Müsahibimiz Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovdur
- Eldar müəllim, ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən son müşavirə və toplantılardakı fikirlərini necə şərh edərdiniz?
- Prezident İlham Əliyevin Sədrliyi ilə bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında və yanvarın 26-da "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına dair konfrans keçirildi. Təbii ki, bu konfransda dövlət başçısı, xüsusilə sahibkarlığa geniş yer verilməsindən, sahibkarlara şərait yaradılmasından, sahibkarların işləri ilə əlaqədar olaraq görülmüş işlərdən danışdı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 loqistik mərkəzinin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun yaradılması təmin edilib. Göründüyü kimi, bunların hamısı sahibkarlıqda olan işlərdir. Kənd təsərrüfatı sahəsinə verilmiş vergi güzəştləri nəticəsində son 10 ildə 2 milyard manatdan artıq vəsait sahibkarların sərəncamında qalıb. Təbii ki, bu da imkan verir ki, sahibkar öz təsərrüfatını genişləndirsin.
2007-2015-ci illərdə yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrinə və reproduksiyalı toxumlara və tinglərə görə fermerlərə dövlət büdcəsindən 1 milyarddan çox subsidiya verilib. Bu, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Cənab Prezidentin göstərdiyi diqqət və qayğıdır. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005-2015-ci illər ərzində müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınaraq hüquqi və fiziki şəxslərə güzəştli şərtlərlə lizinqə verilməsinə və ya lizinq yolu ilə satılmasına 700 milyon manatdan çox büdcə vəsaiti ayrılıb.
Həmçinin, bu illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş 1,2 milyard manat güzəştli kreditlərin 936 milyon manatı və ya 78 faizi (bu vəsait hesabına yeni açılmış 110 mindən çox iş yerlərinin isə 89 mini və ya 81 faizi) regionların payına düşüb. Bu isə kənd təsərrüfatının və son nəticədə regionların iqtisadi inkişafına imkan verib. Regionların sosial-iqtisadi inkişfına dair qəbul edilmiş iki Dövlət Proqramının icrasına 10 il ərzində 50,7 milyard manat (o cümlədən birinci proqrama 16 milyard, ikinci proqrama isə 34,7 milyard manat) vəsait yönəldilib. Bundan əlavə, regionların sosial-iqtisadi inkişafına dair proqramlarında nəzərdə tutulmayan məsələlərin həllinə Prezidentin müvafiq sərəncamları ilə ehtiyat fondundan 737,4 milyon manat vəsait ayrılıb.
- Son vaxtlar kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımlar, verilən qərarlar ərzaq bolluğunun yaradılması üçün başlıca amil olduğunu necə səciyyələndirərdiniz?
- 2015-ci ildə kənd təsərrüfatında ümumi məhsul istehsalı 6,6 faiz artıb. Bu da kənd təsərrüfatına göstərilən dövlət qayğısının nəticəsidir. Prezident İlham Əliyev ötən ili "Kənd təsərrüfatı ili" elan etmişdir. Keçirilən müşavirədə də sözügedən məsələyə toxunaraq bildirmişdir: "Keçən il "Kənd təsərrüfatı ili"olmuşdur. Ancaq hesab edirəm ki, bu il də "Kənd təsərrüfatı ili"dir. Hər il "Kənd təsərrüfatı ili" olmalıdır. Ona görə belə olmalıdır ki, bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək"
Prezidentin bu fikirləri ölkəmizdə ərzaq bolluğu yaratmaq və bu məhsullara olan daxili tələbatı tam şəkildə ödəməyə xidmət edir. Son günlər bölgələrdə bu istiqamətdə aparılan işlər də müsbət nəticələr verdiyini deməyə əsas verir. Belə ki, Xaçmaz rayonunda "Yalama Aqropark" MMC yaradılıb. 1000 baş sağmal olmaqla, 2500 başlıq müasir heyvandarlıq kompleksi tikilir. Burada gündəlik emal gücü 50 ton olan süd emalı zavodu, 60 hektar sahədə intensiv bağçılıq təsərrüfatı yaradılması nəzərdə tutulur. Eyni zamanda, Bərdə rayonunda "Qarabağ Aqrar-Sənaye Kompleksi"ndə 4200 baş ətlik və südlük heyvandarlıq kompleksi, illik gücü 5,4 min ton ət istehsalı olan ət kəsim və email fabriki, illik istehsal gücü 46 min ton olan yem zavodu, 5 min tonluq logistik mərkəzi inşa edilib. Qəbələ rayonundakı "Aqrokompleks Qəbələ" MMC- də 1750 baş ətlik və südlük istiqamətli heyvandarlıq kompleksində hər inəkdən gündə 25 litr süd sağılır. Burada, həmçinin, cins düyə yetişdirməklə məşğul olunur və ilk dəfə olaraq respublikamızda bu kompleksdə yetişdirilən düyələrdən 32 başı Türkmənistana ixrac olunmuşdur. Qusar rayonunda olan "Qusar Logistika Mərkəzi və Bağçılıq Təsərrüfatı"nda 300 hektar intensiv bağçılıq yaradılmışdır. Burada istehsal olunan məhsullar "Qusar" markası adı altında həm ölkə daxilində satılır, həm də Rusiya və digər MDB ölkələrinə ixrac olunur. Təsərrüfatda inşa edilən Logistika Mərkəzinin tutumunu 30 min tona çatdırmaq nəzərdə tutulmuşdur.
Dövlət başçısı müşavirədə kənd təsərrüfatından danışarkən pambıqçılığın inkişafı ilə bağlı daha ciddi məşğul olmağın vacibliyini vurğulamışdır: "Hesab edirəm ki, biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq. Çünki bu, həm insanları işə cəlb edir, pambıq tarlalarında çox insan işləyəcək, maaş alacaq, eyni zamanda bu valyuta gətirən məhsuldur. Biz həm xam pambıq satmalıyıq, həm də ki, onu ipliyə, daha sonra tekstiylə çevirib ixrac etməliyik. Bu, mütləq olmalıdır. Hesab edirəm ki, pambıq yığanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, indi bir kiloqram pambıq üçün insanlara 42 qəpik ödənilir. Hesab edirəm ki, bu, çox azdır. Bu, əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Pambıqçılıq sürətlə inkişaf etməlidir, həmçinin ttütünçülük və çayçılıq. Bu sahədə də bizim böyük ənənələrimiz var. Sovet dövründə nə qədər pambıq yığılırdı - milyon ton. Çay, tütün. Biz bu sahələri canlandırmalıyıq".
Beləliklə də, dövlət başçısını qeyd etdiyi kimi, pambıqçılığın inkişaf etdirilməsi başlıca amillərdəndir. Bu baxımdan, pambıqçılığın inkişafı böyük sosial və iqtisadi əhəmiyyət kəsb edir.
Müsabəni apardı:
RƏFİQƏ HÜSEYNOVA
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib