PDF Oxu

Müsahibə

  • 4 125

Hikmət Hacıyev: “Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunur”

image

- Hikmət müəllim, bildiyiniz kimi, Azərbaycan müxtəlif səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmizdə hazırda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu qəbildəndir. Ümumiyyətlə, bu kimi tədbirlərin Azərbaycan üçün siyasi əhəmiyyəti haqqında nələri söyləmək olar?

- Bu gün Azərbaycan həqiqətən beynəlxalq miqyasda mühüm tədbirlərin keçirildiyi bir məkana çevrilib. Burada istər qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi (siyasi diplomatik xarakterli tədbirləri qeyd edə bilərik, o cümlədən idman tədbirlərini və s.) hamısı biri digərini tamamlayan tədbirlərdirlər. Yəni bu kimi tədbirlərin keçirilməsi onun göstəricisidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətdə bir etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmizin yürütdüyü daxili və xarici siyasətin təntənəsidir ki, hər bir tərəf bəzən də ikitərəfli əlaqələrində problemli olan tərəflər Azərbaycana gəlib və burada əməkdaşlıq məsələlərini müzakirə etməkdə, o cümlədən birgə idman yarışlarını keçirməkdə çətinliklər görmürlər. Bu, Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, beynəlxalq münasibətlərin layiqli üzvü olmasının bariz nümunəsidir.

- Son günlərin ən aktual mövzusuna çevrilmiş Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunmasına münasibətiniz necədir, bunun arxasında kimlər və başlıca olaraq hansı təxribatçı qüvvələr dayanır? Ümumilikdə Azərbaycan-Rusiya münasinbətlərinin hazırki səviyyyəsi haqqında nə deyə bilərsiniz?

- Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanması qərarı ilə bağlı Azərbaycanın mövqeyi izah olundu. Biz düşünmürük ki, bu, Azərbaycan-Rusiya əlaqələrində müsbət əks təzad törədə biləcək bir addımdır. ÜAK iki ölkə arasındakı əlaqələrin inkişafında, bu əlaqələrin şaxələndirilməsində öz səmərəli rolunu oynayıb. Bizdə olan son məlumata görə, ÜAK-ın Nizamnaməsi ilə əlaqədar Rusiya Ədliyyə Nazirliyinin irəli sürdüyü irad və təkliflər nəzərə alınıb. Ümid edirik ki, Apellyasiya müraciəti əsnasında bu məsələyə yenidən baxılaraq müsbət qərar qəbul ediləcək.

- Ermənistan tərəfi mütəmadi olaraq cəbhə xəttində təxribatçı əməllərini davam etdirir. Necə düşünürsünüz, növbəti "aprel döyüşləri" yaşana bilərmi?

- Ümumiyyətlə, Ermənistan tərəfindən davamlı şəkildə qoşunların təmas xəttində təxribatlar törədilib. Ermənistanın hərbi təxribatları siyasi təxribatları ilə müşayiət olunur. Bu günlərdə biz Ermənistanın daha bir təxribatını gördük ki, onlar Azərbaycanın işğal altında olan Xocalı hava limanından turizm məqsədləri adı altında bir sıra uçuşlar həyata keçirmək istəyirdilər. Təbii ki, bu öz-özlüyündə də təxribat halıdır. Eləcə də bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi bir zərbədir. Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni əməlləri, Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii sərvətlərini talan etməsi, maddi-mədəniyyət abidələrini dağıtması və onu özünküləşdirməsi siyasəti aparması kompleks şəkildə münaqişənin həllinə xələl gətirən amillərdirlər. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının, atəşkəsin pozulmasının ən başlıca səbəbidir. Ona görə də BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi ilkin addım kimi Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib