Arzu Nağıyev: "Bunu ölkəmizin bu sahədə apardığı xarici siyasətdə bir qələbə kimi də saymaq olar"
Müsahibimiz politoloq Arzu Nağıyevdir
- Arzu müəllim, AŞPA-nın Parisdə keçirilən iclasında "Azərbaycan sərhədyanı bölgələrinin sakinlərinin qəsdnən sudan məhrum edilməsi" adlı məruzənin qətnaməsini qəbul edib. Bu qətnamənin qəbul edilməsi ilə Ermənistan öz təcavuzkar siyasətindən geri çəkiləcəkmi?
- Təbii ki, belə bir sənədin qəbul edilməsi təqdirəlayiq haldır və bunu ölkəmizin bu sahədə apardığı xarici siyasətdə bir qələbə kimi də saymaq olar. Məlumdur ki, ermənilər belə bir su blokadasına istər sərhədyanı Tovuz, Qazax, istərsə də Tərtər və ona yaxın ərazilərdə suyun verilməməsi ilə, digər yerlərdə isə suyun çirklıəndirilməsi kimi qanunsuz addımlarla əl atırlar. Buna görə də, suvarma əraziləri çətinliklərlə üzləşir. Yəqin ki, qətnamə müəyyən qədər öz təsirini göstərəcək, lakin həmişə olduğu kimi, onun kağız üzərində qalması da mümkündür. Fakt odur ki, dünya ictimaiyyəti bu faktı qəbul edir.
- Həmin sessiyada Ermənistanın Sərsəng bölgəsindən dərhal geri çəkilməsi Ermənistandan tələb edilir. Bu tələb nə dərəcədə Sarkisyan rejimi tərəfindən qəbul ediləcək?
- Sərsəng su andbarı Kəlbəcər və Tərtər rayonunun ermənilər tərəfindən işğal edilən ərazisində yerləşir. İşğalçı qoşunların bu ərazilərdən geri çəkilməsi bir o qədər də real görünmür. Çünki bu ərazi təmas xəttindən aralıdadır. Məhz buna görə də ermənilər həmin ərazidən geri çəkilməyəcəklər. Ola bilsin ki, su hövzəsindən suvarma və digər məqsədlərlə suyu buraxsınlar, lakin bu da qorxuludur. Lazım olan vaxt su verməyən ermənilər suvarma mövsümündən sonra su buraxmaqla ictimiyyəti aldada bilərlər. Bir sözlə, inadırıcı görünmür ki, işğalçı Ermənistan AŞPA-nın qəbul etdiyi qətnaməni qəbul etsin. Bununla bir daha Sarkisyan rejimi dünya birliyinə qarşı çıxmaqdan çəkinmədiyini nümayiş etdirir.
- Dekabrın 1-də Azərbaycan və Ermənistan prezidentlərin Parisdə görüşü keçiriləcək. Bu görüşdən gözləntilər nədir?
- Ermənistan rəhbərliyi atəşkəsi pozmaqda davam edir, beynəlxalq normalara riayət etmir, Dağlıq Qarabağı öz ərazisi hesab edir, ərazi bütövlüyü ilə bağlı beynəlxalq normalara uyğun olmayan bəyanatlar verir. Təbii ki, buna Azərbaycan tərəfi susqun qalmır. Azərbaycan rəhbərliyi də erməni təcavüzünü sərt bəyanatlarla tənqid edir və hətta lazım gəlsə, güc nümayiş etdiriləcəyini söyləyir. Yəni belə bir şəraitdə prezidentlərin görüşü baş tutsa belə, münaqişənin həlli ilə bağlı konkret nəticələrin əldə olunacağı inandırıcı görünmür. Amma Rusiya da, öz növbəsində bu görüşün məhz ABŞ tərəfindən təşkil ediləcəyinə qısqanclıqla yanaşır və buna görə də yəqin ki, görüşün baş tutmamasına və ya konkret nəticənin əldə edilməməsinə çalışacaqdır.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib