Elşən Musayev: "Müxalifət bir necə səfirin arxasınca düşüb, gizlin otaqlarda separat danışıqlar aparırdı, nəyi isə bölürdürlər və hansısa öhdəlik götürürdülər"
Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir
- Elşən müəllim, "Milli Şura"nın sədri Cəmil Həsənli və şuranın üzvi, AXCP sədri Əli Kərimli Avropanın Azərbaycandakı 20 yaxın ölkənin səfirləri ilə görüş keçirib və görüşdə hər iki partiya lideri ölkəmizin iç məsələləri ilə bağlı xəyanətə, satqınlığa əsaslanan ittihamlar, tənqidlər, şər və böhtanlar səsləndiriblər. Niyə bu şəxslər ölkəmizə qarşı bu cür hərəkətlər edirlər?
- Bu gün "Milli Şura" tam ölü bir qurumdur. Bu qurum yalnız C.Həsənli və Ə.Kərimlidən ibarət bir qurumdur. Digər tərəfdən isə "Milli Şura" yarandığı gündən onların nə təyinatı, nə də məramı olub və məqsədləri isə ortalığa ancaq Azərbaycan əleyhinə iş aparmaq olub. Sadəcə olaraq, bunlar heç vaxt bir siyasi platforma qoymayıblar. Hər zaman kiminsə yedəyi olmağa çalışıblar. Yəni onlara maliyyə yardımı edən bəzi xarici qüvvələrin maraqlarını ifadə etməyə çalışıblar. Bu səfir məsələsinə gəlincə isə, bildiyiniz kimi, 2008 və 2013-cü il prezident seçkiləri ərəfəsində də bu müxalifət təmsilçilərinin belə bir təşəbbüsü var idi. Yəni müxalifət bir necə səfirin arxasınca düşüb, gizlin otaqlarda separat danışıqlar aparırdı, nəyi isə bölürdürlər və hansısa öhdəlik götürürdülər. Bir sözlə, bunların xisləti budur. Bir vaxtlar diplomatik nümayəndələrlə görüşlərində, həmin Ə.Kərimli bir necə radikal müxalifət təmsilçisi ilə beynəlxalq təşkilatlara yazılı şəkildə öhdəlik, razılıq vermişdilər ki, lazım gələrsə, hakimiyyətə gələcəkləri təqdirdə, Qarabağ məsələsinin üzərindən ötməyə tamamən hazırdılar. Yəni Qarabağı tamamən birmənalı şəkildə ermənilərə peşkeş etməyə hazırdılar. Bunlar öz vicdanını, azərbaycançılığını, kimliyini və mənliyini bu şəkildə itirmiş adamlardır. Bir sözlə, bir hakimiyyət uğuruna, şəxsi məqsədləri uğuruna və öz siyasi ambisiyaları uğuruna hər şeyi satmağa hazırdılar, hətta torpaqı belə. Bu baxımdan, belə adamlardan heç nə gözləmək olmaz. Ümumiyyətlə, bu cür xislət və xarakter daşıyan adamların elə fəaliyyəti də bu cür olmalıdır. Onlar heç vaxt azərbaycanlı adına layiq olmayıblar.
- Sizcə, qaçqın düşərgələrinə getməyən, işğal altında olan ərazilərmizlə bağlı heç bir mövqe ifadə etməyən səfirlərin satqınlığa meyil göstərən müxalifət liderləri ilə görüşüb, müxtəlif məsələlər ətrafında müzakirələr aparmaları nədən irəli gəlir?
- Aprel ayında cəbhədə baş verən hadisələrdən sonra nə Azərbaycanda təmsil olunan diplomatik nümayəndə, nə də özünü radikal müxalifət elan edən "Milli Şura", ümumiyyətlə, cəbhə bölgəsində olmayıb. Yəni Dağlıq Qarabağla bağlı heç bir konkret mövqe sərgiləməyib. Yalnız və yalnız sosial şəbəkələr üzərindən boş-boş hərdəmxəyal və yuxuda gördükləri fantazıyalarından və ilüziyalarından doğan hadisələri işıqlandırmaqla məşğul olublar. Bir sözlə, yalnız kompyuter arxasında oturub, siyasət yönəltmək olmaz. Yəni bu cür distansion siyasət dünyanın heç bir yerində görünməyib. Bunlar nə işlə məşğuldular? Əvvəla, bütün beynəlxalq təşkilatlara və beynəlxalq media qurumlarına bir başqa adlarla özləri yazdıqları mətnləri donos formasında ötürürlər. Səfirlərə, onların nümayəndələrinə, matəm mesajları verirlər, güya bunların hüquqları pozulub. Dağlıq Qarabağla bağlı son dərəcə sərt mövqe nümayiş etdirməkdədirlər. Praqmatik düşüncələri yoxdur. Ümumiyyətlə, Dağlıq Qarabağla bağlı, Azərbaycanın bu gün həyata keçirdiyi siyasətlə bağlı hər hansı bir ittiham irəli sürməyə bunların haqqı yoxdur. Bu məsələlərdə ən son olan insanlar bunlardır. Bir sözlə, bunlar ancaq sosial şəbəkə qəhrəmanıdırlar.
- Sizcə, Ə.Kərimli və C.Həsənli xarici qüvvələrlə itirmiş olduqları əlaqələrini səfirlərlə görüşlərində bərpa edə biləcəklərmi?
- Heç bir halda müxalifət təmsilçiləri xarici qüvvələrlə itirmiş olduqları əlaqələrini bu cür görüşlərin keçirilməsi ilə bərpa edə bilməzlər. Çünki həmin səfirlərin özləri də bu müxalifət təmsilçilərini çox gözəl tanıyır. Çünki xarici qüvvələrin, müxalifət təmsilçilərinə ayırdıqları maliyyə yardımlarını müxalifətçilər tamamilə batırıblar. Ümumiyyətlə, bu cür şəxslərin heç vaxt siyasətdə hansısa bir nüfuzu ola bilməz.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib