PDF Oxu

Müsahibə

  • 3 611

Sahibkarlıq və biznes mühitinin inkişafı ölkəmizin tərəqqisinə xidmət edir

image

Gülnarə Abdullayeva: "Sahibkarlar öz güclərini Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə, ölkəmizin daha da qüdrətlənməsinə səfərbər edirlər"

Ölkəmizdə özəl bölmənin formalaşıb yeni inkişaf mərhələsinə daxil olması, bu təməllərin formalaşması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Dahi Öndər Azərbaycanda hakimiyyətə yenidən qayıdışı zamanı sahibkarlığın tərəqqisinin diqqətdə saxlanılacağını bəyan etdi: "Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyənləşdirmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir".

Bu gün çoxsaylı insanlar var ki, özəl sektorlarda fəaliyyət göstərərək, ölkəmizin iqtisadi inkişafına öz töhfələrini verməkdə davam edirlər. Onlardan biri də xanım sahibkar, Gülnarə Abdullayevadır. Ondan müsahibə götürərək, sahibkarıq fəaliyyəti və gələcək planları, eləcə də, ölkəmizdə sahibkarlara göstərilən diqqət və qayğı, perspektvlər barədə söhbət etdik...

- Gülnarə xanım, neçə ildir sahibkarlıq fəaliyyəti göstərirsiniz və fəaliyyətinizdən razısınımzı?

- İlk öncə "SƏS" qəzetinə, eləcə də, "SƏS" İnformasiya Agentliyinə öz minnətdarlığımı bildirmək istərdim ki, biz sahibkarların fəaliyyətini işıqlandırır və dövlətimizin bu istiqamətdə apardığı məqsədyönlü siyasətini təbliğ edirsiniz. Sualınıza cavab olaraq, bildirmək istərdim ki, mən artıq 16 ildir ki, sahibkarlıq fəaliyyəti göstərirəm. Bu sahəyə gəlməmişdən öncə, çox düşündüm. Çünki öz timsalımdı da olsa, bir xanımın belə bir böyük yükün altına girməsi mənə bir az çətin görünürdü. Ancaq ölkəmizdə sahibkarlıq mühitinin inkişafına, göstərilən dövlət dəstəyinə güvənərək işə başladım. Fəaliyyətimi meyvə və tərəvəz üzrə idxal ticarəti istiqamətində qurdum. Artıq ötən müddətlərdən fərqli olaraq, bu gün fəaliyyət sferam genişlənib və qarşıda daha böyük işlər quraraq, ölkəmizin iqtisadiyyatının inkişafına öz töhfələrimi vermək istəyindəyəm. Çünki Prezident İlham Əliyev Cənablarının ölkəyə rəhbərlik etdiyi müddətdə iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri olan sahibkarlığın inkişafına daha çox önəm verilir. Məhz elə buna görə də biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşıb, müvafiq qanunvericilik bazası təkmilləşib, inzibati prosedurlar sadələşib.

Həmçinin, vergi güzəştlərinin tətbiqi, iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin gücləndirilməsi nəticəsində, Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib. İş adamlarına güzəştli kreditlər verilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar bizləri sevindirən müsbət məqamlardır.

- Fəaliyyətiniz dövrü ərzində ölkə iqtisadiyyatına təxminən nə qədər səmərə verə bilmisiniz?

- Bu yaxınlarda apardığımız hesablamalara görə, təxminən 1 milyarddan artıq səmərəmiz olub.

- Gülnarə xanım, bildiyimiz kimi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən biznes mühitinin şaxələnməsi üçün kifayət qədər güzəştli kreditlər verilir. Siz də bu güzəştli kredit sistemindən istifadə edirsinimzi?

- Hələlik, bu xidmətdən istifadə etməmişəm. Ancaq qarşıdakı dövr ərzində bundan yararlanmağı düşünürəm. Bilirsiniz, mən çox istəyirəm ki, yeni iş yerlərinin açılmasında mənim də töhfəm olsun. Çünki insanların işlə təminatı gələcəkdə əldə etdikləri gəlirlərdən onların da faydalanmasına, iş qurmalarına səbəb ola bilər. Ona görə də, iş çevrəmi böyütmək üçün dövlətimizin sahibkarlar üçün yaratdığı bütün imkanlardan istifadə etmək niyyətindəyəm.

- Dövlət başçısı İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırması istiqamətindəki siyasəti barədə nə deyərdiniz?

-Kimsəyə sirr deyil ki, son illər dünyada kəskin iqtisadi böhranlı vəziyyət hökm sürməkdədir. Azərbaycanda mövcud olan dayanıqlı sistem həmin böhranın ölkəmizə digər ölkələrdən daha az təsir görməsi isə, əlbəttə ki, möhkəm təməllərə söykənən faktorlardan biridir. Ümumiyyətlə, qlobal və regional səviyyədə mürəkkəb siyasi-iqtisadi proseslərin hökm sürdüyü, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi indiki şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin, davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ölkəmizdə reallaşdırılan sistemli tədbirlər, xüsusilə, böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkə Prezidenti İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı imzaladığı mühüm sənədlər əhəmiyyət daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın".

Bəli, məhz biznes mühitinin daha da yaxşılaşdırılması biz sahibkarlara edilən güzəştlər əsasında formalaşmaqdadır. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, bütün vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla, 2 il müddətinə dayandırılıb. Belə bir qərarın verilməsi bizim üçün bir çox əhəmiyyətli məqamları ehtiva etdi.

-Məsələn, siz bir sahibkar kimi bunu necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, məhz bununla sahibkarlığın inkişafında yeni mərhələ başladı və yoxlamaların dayandırılması sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə yol açdı. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına müsbət təsir göstərdi. Elektronlaşma yolu ilə sahibkarlarla dövlət qurumları arasında əlaqə məhdudlaşdırıldı.

Bildiyimiz kimi, sahibkar vergi öhdəliklərini mütləq həyata keçirməlidir. Amma iş adamından digər ödənişlərin yerinə yetirilməsinin tələb edilməsi və onun fəaliyyətinə hər hansı bir müdaxilə yolverilməzdir. Çünki əvvəllər belə hal sahibkar üçün əlavə xərcin yaranmasına gətirib çıxarmaqla yanaşı, özəl bölmənin inkişafını da ləngidirdi. Bu baxımdan, yoxlamaların dayandırılması haqqında qanunun qəbul olunması müşahidələrimə əsasən, deyə bilərəm ki, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələr aradan qaldırıb, iş adamları ancaq dövlət büdcəsinə ödənişləri təmin etməklə öz fəaliyyətlərini qura biliblər.

Digər tərəfdən, biz sahibkarların hüquqlarının qorunması istiqamətində də Prezident İlham Əliyevin şəxsi tapşırıqları və verdiyi sərəncamlarına uyğun olaraq ciddi işlər görülüb. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması da sahibkarların hüquqlarının daha etibarlı qorunmasına, sahibkarların şikayətlərinə daha həssas yanaşılmasına xidmət edir. Sizi inandırım ki, bu gün heç bir aparıcı xarici dövlətlərdə belə bir dövlət instansiyası fəaliyyət göstərmir. Bu, sahibkarlıq və biznes mühitinin inkişafı baxımından çox əhəmiyyətli bir amildir.

-16 illik sahibkarlıq fəaliyyəti dövründən sonra yeni olaraq bu sahədə özlərini sınamaq istəyində olanlara hansı tövsiyələriniz olardı?

- Nə deyim, sadəcə, tövsiyə edərdim ki, dövlətin yaratdığı bütün imkanlardan maksimum şəkildə yararlanıb, bu sahədə uğurlar əldə etsinlər. Həm dövlətin, həm də biznes strukturlarının mənafeyinə səmərə versinlər. Deyərdim ki, bu gün sahibkarlıq fəaliyyətinə başlamaq üçün bürokratik əngəllər mövcud deyil. Dövlət başçısının müvafiq fərmanlarına əsasən, hazırda lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, qüvvədə olan lisenziyalar müddətsiz elan olunub, yeni lisenziyaların isə müddətsiz verilməsi qərara alınıb. Lisenziyanın verilməsinə görə, ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilib. Bununla yanaşı, ötən ilin noyabr ayından dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla, lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə verilir. İndiyədək "ASAN xidmət" mərkəzləri tərəfindən sahibkarlara 1750-dən çox lisenziya verilib.

İnzibati prosedurların sadələşdirilməsində də "ASAN xidmət" mühüm önəm daşıyır. Burada xidmətlərin yüksək keyfiyyətlə, şəffaf və operativ göstərilməsi vətəndaşların rahatlığını təmin etməklə bərabər, sahibkarların da əvvəllər üzləşdikləri bir sıra problemləri aradan qaldırıb. Ona görə də, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər heç də çəkinməsinlər. Çünki sahibkarlığa maneə yaradan bütün problemlər həll edilir, sahibkarlıq da inkişaf edir. Əbəs yerə deyil ki, bu problemlərin həlli üçün ölkə Prezidenti İlham Əliyev "ASAN xidmət" modelinin imkanlarının genişləndirilməsinə mühüm önəm verir. Etiraf edək ki, bir sıra dövlət qurumlarının səlahiyyətində olan işlərin "ASAN xidmət"ə verilməsi, artıq süründürməçiliyin qarşısını alıb.

Bu, həm də monopoliyaya qarşı müqaviməti də gücləndirib. Sözügedən model imkan vermir ki, sahibkarların işinə məmurlar tərəfindən qanunsuz müdaxilə edilsin. "ASAN xidmət"in səlahiyyətlərinin genişləndirilməsi bu sahədə ən ciddi addım kimi qiymətləndirilməlidir. Hazırda elektron lisenziya portalının yaradılması istiqamətində tədbirlər davam etdirilir. Bu portalın istifadəyə verilməsi ilə lisenziyaların və icazələrin alınması prosesi tamamilə elektronlaşdırılacaq, vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsinin təmin edilməsi mümkün olacaq.

-Yeri gəlmişkən, siz idxalatla məşğul olursunuz və bununla bağlı gömrüklərdə və s. keçid məntəqələrində problemlərlə üzləşmirsiniz ki?

-Xeyr, əsla. Mən deyərdim ki, əksinə, bizə bu istiqamətdə daha çox yardımlar edilir, köməkliklər təklif olunur. Məsələn, hazırda fəaliyyət göstərdiyim sahibkarlıq fəaliyyəti istiqamətində, "Meyvəli" terminalında Xocahəsəndə yerləşən Bakı Baş Gömrük İdarəsi bizim işimizin sürətli və intensiv getməsi üçün hər cür imkan və şərait yaradır. Biz sahibkarlar dövlətimizin bizə göstərdiyi bu qayğıdan və diqqətdən tamamilə razıyıq. Çünki Azərbaycan sahibkarları bu gün dövlət başçısı İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. İş adamları bundan ruhlanaraq, qeyri-neft sektorunun inkişafında, əhalinin daimi iş yerləri ilə təmin olunmasında, ölkəmizin ixrac potensialının artmasında və sosial layihələrin icrasında fəallıq göstərir, bütün səylərini Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə, ölkəmizin daha da qüdrətlənməsinə səfərbər edirlər. Biz bu fəaliyyətimizlə daim dövlətimizin və dövlət başçımızın ətrafında daha da sıx birləşib, Azərbaycanımızın inkişaf və tərəqqisinə çalışmaqda davam edəcəyik.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib