Arzu Nağıyev: "Səfərdən müsbət istiqamətdə hər hansı bir yenilik gözlənilmir"
Müsahibimiz politoloq Arzu Nağıyevdir
- Arzu müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən regiona səfər ediblər. Bu səfərdən gözləntilər nədir?
- Düşünürəm ki, bu səfər də əvvəlkilərin təkrarına çevirilsə, müsbət istiqamətdə hər hansı bir irəliləyiş gözləmək düzgün olmazdı. Məlumdur ki, Minsk Qrupunun həmsədrləri oktyabrın 28-də Azərbaycana səfər edəcəklər. Hazırda Yerevanda olan ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik indi də qaçqınların qayıtması məsələsini ortaya atıb. Təbii ki, Madrid prinsipində bu, öz əksini tapıb. Lakin qaçqınların qayıtması üçün ilk öncə işğal olunmuş ərazilər boşaldılmalı, minalardan təmizlənməli və bir sıra işlər görülməlidir, məhz bundan sonra bu məsələ öz həllini tapa bilər.
- Bu səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi əsas müzakirə olunan mövzulardan ola bilərmi?
- Ceyms Uorlik özü də başa düşür ki, bu, çətin bir proses olacaqdır. Çünki, dekabrın əvvəlində Ermənistanda referendum keçiriləcək (konstitusiya islahatilə bağlı referendum ) və prezidentlərin görüşü referendumdan sonra ilin sonunda təşkil edilə bilər. Referendumun əsas məqsədi isə Sarkisyanın səlahiyyətlərinin azaldılıb parlamentə verilməsidir və yəqin ki, səlahiyyətlər də parlamentə verildikdən sonra cavabdehliyi öz üzərindən atmaq üçün növbəti addım kimi parlamentdən icazə istəyəcək və bu görüşün baş tutmamasına çalışacaqdır. Bir sözlə, müsbət istiqamətdə hər hansı bir yenilik gözlənilmir.
- Sizcə, nə zamana qədər ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcək və səfərdən sonra bəyanatlarla çıxış edəcəklər?
- Zənnimcə, belə hal ATƏT-in Minsk Qrupunun təmsil etdiyi dövlətlərin sırasına başqa dövlətlərin də daxil edilməsi və ya Madrid prinsiplərin müddəalarını həyata keçirənə qədər davam edəcəkdir. Bundan başqa Rusiya Ermənistana havadarlıq etməsini dayandırmasa da, bu məsələ həllini tapan deyil. Ən başlıcası isə bu gün Azərbaycan güc nümayiş etdirmıəklə təcavüzkarı danışıqlar masasına oturmağa vadar etməlidir.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib