Razi Nurullayev: "Ənənəvi müxalifət və onların liderləri ilə ciddi əməkdaşlıq etməkdə marağımız yoxdur "
Müsahibimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevdir
- Razi bəy, rəhbərlik etdiyiniz Azərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında yaranan problemin həlli ilə bağlı Ədliyyə Nazirliyinin "Məhkəməyə müraciət edin" tövsiyyəsini nə dərəcədə dəyərləndirə bilmisiniz?
- Mübahisəli məsələlər məhkəmədə həll olunur. Yəqin ki, Ədliyyə Nazirliyi də bunu əsas götürüb. Ortada qurultayını keçirmiş və sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmiş iki AXCP var. Hər ikisi ada iddialıdır. Bizim dediyimiz odur ki, Əli Kərimli ciddi nizamnamə pozuntusu edib, qurultaya qədər keçirilən konfranslarda ciddi qüsurlara və nizamnamə pozuntularına yol verib. Bunların nəzərə alınmasını istəyirik. Bunlar aşkar olunandan sonra əsl AXCP-ni bizim təmsil etdiyimiz meydana çıxacaq. Məsələnin mənəvi müstəvisində də haqlı bizik. İstədik-istəmədik AXCP-nin adı Əbülfəz Eçibəylə bağlıdır. Bizim yanımızda olanlar Elçibəyə sadiqlyini sübut etmiş adamlardır, ideyaya, əqidəyə bağlı insanlardır. O biri cəbhədə olanlar isə "Yurd" təşkilatına bağlı şəxslərdir. Mənəvi müstəvidə də haqlıyıq ki, AXCP-nin təmsilçiliyi bizdə olsun.
- Müxalif partiyaların sizlərlə əməkdaşlıqda maraqlı olmasının səbəbini Əli Kərimlinin həmin partiyalar üzərində təsiri ilə əlaqələndirmək olarmı?
- Məsələyə fərqli yanşamaq istərdim. Əslində, bizim ənənəvi müxalifət və onların liderləri ilə ciddi əməkdaşlıq etməkdə marağımız yoxdur. Müxalifət onilliklər ərzində bir cəbhədən digər cəbhəyə, bir yerdən digər yerə, bir məkandan digər məkana, bir blokdan digər bloka köç edib. Lakin nəticə olmayıb. Bu gün də ənənəvi müxalifətin bizim yanımızda olması ilə hər şeyin düzələcəyi fikrindən uzağam. Bizim marağımızda olan siyasətə qatılmayan bacarıqlı və səriştəli insanları sıralarımza qoşmaqdır. O şəxslər ki, onlar hər şeyi ağ və qara görmürlər. Ən kiçik meyar budur ki, onlar rəngləri fərqləndirə bilsinlər. Çünki dünyada ağ və qara rəngdən başqa, qırmızı, sarı, yaşıl, göy, mavi, narıncı, çəhrayı, qəhvəyi və digər rənglər də var. Bununla bərabər, ənənəvi müxalifətdən fərqli olaraq sağlam və rəngləri ayırd edə bilən müətərəqqi gənclik və siyasətçilərlə də əməkdaşlıqda maraqlıyıq. Biz güclənirik. Biz gücləndikcə onlar bizimlə birlikdə olmağa qərar verəcəklər. Hər kəs gücün yanında olmağa üstünlük verir.
- Əli Kərimli ilə AXCP ətrafında yaranan problemlərin çözülməsi üçün hər hansı danışıqlar apara bilərsinizmi?
- Onunla hər hansı danışıq məqbul görünmür. Olsa belə, çözüm olacağına inamım yoxdur. Əli Kərimli ilə görüşümüz və danışıqlarımız partiyasının adını dəyişdirməklə bağlı istəyi olarsa, baş tuta bilər.
- Əli Kərimli iddia edir ki, AXCP ilə bağlı problemi həll etmək üçün Avropa Məhkəməsinə müraciət edəcəklər. Bunu Əli Kərimlinin ənənəvi şantaj metodu hesab etmək olarmı?
- Deyə bilmərəm. Amma, deyə bildiyim odur ki, Avropa Məhkəməsi də ona haqq qazandıra bilməz. Zənnimcə, Avropa Məhkəməsinə müraciət etməsi belə onu lağlağı obyektinə çevirə bilər. Qoy gəlib, hər iki tərəfin sənədlərini və tərkibini yoxlasınlar. Hərçənd ki, bu, mümkün deyil. Avropa Məhkəməsi birmənalı qərar çıxara bilməz. İkincisi, qərar gələnə qədər Əli Kərimlinin siyasətdə önəmli fiqur kimi qalmasına da nəinki mən, heç müavinləri də inanmır.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib