Tahir Kərimli: "Ağlı başında olan insanlar heç vaxt bunların arxasınca getməz"
Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
- Tahir bəy, müxalifət mətbuatının iddiasına görə yaxın vaxtlarda Rəsul Quliyevlə Əli İnsanovun timsalında müxalifətin yeni birliyi yaranacaq. Bu birliyin yaradılması nə dərəcədə mümkündür?
- Rəsul Quliyevlə Əli İnsanov birliyinin yaranacağı inandırıcı görünmür. Bu, ancaq onların arzusu ola bilər. Əvvəla, nə R.Quliyev, nə də Ə.İnsanov tərəfindən bu cür şəxsi bəyanatlar səslənməyib. Bu baxımdan da, bu cür birlik məsələsinin gündəmə gəlməsi müxalifətin versiyasıdır. Digər tərəfdən isə, tutalım, R.Quliyev ilə Ə.İnsanov belə bir birliyi yarandı. Onda o birlik nə edəcək? İndiki vaxtda sosial bazası olmayan hər hansı bir qüvvə uğur qazana bilməz. Çünki bu günə qədər bu qüvvələr hər hansı bir ideya ilə çıxış etməyiblər və bundan sonra da edə bilməzlər. Bir sözlə, ağlı başında olan insanlar heç vaxt bunların arxasınca getməz. Bu mülahizəyə əsaslanaraq, əksər müxalif partiyalar, o cümlədən Müsavat və AXCP parçalanmalara məruz qalırlar. Bu proses bundan sonra da davam edəcək. Çünki onların başında yarıtmaz siyasət yürütmələri ilə tanınan A.Hacılı və Ə.Kərimli dayanırlar.
- Sizcə, nəyə görə ancaq parçalanmalar, qopmalar A.Hacılının, İ.Qəmbərin və Ə.Kərimlinin rəhbərlik etdiyi təşkilatlarda müşayiət olunur?
- Məhz parçalanmaların, qopmaların A.Hacılının, İ.Qəmbərin və Ə.Kərimlinin rəhbərlik etdiyi təşkilatlarda baş verməsinin səbəbi onların milli və dövlətçilik maraqlarına zidd siyasət aparmalarıdır. Bu qüvvələr özlərini doğrultmadılar. Bir sözlə, bunlar təşkilati cəhətdən hədsiz dərəcədə zəifləyiblər. Belə olan halda, təbii ki, parçalanmalar və qopmalar adları çəkilən şəxslərin partiyalarından olmalıdır. Ümumiyyətlə, müxalifətin zəifləyərək, bu duruma düşməsi onların şəxsi ambisiyalarının olmasından irəli gəlir. Demək olar ki, bu şəxlər üçün şəxsi maraqlar partiya maraqlarından üstündür.
- Müxalifətin xarici qüvvələrdən asılılığının səbəbi nədir?
- Hər zaman müxalifət düşərgəsində təmsil olunan qüvvələr öz ümidlərini xaricdə olan qüvvələrə bağlayırlar. Özlərini reklam etmələrinin səbəbi öz varlıqlarını xaricdə olan qüvvələrə bildirməkdir. Demək olar ki, bunlar hər hansı konkret bir təşkilati iş apara bilmirlər. Yəni reallığı özümdə əks etdirməyən hadisələrdən öz maraqları üçün istifadə etməklə kifayətlənirlər. Onların bu cür hərəkətləri heç vaxt onlara baş ucalığı gətirməyəcək. Demək olar ki, müxalifət qüvvələri əsas mənbə kimi xaricə baxırlar.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib