Elşən Musayev: "Müxalifət-5 manat pul müqabilində bütün dəyərləri satan müxalifətdir"
Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir
- Elşən müəllim, artıq sübuta yetirilir ki, bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli hesabatlar yaymasında dağıdıcı müxalifət ünsürlərinin danosları mühüm rol oynayıb. Sizcə, müxalifətin dövlətimizə və milli maraqlarımıza qarşı düşmən mövqe sərgiləməsinin arxasında hansı maraqlar dayanır?
- Azərbaycanın radikal müxalifət kəsimi nə zaman xalqa, onun səsinə, millətin siyasi iradəsinə güvənərək hərəkət edib ki? Heç vaxt! Onların işi, məhz həmişə donos, anonim yaymaqdan və yazmaqdan ibarət olub da. Bu gün də, öz ənənələrini davam etdirirlər, dəyişməyən xarakterlərini, xislətlərini yenidən göstərirlər. Sadəcə, məsələ burasındadır ki, həmin o haqqında danışdığınız beynəlxalq təşkilatlar da, niyəsə özlərinə sərf edəndə, bizim radikal müxalifət ünsürlərinin yaydığı, göndərdiyi dezinformasiyalardan, yanlış məlumatlardan informasiya mənbəyi kimi istifadə edirlər. Yəni müxalifətimizin hansı yuvanın quşu olması hamıya bəllidir. Yaxşı, bəs həmin təşkilatlara nə gəlib? Adam da Ə.Kərimli kimi siyasət alverçisinin, Leyla Yunus kimi mənsubiyyətsizin sözü ilə yazımı yazar, sözmü deyər? Budur məsələ! Müxalifət həmin müxalifətdir, 5 manat pul müqabilində bütün dəyərləri satan müxalifətdir.
- Növbəti il prezident seçkiləri keçiriləcək. Mümkündürmü ki, xarici qüvvələrlə dağıdıcı müxalifət bir araya gəlib təxribat və qarşıdurmalar yaratsın?
- Xeyr, mümkün deyil. Buna, ən uzağı, cəhd edə bilərlər. Vəssalam. Amma dediyinizi reallaşdırmaq nə müxalifətin, nə də hansısa qeyri-qüvvənin istedadında və qüdrətində olacaq bir şey deyil. Bizim ölkənin ən böyük üstünlüklərindən biri onun sahib olduğu sabitlikdir. Bu sabitlik isə qram-qram və milyon əziyyət hesabına qazanılıb. Elə müxalifətin ən böyük arzusu da budur ki, xaos dövrü qayıtsın. Xatırlayırsınızmı həmin dövrü? Rəhim Qazıyev Elçibəyin sözünü kəsirdi, İsgəndər Həmidov efirə, canlı yayıma gəlib adam döyürdü, dövlət obyektlərinə basqınlar olurdu, gecə hamı çöl qapısı bərk-bərk bağlayıb yatırdı, çölə-bayıra çıxmırdı, riyaziyyat müəllimi hərbi, fizika müəllimi diplomatiya sahəsinə rəhbərlik edirdi. Bax, həmin dövrə qaytarmaq istəyirlər bizi. O dövr ki, kimsə yerində deyildi, xaos dövrü idi. Amma arzularına çatmayacaqlar. Azərbaycanın İlham Əliyev kimi ləyaqətli və vətənpərvər Prezidenti var. Xalq öz rəhbərini dəstəkləyir. Bu vəhdət olan yerdə heç bir kənar müdaxilə və təxribat cəhdi effekt verə bilməz.
- "Gələcək Azərbaycan Partiyası"nın lideri Rəsul Quliyev iddia edir ki, AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı aksiyalar keçirtməklə iğtişaşlara cəhdlər göstərəcəklər. Sizcə, Rəsul Quliyevdə belə bir məlumat haradan ola bilər?
- Rəsul Quliyevin gələcəyə heç bir aidiyyəti yoxdur. Ona görə də, ilk öncə, partiyasının adını dəyişsin. O, siyasi morqdadır, bir dənə yiyə duran lazımdır ki, onu ordan götürsün və aparıb torpağa basdırsın. Yeri gəlmişkən, qeyd edim ki, R. Quliyev Kərimliyə və Hacılıya nifrət edən adamdır. Üstəlik, bu nifrət qarşılıqlıdır. Bilmirəm, məlum informasiya Quliyevdə hardandır, amma hər halda, onun da söz aparıb- gətirənləri var. Yəqin onlar pıçıldayıb. Məsələ burasındadır ki, Kərimli və Hacılıdan, həqiqətən də, hər cür pislik gözləmək mümkündür. Sadəcə, bayaq dediyimi bir daha təkrarlayıram: bu təxribatı reallaşdırmaq mümkün deyil. Kimsə ölkədəki sabitliyi poza bilməz. Bu, birmənalı aksiomdur.
- Bu gün AXCP ilə Müsavat arasında kəskin ziddiyyətlər və qarşıdurmalar mövcuddur. Amma R.Quliyev onların bir araya gəlib aksiyalar keçirəcəyini bildirir. Düşmələrin dostlara çevrilməsi nə dərəcə də mümkündür?
- Desin də, keçrirsin də, nə dəyişəcək ki? Mitinqlərinə əvvəl 3 adam gəlirdi, indi gələcək 4 adam. Bunlar ideologiyalarını dəyişməlidirlər. Məhz ideologiyanı! Belə müxalifətçilik olmaz, belə siyasi fəaliyyət olmaz. Bir siyasətçi seçki öncəsi 3-4 mitinq keçirməklə, işini bitmiş hesab etməməlidir. Xalqın içində olmaq lazımdır, xalqı dinləmək, fikirləri xalqla bölüşmək lazımdır. Cənab Prezident, iş qrafikinin bu qədər gərgin olmasına baxmayaraq, bütün ölkəni az qala kənd-kənd gəzir. Hətta öz ad gününü və yubileyini belə cəbhə bölgəsində keçirir. Amma onun rəqibləri kompüter klavyaturasından o yana keçə bilmirlər. Bax, buna görə İlham Əliyev qalibdir və xalq Onu sevir. 2018-ci il də bu qalibiyyətin davamını gətirən il olacaq. Buna kimsə şübhə etməsin.
GÜLYANƏ
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib