Azər Həsrət: "Bütün uğurların fonunda Qarabağ düyününün hələ də açılmaması üzücüdür"
Müsahibimiz siyasi şərhçi Azər Həsrətdir
- Azər müəllim, 2017-ci il başa çatmaqdadır. Sizcə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir ürəkaçan və sülhə xidmət edə biləcək hadisə baş verdimi?
- Bəli, il başa çatır. Əlbəttə, yaddaqalan, Azərbaycan üçün uğurlu illərdən biri oldu. İstər xarici, istərsə də daxili siyasətdə dövlətin mövqeyi daha da möhkəmləndi. Azərbaycan özünü bir daha söz sahibi kimi təsdiq etdi, işğalçı Ermənistandan fərqli olaraq, ləyaqətli dövlət kimi apardı. Bütün uğurların fonunda Qarabağ düyününün hələ də açılmaması üzücüdür. Lakin bədbinliyə qapılmağa da dəyməz. Çünki 2017-ci ildə Azərbaycan məsələnin beynəlxalq səviyyədə gündəmdə tutulmasına nail ola bildi. Ən azından, deyə bilərik ki, ilin ikinci yarısında münaqişənin həlli isitqamətində hərəkətlilik müşahidə edildi. Bu da ümidlərin artması üçün yetərli sayıla bilər.
- Bəzi ekspertlər qeyd edirlər ki, əvvəlki illərlə müqayisədə 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində daha əhəmiyyətli çağırışlar, görüşlər və çıxışlar oldu. Doğrudanmı diqqəti cəlb edən hadisələr baş verdi?
- Yuxarıda da, qeyd etdiyim kimi, danışıqlarda hərəkətlilik müşahidə edilir. İstər vasitəçi ölkələr, istərsə də ayrı-ayrı dövlətlərarası qurumlar münaqişənin həlli zamanı dövlətimizin ərazi bütövlüyünü ön plana çəkirlər. Bu, bizim üçün ən ədalətli həll planı deməkdir. Eyni zamanda, Azərbaycan Ordusu öz gücünü təkrar-təkrar sərgiləməli oldu ki, bu da münaqişənin sülh yoluyla həllində vacib amildir. Belə məqamları nəzərə alanda, Azərbaycanın daha üstün duruma gəldiyini deyə bilərik.
- Növbəti ilin birinci ayında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin və daha sonra isə prezidentlərin görüşü nəzərdə tutulur. Ümumilikdə, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı praqnozlar nədən ibarət ola bilər?
- Münaqişə o qədər mürəkkəb bir mərhələdədir ki, onun sonuyla bağlı proqnoz vermək heç də asan deyil. Hələ, nəzərə alsaq ki, bu münaqişə, sadəcə, işğalçı Ermənistanla işğal altında olan Azərbaycan arasında deyil, daha böyük güclərin məsələsidir. Yəni hamımız bilirik ki, Ermənistanın arxasında böyük güclər durduğu üçün, o, hələ də işğalda israr edə bilir. Belə bir durumda proqnoz vermək çətindir. Amma onu deyə bilərik ki, istənilən halda, durum Azərbaycanın xeyrinə dəyişməyə doğru gedir. Çünki bölgəmizin əsas söz sahibi Rusiya Ermənistanın hər an xəyanət edə biləcəyini daha yaxşı anlamaqdadır ki, bu da bizim üçün əlavə imkanlar deməkdir.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib