PDF Oxu

Müsahibə

  • 2 015

"Azərbaycanı yüksək arzulara nail olmaq üçün tərk etmək olmaz"

image

Müsahibimiz Azərbaycanın əməkdar rəssamı, YUNESKO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki Sakit Məmmədovdur

- Sakit müəllim, bu gün azərbaycanlı rəssam kimi adınız, əsərləriniz sərhədləri aşaraq, demək olar ki, dünyanın bütün qitələrində nümayiş olunur. Sənətsevərlər tərəfindən yaradıcılığınıza olan bu münasibət nə ilə bağlıdır?

- Belə münasibətin yaranması illərin məsafəsində mümkün olub. Sənətdə heç vaxt yorulmamışam, daim yaradıcılıq yolumu düşünmüş və axtarışlarımı davam etdirmişəm. Mən həmişə deyirəm ki, alın yazısını bəzən alın təriylə yumaq olar. Tanrı hər şeyi görür və qiymətləndirir. Rəssamlıq sənəti çox ağır peşədir. Tamaşaçı burada həm rəngi, həm obrazı, həm də hissləri görə bilir. Bunun üçün istedad və zəhmət tələb olunur ki, sənətsevər əsərindən ideyanı dərk edə bilsin və əsərlərindəki rənglər insan düşüncəsinə təsirini göstərsin, tamaşaçı ruhuna öz mənəvi dünyanı yaxınlaşdırmağı, bir sözlə, sənət əsəri ilə danışmağı bacarmalısan. İndi dünyaya açıq qapıdır. Hər kəs sevdiyini, bəyəndiyini qəbul edir. Moskva radiosunun aparıcısı mənə sual verəndə ki, gənclərə, bu peşəni seçənlərə nə arzu və ya tövsiyə edərdiniz, sualını belə cavablandırdım: "kimsə çətinliklə üzləşəndə, yaşadığı ölkədən çıxıb getmək, seçdiyi peşədən ayrılmaq istəyir. Mən onlara deyərdim ki, sənətkar öz işi ilə davamlı məşğul olmalıdır, doğulduğu məkanda yaşayıb-yaratmalıdır. Azərbaycanı heç kəs yüksək arzulara nail olmaq üçün tərk etməmələdir. Uğur səni elə vətənində tapacaqdır". İnandırım sizi ki, Sinqapurda, Avstiraliyada, Yaponiyada belə mənim xəbərim olmadan əsərlərimin sərgisi təşkil olunur. Sinqapurun 70% əhalisi mənim yaradıcılığımla tanışdır. Mən onlara əsərlərimi təqdim etmirəm. Bu, onların yaradıcılığa, əsərlərimidəki fikir və rənglərlə ifadəyə olan marağıdır. Bu gün əsərlərim şəxsi kolleksiyalarda, Vatikan Muzeyində, Sinqapurda "Opera" Qalereyasında və başqa ölkələrin muzey və qalereyalarında saxlanılır. ABŞ, Belçika, Almaniya, İtaliya, Fransa, Türkiyə, Rusiya, İsveç, Polşa, Avstriya və digər ölkələrdə əsərlərim sərgilənib. Yaradıcılığa başladığım ilk illərdə isə, sadəcə olaraq, bunlar arzu idi. Yaxın zamanda isə Parisdə, Portuqaliyada və Sinqapurdpa fərdi sərgilərim təşkil ediləcək.

- Azərbaycanı əks etdirdiyiniz tablolar xarici ölkələrdə necə qarşılanır?

- Azərbaycanın təsvirinə yaradıcılığımda geniş yer ayırmışam. Bütün sərgilərdə bu mövzuya xüsusi önəm verirəm. Ölkəmizin zənginliyini əks etdirən əsərlərimlə, Azərbaycan haqqında olan həqiqətləri dünya sənətsevərinə təqdim etməklə, ölkəmizin maddi-mənəvi dəyərlərinin təbliğinə xüsusi həssaslıqla yanaşırım. Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyində Vindzor Qəsrində kraliçaya təqdim etdiyim "Cıdır düzü" əsərimdə Azərbaycan haqqında böyük bir təssəvür yaratmağa çalışmışdım. Bu əsərdə Azərbaycanın böyük bir təsviri vardı. Azərbaycanın dalğalanan üçrəngli bayrağı, Azərbaycan muğamı, Qarabağ atları, Azərbaycan xalçası və s. maddi-mənəvi dəyərlərimizi, bütövlükdə, Azərbaycan rəngini, palitrasını açıq-aydın dünya sənətsevərinə təqdim edir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mənim Roma Papası II İohann Pavelin portretini Azərbaycanın adından Vatikana hədiyyə edib. Bütün bunlar elə Azərbaycanı tanıtmaq məqsədi güdür.

- Sakit Məmmədovun ismi dünyada opalizm üslubunun özülünü qoymuş bir məktəbin yaradıcısı kimi də hallanır. Belə bir üslubun təməlinin qoyulması nə ilə bağlıdır?

- Bu üslubun yaranmasına səbəb opal daşı ilə bağlı olan bir anlamdır. Opal daşı mənim ən çox sevdiyim daşdır. Müalicəvi, ilhamlandırıcı xüsusiyyəti ilə insanların zövgünü oxşayan bu daşın rəngləri mənim yaratdığım əsərlərdə öz əksin tapır. Opal daşını mənim əsərlərimlə yanaşı qoyanda kompozisiya yaranır. Opalda mövcud olan isti rəng çələnginə mən uşaqlıqdan vurğunam. Tanrının təbiətə bəxş etdiyi rənglər rəssamın fırçasından tablolara köçürülür və mən də bu daşın rəng çalarlarından aldığım gözəllikləri əsərlərimə gətirdim və beləliklə, yeni bir üslubun dünayda yaranmasına səbəb oldu.

- Uzun illərin məsafəsində yaranan yaradıcılıq yolu, rənglərin dili ilə yüksək peşəkarlıq nümayiş etdirməyiniz beynəlxalq mükafatlara, adlara layiq görülməyinizə səbəb olub. Bu günlərdə isə daha bir mötəbər titulun - Vatikan Zadəgan Heraldika Akademiyası qraf titulunun sizə verilməsi barədə qərar qəbul edib.

- Bəli, mənə müxtəlif beynəlxalq mükafatlar təqdim olunub. Ümumiyyətlə, yaradıcılığım boyu dünya ölkələri tərəfindən bir çox mükafat və adlara layiq görülmüşəm. Leonardo da Vinçi medalına, "Avropanın şərəfi" ordeninə, Rusiyanın nüfuzlu "Minilliyin adamı" mükafatına, Malta Beynəlxalq mükafatına, Serbiya Kral Akademiyasının Dövlət mükafatına və s. layiq görülmüşəm. Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvüyəm. Bu günlərdə Avropa Təbiət Elmləri Akademiyası isə məni Konrad Adenauer yubiley medalı və diplomu, alman rəssamı Albrext Dürer medalı və diplomu ilə təltif edib. İnanın ki, bu sonuncu mükafata - Vatikan Zadəgan Heraldika Akademiyası qraf titulu verilməsi mənim üçün çox gözlənilməz oldu. Onlar mənim yaradıcılıq yolumu izləyirdilər. 43 nəfər namizəd sırasından mənə bu titulun verilməsi yaradıcılıq yoluma böyük qiymətdir. Mənim üçün isə ən böyük fəxri ad, həmişə demişəm, yenə də vurğulayıram: Azərbaycan vətəndaşı olmaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib