“SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyevin SİA-ya müsahibəsi
- Bəhruz müəllim, son zamanlar ölkəmizdə "reket" jurnalistlərin sayı kifayət qədər artıb. Sizcə, bu qanunsuz əməllər Azərbaycana nə zamandan ayaq açıb, ümumiyyətlə, bunun kökündə hansı amillər dayanır?
- Çox doğru deyirsiniz, ölkəmizdə "reket" jurnalistlərin sayıi kəskin şəkildə artıb və bu arzuolunmaz hal əslində, müstəqil Azərbaycan mətbuatına, Azərbaycan jurnalistikasına çox ağır zərbə vurur. Bildiyimiz kimi, hələ SSRİ dönəmində mətbuatda sağlam tənqid mövcud olub və bu istiqamətdə çalışan jurnalistlər heç bir məqsəd güdmədən yanaşdığı mövzularda tənqidi yazıları, məqalələri ilə çıxış edirdilər. Lakin bu siyasi üsul-idarə sisteminin süquta uğradığı ərəfələrdə ictimailəşdirilmiş “aşkarlıq” və “demokratiya” tezisləri sonradan reketçilik üsulu ilə əvəzləndi və təəssüf ki, "reket" jurnalistika çirkli yaratək kök salmağa başladı. Bu gün reketçilik deyildikdə, biz həmin halın yalnız Azərbaycanda deyil, digər ölkələrdə də mövcudluğunu müşahidə edirik. Məgər biz xarici ölkələrdə fəaliyyət göstərən bəzi mətbu orqanların zaman-zaman öz çirkin məqsədlərini reallaşdırmaları üçün ölkəmizə qarşı qondarma ittihamlar irəli sürdüklərinin şahidi deyilikmi? O cümlədən, xarici ölkələrdə də insanlar "reket" jurnalistlər vasitəsilə təqib və şantajlara, böhtanlara məruz qalırlar. Ümumiyyətlə, Azərbaycana gəldikdə, ölkəmiz müstəqilliyini qazandıqdan sonra, uzun illər sağlam jurnalistikada fəaliyyət göstərənləri "reket" jurnalistlər əvəzləməyə başladılar və bu, mütəmadi şəkil aldı. Hətta deyərdim ki, həqiqi jurnalistika get-gedə müxtəlif vasitələrlə sıxışdırıldı. Müstəqil mediaların yaranması bu faktoru genişləndirməyə başladı və nəticələr heç də ürək açan olmadı. Düşünürəm ki, bu gün jurnalistikadakı bu cür mənfi və neqativ tendensiyalar daha ciddi fəsadlara şərait yaradır. Buna görə də təcili tədbirlərin görülməsinə ehtiyac var.
- Sizin fikrinizcə, fəsadlar nədir və bu gün ölkəmizdə "reket" jurnalistika nəyə görə bu qədər “populyarlaşıb”?
-Təbii ki, burada dayanan əsas məqsəd asan və qanunsuz yollarla maddi gəlir əldə etməkdir. Baxın, hazırda ölkəmizdə ciddiyyəti və nüfuzu ilə, informassiya və innovativ sferadakı fəaliyyəti ilə seçilən bir neçə sayt və portallar mövcuddur. İnformasiya resurslarını özləri istehsal edərək oxuculara çatdıran sayt və portallar hər dəqiqə ölkə daxilində və xaricdə baş verən siyasi, mədəni, idman, sosial və s. sahələri əhatə edən məlumatlar yayır, müxtəlif təhlilləri, şərhləri, müsahibə və açıqlamaları oxucularına təqdim edirlər.Bəs, "reket"çiliklə məşğul olanlar nə edirlər? Onlar ictimai rəyin gözündən pərdə asmaq üçün gün ərzində uzağı bir, ya da iki məlumatı başqa mənbələrdən oğurlayıb (copy paste-red.) öz saytlarına yerləşdirməklə “informasiya yaymaq prinsipi” əsasında işlərini bitmiş hesab edirər və bundan sonra çirkin, qanunsuz əməllərini davam etdirirlər. İctimai rəydə, cəmiyyət arasında tanınan insanlara, iş adamlarına, dövlət müəssisələrinin rəhbərlərinə və başqa insanlara qarşı şər-böhtan xarakterli yazılar dərc edib, bilavasitə cinayət əməllərinə yol vermiş olurlar. Maraqlısı da budur ki, bir-birlərindən fəaliyyətləri ilə seçilməyən reket saytlar və qəzetlər əllərində olan böhtan xarakterli məlumatları bir-birlərinə ötürərək, gündəmə çıxardıqları şəxsləri bir neçə gün, hətta bir neçə ay ictimai rəyin diqqətində saxlamağa çalışırlar. Biz, burada iki halın şahidi oluruq ki, "reket", ya da yalançı saytlar kimi fəaliyyət göstərənlər əslində dövlət qeydiyyatından belə keçmirlər. Keçdikdə isə həmin syatları açan şəxslər və uzağı bir-iki “jurnalist” cibinə vəsiqə qoyub imtiyazlarından sui-istifadə etməyə, "reketçilik" üsulu ilə cinayət əməlləri törətməyə başlayırlar.Bu gün istənilən media resursunun internet üzərindən yaradılması və yayılması üçün ölkəmizdə kifayət qədər asan şərait yaranıb, lakin qeydiyyatdan keçənlər lazım olan digər müvafiq dövlət orqanlarından, məsələn, vergiyə, pensiya fonduna və s. özləri barədə heç bir məlumat vermirlər. Çünki yaxşı bilirlər ki, əgər onlar qanuni yollarla fəaliyyət göstərsələr, müvafiq dövlət orqanlarında qeydiyyata düşsələr öz çirkin və cinayətkar əməllərini rahat şəkildə həyata keçirə bilməyəcəklər. Nəticədə sağlam və intellektual jurnalistikaya həqiqətən də çox ağır zərbələr vurulur və ictimai rəydə əsl jurnalistikaya etibar və inam azalmağa başlayır. Belə ki, "reket" jurnalistlər jurnalist adına qara ləkə yaxırlar. Problemdən çıxmağın yalnız bir yolu qalır - metastaz vermiş yaranı kəsib-atmaq zəruriliyi.
- Bəhruz müəllim, bəs sizcə, bu cür təəssüfedici vəziyyətin qarşısının qəti olaraq alınması üçün hansı zəruriyyətlərə ehtiyac duyulur?
- Məncə, real zəruriyyətlərdən biri və ən əsası ilk olaraq sərt, hətta deyərdim barışmaz və çox qətiyyətli addımların atılması vacibliyidir. Əks halda, biz ölkə jurnalistikasının deqeradasiyası ilə qarşı-qarşıya qalması təhlükəsini də yaşaya bilərik. İlk növbədə reket jurnalistikasına qarşı tətbiq edilən cəzalar daha da sərtləşdirilməli, müvafiq dövlət və media sahəsinə aid ictimai instansiyalarda ardıcıl tədbirlərin keçirilməsi üçün davamlı hərəkətə keçilməli, reketçilik jurnalistikasına qarşı açıq mübarizəyə start verilməlidir. Misal üçün, hazırda da fəaliyyət göstərən mövcud saytlar bloklanmalı, onların rəhbərləri qanunvericilik əsasında cavabdehlik daşımalıdırlar. Demək istədiyim budur ki, reketçilik jurnalistikasının qarşısının alınması və aradan qaldırılması istiqamətində atılan hər bir addım bilavasitə qanunlarımız vasitəsi ilə tənzimlənməli və həyata keçirilməlidir.Qeyd edim ki, Mətbuat Şurasının reketizmlə bağlı tədbirləri, ictimai qınaqları da yetərli deyil. Eyni zamanda, reketizmlə məşğul olan jurnalistlər konstitusion hüquqa əsaslanaraq, cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Məhz bu baxımdan, hesab edirəm ki, daha böyük fəsadların, daha arzuolunmaz halların yenidən yaranmaması üçün, reket jurnalistikası ilə mübarizə lazımdır, vacibdir və zəruridir!
sia.az
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib