Tahir Kərimli: "Xaricdən aldıqları pullar kəsilə bilər "
Müsahibimiz Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
- Tahir bəy, "Milli Şura"nın sədr Cəmil Həsənli tez-tez Avropaya səfər edir. Bu səfərlərin arxasında xarici maraqlı dairələrin dayandığını demək olarmı?
- "Milli Şura"nın sədri Cəmil Həsənli, digər əqidə dostları kimi, xaricə səfərlərinin ana xəttini əməkdaşlıq etdikləri qüvvələrlə görüşlərini müxtəlif məsələlər ətrafında müzakirələr qurmaq təşkil edir. Bu, faktdır. Çünki hər kəsə məlumdur ki, "Milli Şura"nın rəhbərliyi fəaliyyətini birbaşa olaraq xarici qüvvələrin tapşırıqlarına əsasən qurur. Ona görə də, C.Həsənli tez-tez Avropaya səfər etməsinə təəccüblənmirəm. Yəqin ki, burada həmin amil rol oynayır ki, o, müvafiq şəxslərlə məsləhətləşəcək. Demək olar ki, xaricdəki qüvvələr müxalifətin və "Milli Şura"nın zəif olmasından narahatdırlar. Bu da, "Milli Şura"nın rəhbərliyi arasında ciddi narahatlıq yaradır. Çünki aldıqları pullar kəsilə bilər. Ehtimal etmək olar ki, C. Həsənli gözlənilən təhlükəni aradan qaldırmaq üçün xaricə səfərlər edir.
- Əli Kərimlinin saxta partiya vəsiqələri satdığı sübuta yetirilməkdədir. Demək olarmı ki, C.Həsənlinin xaricə səfərlərinin müəyyən hissəsini dəstək əldə etmək təşkil edir?
- Artıq necə illərdir ki, hər kəsə məlum olan fakt ondan ibarətdir ki, AXCP-nin verdiyi saxta vəsiqələr hesabına müəyyən sayda insanlar xaricdə məskunlaşmaq imkanı qazanıblar. Bu məsələ ilə bağlı çoxlu məlumatlar var. Təbii ki, bu məsələləri də inzibati orqanlar araşdıraraq, üzə çıxarırlar. Artıq istintaq araşdırmalarına da başlanılıb. Şübhəsiz, onların xaric qüvvələrlə ən ciddi əlaqələri olduğuna görə, bu cür proseslərin rəvac verilməsi də gözləniləndir. Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi tədbirlər görməklə, bunun qarşısını almalıdırlar.
- Niyə görə müxalifət partiya sədrləri Azərbaycan sərhədlərini aşan kimi ölkəmizin əleyhinə qərəzli təbliğat aparırlar. Bu məsələdə xarici istəklər ola bilərmi?
- Çox nadir hallarda hansısa dövlətin müxalifəti xaricdə öz dövləti əleyhinə təbliğat aparır. Amma təəssüflər olsun ki, Azərbaycan müxalifətini təmsil edən şəxslər xaricidə olan havadarlarına özlərini yaxşı göstərmək üçün əllərindən gələni edirlər. O cümlədən, dövlətimiz haqqında reallığı özündə əks etdirməyən məlumatlar yayırlar. Həmin xaricdə olan qüvvələr Azərbaycan dövlətinin inkişafını və əldə etdiyi uğurları görür və həzm edə bilmir. Belə olan halda da, həmin xarici qüvvələr daxildə olan bəzi müxalifət düşərgəsini təmsil edən şəxslərdən öz istəklərini həyata keçirmək üçün bir vasitə kimi istifadə edir. Yəni ölkəmizdə nə isə xoşagəlməz bir hal yaradaraq, Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq istəyirlər. Daha doğrusu, buna ümid edirlər. Amma həmin qüvvələrin bu istəkləri bu günə qədər baş tutmayıb və bundan sonra da tutmayacaqdır.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib