurla başa çatdırılıb. Etimadı olan hər bir üzvümüz noyabr seçkilərinə qələbə əzmi ilə gedir. Çünki YAP parlament seçkilərinə yüksək səviyyədə hazırlaşıb və indi də hazırlığını davam etdirir. Bunun nəticəsində bu seçkilərdə də partiyamızın irəli sürdüyü namizədlərin üstünlük təşkil edəcəyini artıq indidən demək mümkündür.
Bu arada onu da qeyd etmək istyərdim ki, ötən ayın ortalarından başlayaraq, YAP-ın şəhər və rayon təşkilatlarının sədrlərinin parlament seçkilkəri ilə bağlı iştirak etdikləri ümumrespublika müşavirəsində partiyanın Sədr müavini-İcra katibi, Əli Əhmədovun bizlərə verdiyi tövsiyə və tapşırıqları, əldə edilən müəyyən qərarlar bizi qələbəyə daha da ruhlandırdı. Biz bir daha əmin olduq ki, təmsil olunduğumuz siyasi təşkilat məhz xalqın marağından çıxış edir və buna görə də xalqın dəstəyini qazanır. Daha öncə keçirilən prezident və bələdiyyə seçkilərində əldə edilən qələbələr də məhz bu əhəmiyyətli faktoru özündə ehtiva edir. Söz yox ki, biz də namizədlərimizin zəfər əldə edəcəyinə inanırıq. Çünki bizi xalq dəstəkləyir. Ona görə də Yeni Azərbaycan Partiyası bütün seçkilərdə seçicilərin yüksək etimadını qazanaraq, qələbələr qazanıb.
O cümlədən, nailiyyətin əldə olunmasının əsas kökü, səbəbi Azərbaycan vətəndaşlarının, seçicilərin, bütün Azərbaycan xalqının Prezident İlham Əliyevə, Onun həyata keçirdiyi siyasətə böyük inamı ilə əlaqədardır. Hər bir Azərbaycan seçicisi Prezident İlham Əliyevə inanır, etimad edir, həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir. O cümlədən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət vətəndaşlarımız tərəfindən yüksək dəyərləndirilir. Təkcə Xaçmaz rayonunu götürsək, biz deyə bilərik ki, bölgəmizin inkişafı ilə bağlı əldə olunan nailiyyətlər, gözümüzün qarşısında baş verən dəyişikliklər böyük əhəmiyyət kəsb edir. Rayonumuzun siması dəyişir, tamamilə yeni sahibkarlıq mühiti yaradılır. Bütün bunlar isə təkcə bizdə deyil, bütün ölkədə reallaşdırılır. Təbii ki, bu amillər keçirilən seçkilərinə seçicilərin rəyinin, qənaətinin formalaşmasına bilavasitə təsir edir. Belə olan halda YAP-ın namizədləri həm də dövlət syasətinə öz töhfələrini verə biləcək potensial qüvvədirlər. Qətiyyətlə inanıram ki, parlament seçkilərində partiyanın bütün fəalları, gənclər seçki kampaniyasının gedişində yenidən öz töhfələrini verəcəklər. Nəticədə, əldə olunan nailiyyət bizlərə növbəti sevinc və qələbə anlarını yaşadacaq.
-Nazim müəllim, siz eyni zamanda YAP Xaçmaz rayon təşkilatının sədri olmaqla yanaşı, eyni zamanda təşkilatda yaradılmış Seçki Qərargahının sədrisiniz. Ümumiyyətlə, rayonda seçkilərə hazırlıq prosesi necə gedir?
- Bayaq da qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə çox böyük məsuliyyətlə hazırlaşır. Çünki qarşımıza qoyduğumuz məqsəd çox önəmli və əhəmiyyətlidir. O cümlədən, qərargahımızın işi də artıq müəyyənləşdirilib. Oraya partiya fəalları və seçki təcrübəsi olan YAP üzvləri cəlb olunublar. Bildiyimiz kimi, digər rayon təşkilatlarında olduğu kimi, YAP Xaçmaz rayon təşkilatının da Seçki Qərargahı öz işini YAP Mərkəzi Aparatının tərtib etdiyi plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun şəkildə qurur. YAP Mərkəzi Seçki Qərargahının 17 nəfərdən ibarət rayon şöbəsi yaradılıb, onun üçün müvafiq iş şəraiti təşkil edilib. Seçicilərin siyahısı dəqiqləşdirilib, bazaya yığılıb və hazırda da dəqiqləşmə davam etdirilməkdədir. Həmçinin, seçki məntəqələri üzrə məşvərətçi və müşahidəçilərin siyahıları bir daha dəqiqləşdirilərək hazırlanıb. Seçki kampaniyasına rəsmi start verildikdən sonra işlərimizi Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun davam etdirəcək, imzatoplama prosesinə başlamayacağıq. Artıq 20 nəfərdən ibarət imza toplayacaq şəxslər müəyyən edilib. Bütün bunlarla yanaşı, seçki məntəqələri üzrə partiya üzvlərinin siyahısı da hazırdır. Əlbəttə, ötən seçkilərin təcrübələrindən də çıxış edərək deyə bilərik ki, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də rayon təşkilatı fəallarının işi və koordinasiyasının uğurlu təşkilidir. YAP Xaçmaz rayon təşkilatı Seçki Qərargahında da bu məsələ daim diqqətdə saxlanılır.
-Sizcə, parlament seçkilərini boykot edən radikal müxalifət düşərgəsi bununla hər hansı bir siyasi uğura nail ola biləcəkmi?
-Bəri başdan deyim ki, bu cür dırnaqarası müxalifət özünü nə qədər "radikal", "millətçi" və sair kimi ictimaiyyətə təqdim edəcəksə, bir o qədər də rüsvay olacaq. Çünki ictimai rəy də çox gözəl bilir ki, bunların danışdıqları məsələlər boğazdan yuxarıdır. Boğazdan yuxarı danışılanların isə xalq arasında heç bir əhəmiyyəti olmur. Bunlar seçkilərə qatılanda da, qatılmayanda da eyni motivdən çıxış edirlər. Ancaq uzun illərin məğlubiyyətlərini bir dəfə də etiraf etmək gücündə də deyillər. Əksinə, xalqı və dövləti günahkar çıxarıb, sonra da Avropanın, Qərbin qucağına atılırlar. Axı onları kim dəstəkləməlidir? Xidmət etdikləri erməni lobbisimi? Çox yəqin ki, bu gün onları danışdıranlar elə Qərbin maraqlarına pul xərcləyən erməni lobbisidir. Elə isə getsinlər öz havadarlarının yanına və onlara nökərçilik etsinlər. Xalq isə kimi dəstəklədiyini yaxşı bilir. Bu baxımdan, boykot oyunlarının bizlərə heç bir aidiyyatı ola bilməz. Bu oyunları kimlər oynayırsa, mütləq uduzacaqlar. Qələbə isə bizimlə - Yeni Azərbaycan Partiyası ilə olacaq. Bizi istəyən qüvvələr bu faktora qətiyyən şübhə etməsinlər.
Ü.ƏSGƏROV
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib