Niyaməddin Orduxanlı: "Əli Kərimli ilə İsa Qəmbər heç axirətdə də barışa bilməzlər"
Müsahibimiz BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlıdır
- Niyaməddin bəy, AXCP ilə Müsavat arasındakı düşmənçiliyin gərgin xarakter alması onların birgə aksiya keçirmələrinə imkan vermədiyini demək olarmı?
- AXCP ilə Müsavat arasında olan düşmənçilik bu günün deyil, 25 ilin düşmənçiliyidir. Demək olar ki, onların bir-birinə patolojı nifrəti mövcuddur. Ə. Kərimli ilə İ. Qəmbər heç axirətdə də barışa bilməzlər. Bu nifrətin kökündə birinin digərindən üstün olmaq iddiası dayanır. Onların hər biri özünü lider hesab edir. Düşmənçilik də bu iddia səbəbindən yaranır. Ə.Kərimli hesab edir ki, İ.Qəmbər olmasa o radikal müxalif düşərgəsinin lideri ola bilər. Digər tərəfdən də İ.Qəmbər düşünür ki, Ə.Kərimli ona dağıdıcı düşərgənin "ana" müxalifət lideri olmağına maneçilik törədir. Artıq Ə. Kərimli ayın 11-də öz möhürünü vurdu ki, bəli, bunların nifrəti, düşmənçiliyi barışmazlıq və barışmaları qəti mümkün deyil. Yəni bir gün qabaq Ə.Kərimli mini-mitinq təşkil etməklə, göstərmək istədi ki, Müsavat adında bir partiyanı və ümumiyyətlə, müxalifətin varlığını qəbul etmir.
- Ə.Kərimlinin təşkil etdiyi mini-aksiyada müxtəlif dini cərəyanların nümayəndələri də iştirak edib. Sizcə, siyasi partiyanın hansısa radikal dini qurumla birgə aksiya keçirməsi nədən irəli gəlir?
- Hal-hazırda Ə.Kərimli eyforiyaya qapılıb. Bildiyiniz kimi, bir neçə ay bundan öncə, Nardaran qəsəbəsində din adı altında gizlənmiş bir qrup terrorçu şəbəkəsi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən ifşa olundu. Demək olar ki, Ə.Kərimlinin mitinqində də, məhz Nardaranda gizlənən və ölkəmizdə pozucu aktları törətmək istəyən "dindar" şəxslər toplaşmışdı. Yəni aksiyada daha çox çarşabda olan insanlar və özünü dindar kimi təqdim edən şəxslər iştirak edirdilər. Konkret olaraq, T. Bağırzadənin və İranın təsiri altında olan insanların nümayəndələri iştirak edirdi. Heç də təsadüfü deyildi ki, Ə.Kərimli də mitinqdə, xüsusən, dindar elektorata müraciət edirdi.
- Artıq faktlar onu təsdiq edir ki, Ə.Kərimlinin keçirdiyi aksiyada pulla ələ alınan muzdlu şəxslər çoxluq təşkil edib. Sizcə, pulla nəyə isə nail olmaq olarmı?
- Mətbuatda kifayət qədər faktlar qeyd olundu ki, bəzi maraqlı xarici dairələr, mitinqin keçirilməsi üçün "Milli Şura"ya böyük məbləğdə maliyyə vəsaiti ayırıblar. C.Həsənli və Ə.Kərimli Qərbin Azərbaycandakı səfirləri ilə gizli görüşlər keçiriblər. Hiyləgərliyi ilə seçilən Ə.Kərimli səfirlərdən mitinq adı altında pul da qopara bilib. Dilənçilik Ə.Kərimlinin həyat amalı, işi və fəaliyyətidir. Aldığı pullardan müəyyən hissəsini muzdlu mitinqçi cəlb etməyə xərclənib. Bu isə "Siyasi partiyalar haqqında" Qanunun tələblərinə ziddir. Ə.Kərimli, məhz bu əməlinə görə məsuliyyətə cəlb olunmalıdır.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib