Tahir Kərimli: "Müxalifət təmsilçiləri ümid edirlər ki, xaricdəki qüvvələr yenidən onları məcbur edə bilərlər ki, birləşsinlər"
Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
- Tahir bəy, AXP sədri Pənah Hüseyn və ADP sədri Sərdar Cəlaloğlu müxalifətin birliyinə nail olmaq üçün yeni blokun yaradılmasının zəruriliyini bildirir və bu istiqamətdə partiyalara mesajlar ünvanlayırlar. Sizcə, indiki şəraitdə yeni qurumun yaradılması nə dərəcədə mümkündür?
- Müxalifət düşərgəsində formal qurum yaradıla bilər. Amma yaradılan qurum faktiki gücə çevrilməyəcək. Əgər müxalifət düşərgəsində təmsil olunan həmin partiyaların arxasında heç bir sosial baza yoxdursa, onda həmin yaradılan birlik nəyə nail olacaq? Əlbəttə, heç nəyə nail olmayacaqdır. Bu baxımdan, sözügedən həmin düşərgədə hər hansı blokların və qurumların yaradılması əvvəlcədən məhvə məhkumdur. Sadəcə olaraq, müxalifət partiya sədrləri bu cür birliklər yaratmaqla özləri üçün bir məşğuliyyət tapa bilərlər. Bir sözlə, bu cür ideyaların reallaşması formal addan başqa bir şey olmayacaq. Çünki artıq müxalifət düşərgəsini təmsil edən partiyalar pərakəndə və ideologiyası olmayan təşkilatlardır. Ümumiyyətlə, nəyə əsaslanır müxalifət hərəkatı? Liderin, təşkilatın və sosial bazanın olmasına. İndi baxaq görək, müxalifət düşərgəsində vahid bir lider varmı ki, o, vahid birliyin başında dursun. Əlbəttə ki, yoxdur. Digər tərəfdən də, müxalifətdə hansısa bir təşkilat partiyaları başına yığa bilərmi? Birmənal şəkildə, demək olar ki, müxalifət düşərgəsində belə bir təşkilat yoxdur. Bunun da səbəbi müxalif liderlərinin bir-birini qəbul etməmələridir.
- Dəfələrlə müəyyən xarici qüvvələr AXCP və Müsavatı bir araya gətirməyə çalışıblar. Amma fakt burdur ki, bu cəhdlər uğursuzluqla nəticələnib. Necə düşünürsünüz, belə bir fakt ortada olduğu halda, Sərdar Cəlaloğlu və Pənah Hüseyn bu əzəli rəqibləri bir araya gətirə biləcəklərmi?
- İnandırıcı görünmür ki, AXCP və Müsavat bir araya gələ bilsinlər. Sonuncu dəfə "Milli Şura" yaradılan zaman AXCP və Müsavat partiyalarının bir araya gəlmələrini görmüşdük. Lakin onlar uduzandan sonra dərhal bir-birindən ayrıldılar. Bundan sonra bunların bir yerdə olmaları, çətin ki, mümkün olsun. Demək olar ki, bu gün müxalifət liderləri ana müxalifət olmaq uğurunda bir-birləri ilə bəhsə giriblər. İddialar səbəbindən bu günə qədər həmin liderlər hər hansı bir məsələ ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Bu baxımdan da, müxalifətin bütövləşmə şanslarını mən görmürəm.
- Müxalifətdaxili qarşıdurmalara və intiriqalara əsaslanaraq, demək olarmı ki, prezident seçkilərinə qədər bəzi müxalifət partiyaları fəaliyyətlərini dayandıracaqlar?
- Müxalifətdə olan təşkilatların çoxu formal addan ibarətdir. Faktiki fəaliyyət göstərmirlər. Ona görə də, prezident seçkilərinə qədər bir araya gələrək, söhbətlər apara bilərlər. Hətta formal təşkilatlar da yarada bilərlər. Amma bunun müvəffəqiyyəti sıfıra bərabərdir. Biz hər dəfə görmüşük ki, ölkədə keçirilən hər hansı seçkilərdən sonra müxalifət qış yuxusuna gedir. Müxalifət təmsilçiləri ümid edirlər ki, xaricdəki qüvvələr yenidən onları məcbur edə bilərlər ki, birləşsinlər. Ümumiyyətlə, qeyri-səmimi qüvvələrin birliyi, hər zaman olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcəkdir.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib