PDF Oxu

Müsahibə

  • 1 977

Müxalifət konstruktiv dialoqdan niyə yayınır?

image

Tahir Kərimli: "Səbəb onların heç də müstəqil olmamalarıdır"

Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir

- Tahir bəy, iqtidar-müxalifət dialoqunun keçirilməsi üçün Müsavatın, AXCP-nin şərtlər irəli sürməsi siyasi etik norma və qaydalarına zidd deyilmi?

- AXCP və Müsavatın minnəti olmalıdır ki, iqtidar onlarla dialoqa getsin. Bu gün AXCP və Müsavat hansı gücə sahibdirlər ki, hələ dialoqun keçirilməsi üçün şərtlər irəli sürsünlər. Bu baxımdan, dialoqun keçirilməsi üçün müxalifətin şərtlər irəli sürməsi siyasi- etik norma və qaydalarına ziddir. Demək olar ki, burada iqtidarın müxalifətlə dialoqa getməsi müxalifət qüvvələri üçün bir şansdır. Yəni ki, müxalifətin özünü təsdiqləməsi üçün imkanın yaradılması deməkdir. İ.Qəmbər, A.Hacılı, Ə.Kərimli və digərləri bunu başa düşsünlər, ən azı papaqlarını qabaqlarına qoyub, yaxşı-yaxşı fikirləşsinlər.

-Niyə hər dəfə müxalifət konstruktiv dialoqdan yayınır?

- Müxalifətin konstruktiv dialoqdan yayınmasının əsas səbəbi onların heç də müstəqil olmamalırdır. Müxalifət təmsilçiləri elə hesab edirlər ki, dialoq ondan ötrüdür ki, müxalifətə parlamentdə yer versinlər və yaxud bunları hansısa bir vəzifəyə təyin etsinlər. Bu günə qədər müxalifətlə keçirilən dialoqlarda onlar ortaya ciddi təklif və ya ideya qoya bilməyiblər. Dialoqun baş tutması üçün heç bir şərt irəli sürülməməlidir. Yəni ümumilli məsələlərdə ölkəmizə xeyir verəcək dialoq aparılmalıdır. Amma görünür, müxalifət üçün bu məsələlər maraqlandırmır.

-Müxalifətin pərakəndə və dağınıq olmasının səbəbini liderlərin yanlış siyasət aparmaları ilə əlaqələndırmək olarmı?

- Bu gün müxalifət bitmiş bir vəziyyətdə olduğunu dərk edir. Amma bunu görməzlikdən gələrək, heç nə olmamış kimi davranırlar. Onlar nə qədər acınacaqlı vəziyyətdə olduqlarını gizlətməyə çalışsalar da, lakin bu reallıq özünü açıq şəkildə büruzə verir. Təbii ki, müxalifətin bu günə düşməsinin digər səbəbi də xarici maraqlı qüvvələrdən asılı olmaları və onların göstərişlərinə uyğun fəaliyyətlərini qurmağa çalışmalarıdır. Ümumiyyətlə, müxalifət təmsilçiləri ölkədə nə isə bir hadisə baş verən zaman ondan özlərinin maraqlarına uyğun istifadə etməyə çalışırlar. Buna misal olaraq manatın devalvasiyası vaxtı müxalifətin hay-küy salmasını göstərmək olar. Yəni heç bir siyasi gücləri olmadığı halda yenə də öz yersiz hərəkərlərindən əl çəkmirlər. Belə olan halda, müxalifətin hansı irəliləyişindən söhbət gedə bilər ki? Əlbəttə ki, heç bir irəliləyişindən söhbət gedə bilməz. Çünki müxalifət parçalanma dövrünü başa vurub, məhvolma mərhələsinə qədəm qoyub.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib