Tural Abbaslı: "Bunlar başında Arif Hacılının dayandığı kiçik bir qrupun göstərişidir "
Müsahibimiz Müsavat partiyasının keçmiş divan üzvi Tural Abbaslıdır
- Tural bəy, Pənah Hüseyn iddia edir ki, onun seçki məğlubiyyətinin başlıca səbəbi AXCP və Müsavatın seçkiləri boykot etməsidir. Bizim üçün maraqlıdır, siz də belə düşünürsünüz?
- Bu məsələdə Pənah bəylə tam razılaşa bilmərəm. Çünki məncə, daxili müxalifət namizədlərinin qalib gəlməmələrinin səbəbi başqadır. Bununla belə bəzi partiyaların parlament seçkilərini boykot etmək barədə qərar vermələri də, sadəcə olaraq, seçkidə rəqabətliliyi və aktivliyi azaltdı. Mən inanmıram kı, həmin partiyalar seçkiyə qoşulsaydı, nəsə dəyişəcəkdi.
- Müsavat partiyası sizə dəstək versəydi, seçkidə hər hansı bir uğur əldə edə bilərdinizmi?
- Əvvala, onu qeyd edim ki, mənim və tərəfdarlarımın adı Müsavatın namizədlər siyahısında əvvəlcədən vardı və bu məsələ hamıya aydın idi. Sadəcə olaraq, sonradan bizim Arif Hacılının əleyhdarı olduğumuza görə müxtəlif bəhanələrlə adlarımızı oradan çıxartdılar. Biz də, əsasən gənclərdən ibarət "AĞ Blok" adlı seçki bloku yaratdıq və seçkidə belə iştirak etdik. Düşünürəm ki, 8 namizədlə prossesə qoşulub, 4 namizədi qeydə aldırıb və hər dairədə uğurlu təbliğat aparmamız bizim layihənin uğurundan xəbər verir. Müsavat partiyası məni və namizədlərimizi dəstəkləsəydi, nəyinsə müsbətə doğru dəyişəcəyinə də qətiyyən inanmıram.
- Sizin Arif Hacılı və digər partiya rəhbərliyi ilə olan konfliktiniz nə zamana qədər davam edəcək?
- Mənim şəxsən Arif Hacılıyla heç bir problemim və konfliktim yoxdur. Əksinə, qurultaya qədər partiyada onunla çox yaxşı münasibətlərdə olmuşuq. Sadəcə olaraq, o, qurultayda başqan seçildikdən sonra onun idarəçilik metoduna qarşı çıxmışıq. Biz düşünürük ki, Arif Hacılı partiyanı öz qrup maraqlarına uyğun idarə edir və partiya daxili demokratiyaya əməl etmir, əsasən avtoritar metodlarla partiyanın idarə olunmasına üstünlük verir. Müxtəlif zamanlarda ard-arda verilən yalnış qərarların nəticəsidir ki, Müsavat bu gün böyük faizlə güc və nüfuz itkisinə məruz qalıb. Bu sadaladığım neqativləri aradan qaldırdığı gün mənim onunla heç bir konfliktim qalmayacaq.
- Müsavat MNTK-nın sədri Sevinc Hüseynova iddia edir ki, siz "AĞ Blok"u partiyaya çevirəcəyiniz, təqdirdə partiyadan uzaqlaşdırılacaqsınız. Bunu hədə kimi başa düşmək olarmı?
- Sözün düzü, təvazökarlıqdan uzaq olsa da, mənim hədədən qorxmadığımı onlar da yaxşı bilir. Sadəcə olaraq, belə müsahibələr və çıxışlarla bizi cəmiyyət qarşısında nüfuzdan salmaq istəyirlər. Çünki onlar da bilir ki, mənim istər partiya daxilində, istərsə də cəmiyyətdəki nüfuzum bunların yalnış siyasətləri üçün təhlükədir və mən belə çıxışları təsadüfi hesab etmirəm. Bunlar başında Arif Hacılının dayandığı kiçik bir qrupun göstərişidir.
- Maraqlıdır, nə zaman siz "AĞ Blok"u partiyaya çevirəcəksiniz və bu partiyada daha çox hansı təbəqələrin təmsil olunacağını proqnozlaşdırırsınız?
- "AĞ Blok"un partiyaya çevirilməsi zaman tələb edən uzun və ağır bir prosesdir. Odur ki, biz bu məsələdə tələskənlik etməyin tərəfdarı deyilik. Hələlik, bu istiqamətdə bəzi danışıqlar aparılır və işlər görülür. Əminəm ki, zamanı yetişdikdə, bu partiya siyasi arenaya yeni və güclü qüvvə kimi çıxacaq, illərlə daşlaşmış və heç bir uğur gətirməyən tarazlığı dəyişəcək. Təbii ki, biz çalışacağıq ki, partiya yaranarsa, burada daha çox gənclər təmsil olunsum. Çünki Azərbaycan əhalisinin böyük əksəriyyətini gənclər təşkil edir. Həmçinin, gəncliyin enerjisi, təşəbbüskarlığı, mübarizə əzmi bir çox dəyişikliklərdə əsas rol oynayıb və oynayacaq da. Ancaq bu, o demək deyil ki, partiya yaranacaqsa, orada ancaq gənclər təmsil olunacaq və yaşlı, orta nəsil nümayəndələri olmayacaq. Əminəm ki, zamanı yetişdikdə, biz gəncliyin enerjisi ilə yaşlı nəslin təcrübəsini birləşdirən gözəl bir model ortaya qoya biləcəyik.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib