Teyyub Qənioğlu: "Leyla Yunus başdan-ayağa anti-Azərbaycan ruhunda tərbiyə alan və böyüyən bir insandır"
Müsahibimiz Təkamül partiyasının sədri Teyyub Qənioğludur
- Teyyub bəy, xaricdə olan "hüquq müdafiəçisi" Leyla Yunus Nardaran hadisələrinin ideoloqu Taleh Bağırzadəyə məktub göndərərək, onun separatçı hərəkətlərini və addımlarını dəstəklədiyini bildirib. Leyla Yunusun bu əməli sifarişli xarakter daşıdığını demək olarmı?
- Azərbaycan ictimaiyyətinə Leyla Yunusun kim olduğu bəllidir. L.Yunusun Azərbaycan xalqı və dövləti əleyhinə apardığı təbliğat kampaniyası ermənipəst qüvvələrin ölkəmizə qarşı törətdiyi məkrli əməllərdən heç də fərqlənməyib. Az da olsa o, törətdiyi əməllərin cəzasını aldı. Ancaq həbsdən azad olunmasına görə, təşəkkürlər etmək əvəzinə, yenə də xarici havadarlarının istəklərini yerinə yetirməyə cəhdlər göstərir. Söz yox ki, onun pozucu əməlləri sifariş xarakteri daşıyır. Çünki L. Yunus sifarişlə işləyən bir şəxsdir. Bu baxımdan da, bu adamın separatçılara dəstək verməsindən təəccübləməyə dəyməz.
- Leyla Yunus və onun kimilərin separatçılığı dəstəkləmələri, pozuculuğa xidmət edən açıqlamalar və bəyanatlar vermələri nədən irəli gəlir?
- AXC-Müsavat hakimiyyəti dövründə o, müdafiə nazirliyində şöbə müdiri işləyib. Haqqında təsdiqini tapan əsaslı iddialar və ittihamlar səslənmişdir. Sübuta yetirildi ki, L.Yunus müəyyən hərbi sirləri də xaricə ötürürdü. Bir sözlə, bu şəxsin fəaliyyəti antimilli istiqamətə yönəlib. Bu gündə həmin fəaliyyətini davam etdirir. Demək olar ki, L.Yunus başdan-ayağa anti-Azərbaycan ruhunda tərbiyə alan və böyüyən bir insandır.
- Maraqlıdır ki, Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı da öz fəaliyyətlərində dövlətçiliyimizə qarşı qərəz nümayiş etdiriblər. Bu baxımdan, demək olarmı separatçılıq eyni mərkəzdən idarə olunur?
- Ümumiyyətlə, müxalifət dairələrinin xaricdən və digər fondlardan maliyyələşdiyi sirr deyil. Yəni heç bir yerdə işləməyən, amma partiya saxlayan, maddi cəhətdən geniş imkanlara malik müxalif partiya sədrləri var. Söz yox ki, onlara maddi və mənəvi dəstəyi xarici fondlar, Azərbaycanın əldə etdiyi uğurları gözü götürməyən Qərbin, ABŞ-ın məkrli qüvvələri ayırırlar. Bu baxımdan, Müsavat, AXCP kimi partiya funksinerləri xarici qüvvələrdən asılı vəziyyətə düşüblər. Dağıdıcı müxalifətin mini-aksiyalar keçirməsi, populist bəyanatlar, separatçı çağırışlar səsləndirməsinin sifarişçiləri, məhz xarici qüvvələrdir. Amma birmənalı şəkildə demək olar ki, bu cür hərəkətlər onlara başucalığı gətirməyəcək. Əksinə, bu şəxsləri daha da gözdən salacaq. Yaxşı olardı ki, müxalif partiya sədrləri bu cür yersiz hərəkətlərindən əl çəksinlər.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib