Rüstəm Məmmədov: "Ermənistan torpaqlarmızı işğaldan azad etməzsə, o zaman Azərbaycan hərbi varianta əl atacaq"
Müsahibimiz politoloq Rüstəm Məmmədovdur
- Rüstəm müəllim, ATƏT-in Minsk Qrupu fəaliyyətsiz bir quruma çevrilir. Bu baxımdan, bu qurumun vasitəçiliyinə ehtiyac varmı?
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrləri irəliyə doğru heç bir addım ata bilməyiblər. Bu baxımdan da, ATƏT-in Minsk Qrupunu ləğv etmək lazımdır. Çünki həmsədrlər öz üzərinə düşən missiyalarını həyata keçirə bilmirlər. Belə olan halda, onların fəaliyyət göstərməsinin heç bir faydası yoxdur.
- Demək olarmı ki, işğalçı Ermənistanı işğalı davam etdirməyə vadar edən xarici qüvvələrə, xüsusilə də Rusiyaya arxalanmasıdır?
- İşğalçı ölkə olan Ermənistan həm də Rusiyaya arxalanaraq özünü bu cür təcavüzkar aparır. Demək olar ki, Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Təbii ki, Ermənistanın atdığı hər addımında Rusiyanın dəsti-xətti sezilir. Eyni zamanda, Rusiya Azərbaycana qarşı siyasətini yumuşaldıb. Bundan da işğalçı ölkə olan Ermənistan yaman qorxur . İşğalçı ölkə öz dayağını itirməkdən qorxur. Çünki Ermənistan Rusiyadan asılı bir vəziyyətdədir. Hər kəsə bəllidir ki, Ermənistanın bir ölkə kimi var olması Rusiya ilə bağlıdır.
- Deməli, müharibə qaçılmazdır?
- Əgər Ermənistan torpaqlarmızı işğaldan azad etməzsə, o zaman Azərbaycan hərbi varianta əl atacaq. Bu gün söhbət Dağlıq Qarabağın, eləcə də işğal olmuş digər torpaqların güc yolu ilə qaytarılmasından gedir. Çünki artıq bu günə qədər Azərbaycan tərəfi Ermənistana çox şans verdi ki, torpaqlar sülh yolu ilə öz həllini tapsın. Amma işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda daim qeyri-konstruktiv mövqe sərgiləyirdi. Bu baxımdan, bir növ vaxt limiti bitib.
- Niyə beynəlxalq güclər Emənistanın işğalçılıq siyasətinə göz yumurlar?
- Demək olar ki, dünyanın güc dövlətlərinin vecinə deyil ki, Ermənistan burda nə əməllərdən çıxır. Sadəcə olaraq, bu gün dünyanın güc dövlətlərini ancaq öz maraqlarını güdürlər. Təbii ki, bəzi beynəlxalq təşkilatların Ermənistana öz iradlarını bildirməmələri ikili standartlardan irəli gəlir. Bu baxımdan da, dünyanın güc dövlətlərindən Ermənistana təzyiqlərin edilməsi ilə bağlı nə isə gözləmək sadəlövlük olardı.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib