Ağacan Abıyev: "Vətəndaşları problemli kreditlərdən xilas etmək lazımdır"
Müsahibimiz millət vəkili Ağacan Abıyevdir
- Ağacan müəllim, Milli Məclisin ötən 5 illik fəaliyyətini necə qiymətləndirirsiniz?
-2010-cu ildən 2015-ci ilə qədər, 5 il ərzində Azərbaycan parlamenti çox mühüm qanunlar, qərarlar qəbul etdi. Həmin qanunlar xalqımızın birbaşa sosial həyatı və dövlətimiz üçün çox əhəmiyyətli olan məsələlərlə bağlıdır. Ötən 5 il ərzində deputatlarımız çox mühüm qanun layihələri irəli sürdülər, komitələrdə, plenar iclaslarda mühüm məsələlər müzakirə olundu. Həm daxili, həm də xarici siyasətimizlə bağlı əsaslı mövqe ortaya qoyuldu. Mən, xüsusilə əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımları, Milli Məclisin bu istiqamətdə gördüyü işləri qeyd etmək istəyirəm. Bu il parlament yeni tərkibdə formalaşdı və inanıram ki, fəaliyyətimiz bundan sonra daha da parlaq olacaqdır. Milli Məclisdə əlavə olaraq 4 yeni komitə yaradıldı, bəzilərinin adı dəyişdirildi. Bu zəruri bir addım idi. Hesab edirəm ki, növbəti beş il üçün də Milli Məclisin fəaliyyəti uğurlu olacaq.
-Gələn il Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək. 2016-cı il digər dünya ölkələri kimi Azərbaycan üçün də həssas il olacaq. Çünki neftin qiyməti durmadan aşağı düşür. Sizcə, belə bir şəraitdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan üçün gözlənilməz nəticələr verə bilərmi?
- Qətiyyən. Əvvəlla, ona görə ki, İslam Həmrəyliyi Oyunlarında iştirak edən dövlətlər xərclərini özləri ödəyəcəklər. Həm də iştirakçı dövlətlərin hamısı güclü dövlətlərdir. Azərbaycanın böyük tədbirlərə ev sahibliyi etməsi ilk hadisə deyil ki. Ölkəmizdə bundan da böyük beynəlxalq tədbirlər keçirilib. Dünya Azərbaycanın gücünə, imkanlarına bələd olub. Təhlükəsiz tədbirlərin keçirilməsi üçün dünya dövlətləri içərisində Azərbaycan ilk yeri tutur və ölkəmizə böyük inam və etimad var. Düşünürəm ki, Azərbaycan bu tədbirin də öhdəsindən layiqincə gələcək. Düzdür, dünyada müxtəlif böhranalr baş verir, neftin qiyməti çox aşağı düşüb, ölkələrdə daxili çaxnaşmalar müşahidə olunur. Amma bu mənfi hadisələrin heç birini ölkəmizdə müşahidə etməmişik. Əksinə, neftin qiyməti aşağı düşdükcə, ölkəməmizin iqtisadi qüdrəti artdı. Çünki Azərbaycan iqtisadiyyatı təkcə neftdən asılı deyil. Ölkəmizdə qeyri-neft sektoru inkişaf etmişdir, böyük sənaye müəssisələri yaradılmışdır, istehsalat sahələri açılmışdır. Hələ Ulu Öndər Heydər Əliyev vaxtilə deyirdi ki, ölkə iqtisadiyyatını neft gəlirlərindən asılı vəziyyətə salmaq lazım deyil. Biz bunun nə qədər uzaqgörən bir siyasət olduğunu indi görürük, dərk edirik.
- Söz-söhbət gəzir ki, əhalinin banklara olan problemli, ödəyə bilmədiyi kreditlərlə bağlı Milli Məclisdə məsələ qaldırılacaq...
- Məncə, bunu etmək lazımdır, çünki banklarla vətəndaşlar arasında yaranan konfliktlərin nəticələri çox ağır olur. Son vaxtlar biz xoşagəlməz hadisələrin şahidi oluruq. Əvvəla, qeyd edim ki, banklar çox yüksək faizlə kredit verir. İkincisi, vətəndaşa kredit verəndə onun gəlirini dəqiq hesablamır. Məsələn, 150 manat maaş alan adama 3000 manat kredit verəndə, problem mütləq ortaya çıxır. Bu kredit tutaq ki, 1 il müddətinə verilir. Vətəndaşın 1 illik maaşı əgər xərcləməsə, yeyib-içməsə, 1800 manat edir. Görün, nə boyda ziddiyyət var. Bundan başqa kredit şərtləri dəyişdirilməlidir. Vətəndaşın götürdüyü kreditin müqabilində girov qoyulmalıdır. Biz əksər hallarda bunun əksinin də şahidi oluruq. Amma düşünürəm ki, məsələ araşdırılmalıdır, həqiqətən də vətəndaş krediti ödəyə bilmirsə, ödəmə imkanı yoxdursa, kredit silinsin. Şəxsən mən bu məsələnin tərəfdarıyam. Biz əksər ölkələrdə bankla vətəndaş arasında yaranan xoşagəlməz hadisələr haqqında eşidirik, oxuyuruq. Ancaq bizdə buna imkan vermək olmaz. Bizim sayımız azdır. Təbii sərvətlərimiz var, dövlətimiz güclüdür. Hər halda vətəndaşları bu problemlərdən xilas etmək lazımdır. Kredit amnistisiyanın tərəfdarıyam.
- Rektor və millət vəkili... Bu vaxta qədər həm rektor, həm də millət vəkili kimi fəaliyyət göstərirdiniz. Bundan sonra isə millət vəkili olaraq... Bu, sizin işlərinizi azaldıb, vaxtınızı çoxaldacaqmı?
- Təbii ki, yox. Belə fikirləşirəm ki, bir adamın iki vəzifədə işləməsi, enerjisini iki böyük işə sərf etməsi alınmır. Ona görə də bundan sonra fəaliyyətimi millət vəkili olaraq davam etdirəcəm. Ancaq məsələ tək bununla bitmir. Gələn ayın 16-da ölkəmizdə turnir keçiriləcək, hazırda hazırlıq işləri görürük. Olimpiya Komitəsi ilə bərabər görüləcək çox işlərimiz var. Yəni düşünmürəm ki, vaxt çox, iş az olacaq. Həmişəki kimi bütün gücümüzlə işləyəcəyik.
Samir
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib