Tahir Kərimli: "Pedro Aqramunt da başa düşür ki, yalnız internet səhfələrində və qəzet üzərində müxalifətçilik var"
Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
- Tahir bəy, AŞPA prezidenti Pedro Aqramunt Azərbaycana səfər etdi və müxalifətin arzusunun əksinə olaraq müxalifət liderləri ilə görüşməkdən imtina etdi. Ali qonağın bu mövqeyini müxalifətə verilən dəyərsizlik kimi qiymətləndirmək olarmı?
- AŞPA-nın indiki prezidenti Pedro Aqramunt ayrı-ayrı ölkələrə səfərə gedən zaman adətən müxalifət partiyalarının liderləri ilə də görüşür. Yəni ölkə müxalifəti də Pedro Aqramunt ilə görüşməyi arzulayırdı. Amma Azərbaycan müxalifəti təmsilçilərinin bu arzuları reallaşmadı. Bu da onunla bağlıdır ki, artıq AŞPA-da ölkə müxalifətini ictimai-siyasi münasibətlərə təsiri imkanını heçə sayır. Bir sözlə, Pedro Aqramunt da başa düşür ki, yalnız internet səhfələrində və qəzet üzərində müxalifətçilik var.
- Müxalifəti artıq xarici qüvvələrlə yanaşı yerli və hətta rəhbərlik etdikləri siyasi partiya üzvləri də qəbul etmirlər. Bu baxımdan, hələ də onların sədrlik kreslosunda oturmaları təəccüblü deyilmi?
- Radikal müxalifətdə iki partiya var. Bunlar AXCP və Müsavat partiyalarıdır. Hazırda məhkəmə didişmələri nəticəsində iki yerə parçalanan AXCP və Müsavat süqut mərhələsinə qədəm qoyub. Bunun özü də göstərir ki, bu partiyalar öz dayanıqlıqlarını itirirlər. Yəni düşərgə daxilində liderlikləri qəbul olunmur. Bir sözlə, həmin müxalifət partiyalarında elə şəxslər var ki, həmin şəxslərin düşünülməmiş, səhv siyasətləri nəticəsində ümüumən sıravi üzvlər əziyyət çəkirlər, partiyalar dağılmaq təhlükəsi ilə üzləşirlər.
- AXP sədri Pənah Hüseyn müxalifətin birliyinə nail olmaq üçün partiya sədrləri ilə görüşlərə başlayıb. Sizcə, bunun nəticəsi olacaqmı?
- Pənah Hüseynin partiya sədrləri ilə görüşünün nəticəsi sıfıra bərabər olacaqdır. Əvvəla, AXP sədri Pənah Hüseynin özünün elə bir ciddi partiyası yoxdur ki, o, koordinatorluq rolunu oynasın və öz partiyası hesabına müxalifəti birləşdirsin. Ona görə də, onun cəhdini uğursuz hesab edirəm. Bunu P.Hüseyn də dərk edir. Sadəcə, gündəmdə qalmaq üçün nəticəsiz görünən cəhdini davam etdirir.
- Müxalifətin hələ də formalaşa və güc mərkəzinə çevrilə bilməməsinin səbəbi nədir?
- Birinci səbəb liderlik ambisiyalarıdır. Müxalifətin vahid lideri olmaq iddiaları müxalifəti qara günə qoyub. İkinci səbəb "ana" müxalifət kim olması iddiasıdır. Bununla yanaşı, 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində kimin müxalifətin "vahid namizədi" olacağı savaşıdır. Ümumiyyətlə, müxalifət düşərgəsində təmsil olunan şəxlərin bir-birini təhqir edərək, gözdən salmaq cəhdləri onların bir araya gələrək, güc mərkəzinə çevrilmək istəklərini mümkünsüz edir.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib