Arzu Nağıyev: "Qondarma "erməni soyqırımı"nın Almaniya tərəfindən tanınması Türkiyə ilə münasibətdə gərginliyə səbəb olacaq"
Müsaibimiz politoloq Arzu Nağıyevdir
- Almaniya parlamenti qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul edib. Bu qərar faşizm ideologiyasının Almaniyada baş qaldırmağa başladığından xəbər vermir ki?
- Mən bunun faşizm ideologiyası olduğunu deməzdim. Ancaq millətçilik ideologiyası, avroskeptiklərin ideologiyası olduğunu deyərdim. Almaniya Bundestaqı gələcək nəsilləri müəyyən qədər çətinliklərə saldı. Çünki ermənilərin əsas məqsədi Almaniyanı da o vaxt Osmanlı imperiyasının müttəfiqi kimi müəyyən cavabdehliklərə sürükləmək idi.
- Qondarma qərarın qəbul edilməsində Angela Merkeli ititiham edir və onu Hiterin davamçısı hesab edirlər. Oxşarlıq və əsas varmı?
- Almaniya, təəssüf ki, bu addımı atdı. Düşünürəm ki, bu addımı atmaqla Almaniya özünü də bu çirkin oyuna saldı. Ancaq bu, heç də tək Angela Merkellə bağlı məqam deyil. Bundestaqın üzvləri arasında millətcə türk olan deputatlar da var və onlar da səsvermədə iştirak ediblər. Almaniyada böyük bir türk diasporu var və bunlar real seçicilərdir. Bu gün siyasi ambisiyalara uyub, müəyyən qərarlar verən siyasətçilər bunun sabahını və daha doğrusu, gələcək nəsilləri də düşünməlidirlər.
- Sizcə, nəyə görə Türkiyə, ümumilikdə türk dünyası Avropanın hədəfinə çevrilib? Ermənipərəst siyasət nədən qaynaqlanır?
- Məlumdur ki, bu "tanınma"nın əsas səbəbi, nəyin bahasına olursa-olsun, Türkiyəni Avropa İttifaqına qəbul etməmək planıdır. Almaniya bundansa miqrant problemini sonra necə həll edəcəyi haqqında düşünməlidir. Türkiyə və Almaniya NATO kimi hərbi blokda təmsil edilirlər. Bunların hamısı münasibətlərə təsir edəcək başlıca amillərdir.
- Haqsız mövqeyə əsalanaraq nə dərəcədə demək olar ki, Avropa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tuta bilər?
- Düşünürəm ki, biz Türkiyə ilə dost və strateji əməkdaş olan dövlətlərik və bunun da təsiri özünü büruzə verir. Unutmaq lazım deyil ki, məhz Dağlıq Qarabağ münaqişəsinə görə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsib və sərhədlərini bağlayıb. Bundan başqa münaqişənin həlli ATƏT -in Minsk Qrupuna həvalə edilib və Almaniya bu gün ATƏT-ə sədrlik edir.Təbii ki, qondarma "erməni soyqırımı"nın Almaniya tərəfindən tanınması Türkiyə ilə münasibətdə gərginliyə səbəb olacaq. Eyni zamanda, Türkiyənin atacağı addimlardan çox şey asılı olacaq. Təbii ki, Azərbaycan öz müstəqil siyasətini yurudən dovlətdir, lakin buna baxmayaraq, münasibətlərdə müəyyən korrektələr edilə bilər.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib