PDF Oxu

Müsahibə

  • 1 938

YAP - Demokratik və hüquqi dəyərləri özündə cəmləşdirmiş xalqın partiyası

image

Müsahibimiz YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyevdir

- Muxtar müəllim, Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönünü ərəfəsindəyik. Siz ötən illərin təəssüratlarını necə bölüşərdiniz?

- İlk olaraq deyim ki, Azərbaycanda ictimai-siyasi proseslərin inkişafında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) yaranması hələ 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin məntiqi nəticəsi idi. Ötən əsrin 90-cı illərinin əvvəllərində, dövlət müstəqilliyi qazanıldıqdan sonra yaranan partiyalar ölkəni ağır iqtisadi və siyasi böhrandan nəinki qurtara bildilər, əksinə, vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. 1992-ci ildə ölkədə hakimiyyətdə olan siyasi qüvvələrin anormal idarəetmə metodu daxili situasiyanı gərginləşdirməklə yanaşı, gələcək perspektivləri də ciddi təhlükə altına salmışdı. 23 il əvvələ nəzər yetirsək, görərik ki, Azərbaycan o zaman çox ağır vəziyyətdə idi. Ölkə ərazisində gedən müharibə, idarəçiliyin yoxluğu, səriştəsiz insanların rəhbərlikdə olması, daxili qarşıdurma Azərbaycanı parçalanma, vətəndaş müharibəsi təhlükəsi qarşısında qoymuşdu. Vəziyyət o qədər kritik idi ki, hətta Azərbaycan Yer üzündən silinmək təhlükəsi ilə baş-başa qalmışdı. Ayrı-ayrı siyasi partiyaların hər birinin özünün silahlı də dəstələri var idi, hər biri müxtəlif yönümlü siyasət aparırdı. Xalqla bağlılıq, onun iradəsini ifadə etmək, xalqın maraqlarını qorumaq kimi məsələlər həmin vaxt hakimiyyətdə təmsil olunanları qətiyyən düşündürmürdü. Məhz belə bir vəziyyətdə Azərbaycanın tanınmış insanları, görkəmli adamları Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər. Ulu Öndərimiz həmin vaxt Naxçıvan Ali Məclisinin Sədri idi. Hələ 1990-cı ildə Onun Moskvadan qayıdışından sonra da insanlarda artıq bir fikir formalaşmışdı ki, ölkəni düşdüyü burulğanlardan çıxarmağa qadir yeganə siyasətçi Heydər Əliyevdir. Amma o zaman Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədilər. Lakin bu da müəyyən qüvvələri sakitləşdirmir və Heydər Əliyevə qarşı təzyiqlər davam edirdi. Eyni zamanda, istər Bakıda, istərsə də Naxçıvanda Heydər Əliyev tərəfdarlarına qarşı güclü qısqanclıq və onların təqib olunması prosesi başlamışdı. Onların bəziləri işdən çıxarıldılar. Naxçıvanda da bəzi qruplar, bəzi dairələr Heydər Əliyevin əleyhinə iş aparırdılar. Bunlar azmış kimi, 1992-ci ildə Azərbaycan Konstitusiyasına belə bir əlavə olundu ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçilə bilməz. Bu düzəliş də birbaşa Ulu Öndərə qarşı yönəlmişdi. Həmin düzəlişə etiraz olaraq Heydər Əliyevin tərəfdarları 18 gün Ali Sovetin qarşısında mitinq keçirdilər, aksiyalar təşkil etdilər.

Heydər Əliyevin prezidentliyə namizədliyi o vaxt Azərbaycanın 300-dən artıq ayrı-ayrı müəssisə və təşkilatları tərəfindən irəli sürülmüşdü. Çünki o dövrdə hələ siyasi partiyalar formalaşdırılmamışdı. Qanuna görə müəssisə və təşkilatlar da namizəd irəli sürə bilərdilər. Həmin vaxt namizədliyi ən çox irəli sürülən şəxs də Heydər Əliyev idi. Lakin o zaman Mərkəzi Seçki Komissiyası Heydər Əliyevin namizədliyini qeydə almadı. Çünki Konstitusiyaya yaşla bağlı dəyişiklik edilmişdi. Seçkilərdən dərhal sonra Heydər Əliyevin namizədliyini müdafiə edən, yaş senzinə qarşı çıxan adamlara qarşı yeni təzyiqlər dalğası başladı. Onların üzərinə silahlı dəstələr göndərdilər, atışmalar oldu, evlərinə hücumlar çəkildi. Vəziyyəti belə görən, eyni zamanda, Heydər Əliyevi müdafiə edən insanlar fəaliyyətlərini davam etdirmək üçün siyasi partiya yaratmaq qərarına gəldilər. Nəticədə xalqın partiyası - Yeni Azərbaycan Partiyası yarandı.

- Partiyanın yaradılması ölkəyə, xalqa hansı uğurları qazandırdı?

- O zamankı hakimiyyətin təzyiqlərinə baxmayaraq, partiya yarandı və artıq iyun ayında hakimiyyətə gəldi. Yeni Azərbaycan Partiyasının proqramı sonradan dövlətin inkişaf proqramına çevrildi və dövlətin sütunları bu proqram əsasında qurulmağa başladı. Azərbaycanın ən çətin və ağır vaxtında Yeni Azərbaycan Partiyası bütün məsuliyyəti öz üzərinə götürərək dövlətçiliyimizi qorudu. İlk olaraq, Azərbaycanda çox təhlükəli olan bu ənənəyə son qoyuldu, dövlət idarəçiliyinə demokratik ab-hava gətirildi. Bundan sonra iqtisadi islahatlara start verildi. Bu sahədə xeyli iş görüldü. Vaxtilə bütün müəssisələr dağıdılmış, onların texnikaları, avadanlıqları xarici ölkələrə satılmışdı. Ölkədə olan müəssisələr fəaliyyət göstərmirdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu müəssisələrin bərpası, yeni müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması, bir sözlə, bütün sahələrdə islahatların aparılması yönündə geniş fəaliyyət proqramları qəbul olundu və onların icrasına başlanıldı. Ölkəmizdə tənzimlənən bazar iqtisadiyyatı qurulmağa başlandı. Bu, çox geniş bir mənanı ifadə edir. Azərbaycan postsovet ölkələri sırasında torpaq islahatları həyata keçirən ilk dövlət oldu.

1999-cu ildə Yeni Azərbaycan Partiyasının ilk qurultayı keçirildi. Bu qurultaydan sonra partiya həyatında çox böyük dəyişikliklər baş verdi. Həm partiyanın Siyasi Şurasının, həm İdarə Heyətinin tərkibi yeniləndi, Partiya sədr müavinliyi və icra katibliyi kimi yeni strukturun yaranması istiqamətində yeniliklər etdi. Bunun özünün çox böyük əhəmiyyəti vardı. Cənab Prezident, partiyamızın Sədri İlham Əliyev o qurultayda partiyanın Sədr müavini seçildi. Partiyanın operativ idarə edilməsi üçün İcra katibliyi yaradıldı. Beləliklə, YAP yarandğı dövrdən inkişaf və tərəqqi yolunu tutaraq, bütün fəaliyyət prinsiplərini dövlətə, xalqa xidmət üzərində qurdu. Bu gün də həmin ənənə davam etdirilməkdədir.

- Muxtar müəllim, YAP yarandıqda müxalifətdə idi və öz əzmkarlığı və qətiyyəti ilə qısa zamanda hakimiyyətə gələ bildi. Bəs indiki ənənəvi müxalifət necə, hakim partiyanın uğurlarını qazanmaq iqtidarındadırmı?

- Əsla! Bu gün adlarını "ana müxalifət" qoyan tərəflər ümumiyyətlə, hansı siyastə xidmət etdiklərini belə bilmirlər. 23 il bundan öncə necə idisə, elə də qalırlar. Necə deyərlər, yerlərində addımlamaqla siyasi gündəmdə "biz də varıq" deyirlər. Ancaq bununla siyasətdə hər hansı uğur əldə etməyə iddialı olmaq mümkünsüzdür. Digər tərəfdən, yaranandan bir neçə nəfər partiya rəhbərliyini ələ keçiriblər, partiyanı da inkişafa qoymurlar. Ona görə də tənəzzülə uğrayıblar. Götürək AXCP-ni. Baxın, bu partiyanın parçalanmasından sonra onun tərkibindən 8 partiya yaranıb. Elçibəyin müavinlərinin hərəsi özünə bir partiya yaradıb. O cümlədən, Müsavat partiyasında İsa Qəmbərin müavinləri başqa partiyalara qoşulurlar. Müsavatın qurultayından sonra qeyri-legitim başqan olmuş Arif Hacılı idarəçiliyindən sonra isə artıq bu partiyadan əsər-əlamət belə qalmayıb. Sual edə bilərik ki, bu partiyalara niyə yeni üzvlər qəbul olunmur? Cavab bəllidir - çünki bu partiyaların liderləri hər şeyi mənimsəyiblər. Gənclərə meydan verilmir, insanlara fəaliyyət üçün şərait yaradılmır. Noyabrın 1-də keçirilən parlament seçkilərində bir bir daha bunu müşahidə etmişik.

Lakin seçkilərlə yanaşı, öz möhtəşəm qurultaylarını da keçirən YAP hər dəfə bir müsirlik, modernlik ortaya qoymaqdadır. Məslən, Yeni Azərbaycan Partiyasının II qurultayı da bir sıra yeniliklərlə və qəbul olunmuş mühüm qərarlarla böyük əhəmiyyət kəsb etdi. 2001-ci ildə keçirilən II qurultayda cənab Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini seçildi. Bu, partiyanın fəaliyyətinin genişləndirilməsinə çox böyük stimul oldu. Partiyanın boy artımı prosesini təhlil edərkən görürük ki, Cənab İlham Əliyevin YAP Sədrinin birinci müavini seçilməsindən sonra Yeni Azərbaycan Partiyasının sıraları sürətlə genişlənməyə başladı. Xüsusilə, gənclərin və orta nəslin nümayəndələrinin YAP-a üzv olması geniş hal aldı. Hətta biz məcburiyyət qarşısında qalıb üzvlüyə qəbul prosedurunu bir az çətinləşdirirdik.

Yeni Azərbaycan Partiyasının III qurultayında isə Cənab Prezident İlham Əliyev partiyanın Sədri seçildi. Bu, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin başlanğıcı idi. İstər partiyanın idarəetmə sistemində, istər partiyanın beynəlxalq əlaqələrinin genişlənməsində, maddi-texniki bazasının möhkəmlənməsində və partiya həyatının digər sahələrində çox ciddi dəyişikliklər baş verdi.

Partiyanın IV qurultayı isə 2008-ci ildə keçirildi və bu qurultayda bilirsiniz ki, biz Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin prezident seçkilərində namizədliyini irəli sürdük. Qeyd etmək lazımdır ki, Azərbaycan siyasi tarixinin mühüm əlamətdar hadisəsi olan Yeni Azərbaycan Partiyasının V qurultayı çərçivəsində qəbul edilən qərarlar və edilən seçimlər partiyanın gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdi. Belə ki, partiyanın strukturlarına yeni seçimlərin edilməsi təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşımaqla yanaşı, partiyanın fəaliyyətinin stimullaşdırılmasına və səmərəlilik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verdi. Xüsusilə vurğulamaq gərəkdir ki, Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətin qorunması sahəsində çoxşaxəli və genişmiqyaslı fəaliyyət göstərən ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın, idmanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə Azərbaycan cəmiyyətinin hər bir üzvü tərəfindən təqdir olunan Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin müavini seçilməsi əlamətdar hadisə kimi səciyyələndirilməlidir.

Sirr deyil ki, Mehriban xanım Əliyeva həm də millət vəkili kimi təqdirəlayiq fəaliyyəti ilə, Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına töhfə verməklə ölkənin siyasi həyatında aktiv iştirak edir. Bu isə Mehriban xanım Əliyevanın milli maraqlar nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edən ictimai-siyasi proseslərin dinamikasına və müasir müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verməsini göstərir. Beləliklə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti həm müstəqil Azərbaycanın tərəqqisi üçün xüsusi əhəmiyyət daşıyır, həm də dünyada gözəl örnək kimi çıxış edir. Danılmaz həqiqətdir ki, dünya təcrübəsində birinci xanımın ictimai, siyasi həyatda, humanitar sahələrdə bu qədər aktiv olması, beynəlxalq miqyasda ölkənin layiqli təmsilçisinə çevrilməsi hallarına az rast gəlmək olar. Bütün bunlar onu göstərir ki, Mehriban xanım Əliyevanın YAP Sədrinin müavini seçilməsi partiya və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da gücləndirilməsi istiqamətində mötəbər hadisədir.

- Muxtar müəllim, seçkilər mühitini və prosesləri necə qiymətləndirərdiniz?

- Ötən 23 ildə Yeni Azərbaycan Partiyası həqiqətən, çox böyük inkişaf yolu keçib, addım-addım böyüyüb, mərhələ-mərhələ inkişaf edərək bu günümüzə qədər gəlib çatıb. Bu, çox böyük bir hadisədir. Dünya ölkələrinin partiyaları tarixində bu cür sürətlə inkişaf edən partiya demək olar ki, yoxdur. Məsələn hansısa dövlətlərdə müəyyən siyasi partiya bir seçkidə qələbə çalır, sonrakı seçkilərdə məğlub olur. Yeni Azərbaycan Partiyası 1992-ci ildən bu günə qədər keçirilən bütün seçkilərdə qalib gəlib. Yeni Azərbaycan Partiyasının dəyişməz hədəfləri Azərbaycanın daha da güclü olması, xalqımızın daha da yaxşı yaşaması, insanlarımızın xoşbəxt olması, Azərbaycanda vətəndaş həmrəyliyinin güclü olması üçün var qüvvə ilə çalışmaqdır. Biz Azərbaycanda siyasi sistemin daha da təkmilləşməsi üçün müvafiq addımlar atırıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası regionda analoqu olmayan bir partiyadır. Bu gün nəinki bizi əhatə edən dövlətlərdə, hətta başqa dövlətlərdə də Yeni Azərbaycan Partiyası qədər qüdrətli olan, xalqa, dövlətə xidmət edən ikinci bir partiya yoxdur. Ona görə də Yeni Azərbaycan Partiyasına ümumxalq partiyası deyirlər. Burada milliyyətindən, dinindən, sosial mənşəyindən asılı olmayaraq, xalqın bütün nümayəndələri Yeni Azərbaycan Partiyasının üzvləridir.

Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda ölkə ictimaiyyətində dövlət başçımıza olan yüksək rəğbətin heç də təsadüfi olmadığı bir daha aydın görünür. Prezident İlham Əliyevin liderliyi dövründə Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu Öndər Heydər Əliyevin yoludur. Ümummilli Liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu Öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı Ümummilli Liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan Cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Mən bütün YAP üzvlərini, partiyadaşlarımı siyasi təşkilatımızın 23-cü ildönümü münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar, zəfərlər arzulayıram.

yap.org.az

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib