Müsahibə

  • 22 729

Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir

image

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva

- Sədaqət xanım, bildiyiniz kimi 11 aprel tarixində cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsinin bir ili tamam oldu. Ötən bir ili necə qiymətləndirirsiniz?
- Öncə onu qeyd edim ki, son bir ildə Prezident İlham Əliyev tərəfindən görülən işlər, ölkəmizin davamlı inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar göstərdi ki, ötən il aprelin 11-də keçirilən seçkilərdə Azərbaycan xalqının seçimi onun daha parlaq gələcəyini təmin edib. Ötən bir il Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi. Məhz, cənab İlham Əliyevin cari prezidentlik dövrünün ilk ili ərzində də Azərbaycan öz dinamik inkişafını təmin edib və xalqımız əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb. Lakin o da qeyd edilməlidir ki, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faizinin səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə nail olub. Elə bu səbəbdən də, xalqımız ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi.
Təsadüfi deyil ki, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son bir ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev xalq ilə daim təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir.
- Eyni kontekstdən çıxış edərək cənab Prezident İlham Əliyevin imzaladığı sosialyönümlü Sərəncam və fərmanlara xüsusi diqqət çəkmək istərdik. Məhz, sözügedən Prezident qərarlarının insanların həyatına, rifah halının yüksəldilməsinə təsirini necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Təsadüfi deyildir ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu.
Bu ilin fevral ayının sonlarında imzalanan Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Həmçinin bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu. Dövlət başçısı son bir neçə ayda imzaladığı sosialyönümlü Sərəncam və fərmanlara aprelin 15-də daha birini də əlavə etdi. Fərmana görə, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin 80 manat məbləğində təqaüdü təsis olundu.
Göründüyü kimi, son bir ildə sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
- Sirr deyil ki, cənab Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı verdiyi qərar və tapşırıqlar da insanlar üçün çox əhəmiyyətli hadisələrdən biri oldu. Necə düşünürsünüz, bu problemin həlli cəmiyyətimiz tərəfindən necə qarşılanır?
- İstərdim ki, kiçik bir xatırlatma edim. Belə ki, problemli kreditlər məsələsi 2015-ci ildən güclənən qlobal miqyaslı maliyyə-iqtisadi böhranın nəticəsi olaraq meydana çıxmışdı. Ölkəmizdə baş vermiş iki devalvasiyanın yekunu olaraq dollar manatın məzənnəsinə nisbətdə yüksəldi və banklardan dollarla kredit götürmüş vətəndaşların ödəmə qabiliyyətinə zərbə vurdu. Amma belə bir proses təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də müşahidə edildi.
Ötən müddət ərzində vətəndaşlarla görüşlərdə də bu problem qaldırılmışdı, insanların müraciətləri təhlil edilərək müvafiq qurumlara təkliflər göndərilmişdi, hətta Milli Məclisin plenar iclaslarında dəfələrlə səsləndirilmişdi. Yəni, gördüyünüz kimi bu problem haqqında dövlət məlumatlı olub. Deyərdim ki, hökumət bu problemin aradan qaldırılması və vətəndaşların dollar kreditləri ilə bağlı yaşadığı çətinlikləri daha tez aradan qaldırmaq niyyətində idi. Amma bilirsiniz ki, hər bir sosial qərarın arxasında ciddi maliyyə resursu dayanır.
Bu mənada, təsadüfi deyil ki, böhranın nəticələrinə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi islahatlar tez bir zamanda səmərəsini verdi və dövlətimizin inkişafı dinamikləşdirildi, maliyyə imkanlarımız artdı. Məhz, buna görə də 2019-cu ilin dövlət büdcəsi müzakirə edilərkən problemli kreditlər məsələsinin həlli, eləcə də cari ilə nəzərdə tutulmuş sosial proqramların maliyyələşdirilməsi haqqında ciddi müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Eyni zamanda, Prezident İlham Əliyev bu il yanvar ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında reallaşdırılacaq islahatlar, hətta perspektiv sosial tədbirlər haqqında da cəmiyyətimizi məlumatlandırmışdı.
Məhz, ötən 2 ay ərzində Prezident İlham Əliyevin təqribən 3 milyon insanı əhatə edən və maliyyə tutumu təxminən 2.2 milyard manat olan sərəncamlar, fərmanlar imzalaması, qərarlar verməsi Azərbaycan xalqının yaşayışının, rifah halının daha da yüksəldilməsi məqsədinə xidmət edir. Elə problemli kreditlərin həlli ilə bağlı qərar da dövlətin vətəndaşlarına yüksək diqqət və qayğısının növbəti təzahürü oldu. 800 mindən çox insanı əhatə edən Prezident Fərmanı dünyada analoqu olmayan bir qərardır.
Yəni, gördüyünüz kimi 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır və Prezident İlham Əliyevin verdiyi bu qərarlar bütün dünya üçün sosial inqilab nümunəsidir.
- Sədaqət xanım, bu məqamda istərdik ki, Nizami rayonunda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin atdığı addımlar, sahibkarlara göstərdiyi diqqət və qayğı barədə də danışasınız…
- Xüsusi olaraq bildirmək istəyirəm ki, Prezident İlham Əliyev ötən 16 il ərzində atdığı bütün addımları ilə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayır. Bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir.
Cənab İlham Əliyev daim vətəndaşlarla ünsiyyətdədir, cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir. Elə Lənkəranda bina çökəndə, Mərkəzi Aranda Kür daşanda, Zaqatalada, Şamaxıda, Ağsuda zəlzələ olanda xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış gördü.
Məhz, biz eyni münasibəti Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar proseslərdə də gördük. Prezident İlham Əliyev yanğın baş verən gündən məsələni nəzarətinə götürdü, müşavirə keçirdi, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin təmin edilməsi üçün müvafiq komissiya yaratdı. Bütün bunlar bir daha göstərdi ki, dövlət hər zaman vətəndaşın yanındadır. Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı və problemlərinin ağırlıqlarını öz çiyinlərinə götürdü. Əlbəttə ki, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin verilməsi, eyni zamanda, həyata keçirilən sosial siyasətin tərkib hissəsidir və bir daha isbatlandı ki, dövlət zərərçəkmiş sahibkarlara sahib çıxdı.
Lakin bütün bu deyilənlərlə yanaşı “Diqlas”da yanğın ilə əlaqədar baş vermiş hadisələrdə Xalq-Prezident birliyi bu dəfə də Azərbaycan dövlətinin və xalqının düşmənlərinin planlarını pozdu. Zərərçəkmiş sahibkarların və onların ailələrinin, yaxınlarının düşdüyü çətin vəziyyətdən sui-istifadə edib mitinq keçirmək istəyən antimilli ünsürlər yenidən ifşa olundular, bir daha xalqdan ayrı olduqlarını, yalnız korporativ mənafelərini düşündüklərini və insanların taleyinin onları maraqlandırmağını ortaya qoydular.
- Son olaraq istərdik növbəti ildən respublika miqyasında tətbiqinə başlanacaq tibbi sığorta ilə bağlı fikirlərinizi bildirəsiniz. Tibbi sığortanın vətəndaşlarımız üçün üstünlükləri nədən ibarət olacaq?
-Bu gün Azərbaycanda tibbi xidmət pulsuz həyata keçirilir. Dövlət xəstəxanalarında vətəndaşların qəbulu və müayinəsi tamamilə ödənişsizdir. Amma bir çox xəstəliklərdən irəli gələn əməliyyatlar və ya müalicələr var ki, onlar əsasən, özəl klinikalarda reallaşdırılır və müəyyən məbləğ tələb edir. Bu səbəbdən də, vətəndaşların tibbi sığortadan istifadəsi getdikcə günümüzün tələbinə çevrilir.
Ümumiyyətlə, tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir. Çünki, insanlar üçün hər şeydən önəmli onların səhhətidir. İnsan sağlamlığında elə problemlər yarana bilər ki, o zaman ağır əməliyyatların keçirilməsi qaçılmaz olar. Məhz, sağlamlığın qorunması və insanın daim gümrah qalması üçün tibbi müayinə vacibdir. Amma, bunun digər tərəflərini də mütləq nəzərə almaq lazımdır. Əgər vətəndaşlarımız tibbi sığortadan istifadə edərsə, o zaman onların hər hansı bir instansiyaya müraciət etmədən səhhətindəki problemləri aradan qaldırmasına imkanı olacaq. Deyə bilərəm ki, bəzi hallarda tibbi məsələlərlə bağlı müraciətlər bizə edilir. Amma bəzən də çox ağır və böyük miqdarda vəsait tələb edən əməliyyatlarla da bağlı vətəndaşların xahiş etdiklərinin şahidi oluruq. Əlbəttə ki, gücümüz çatan qədər həmin insanlara tibbi və hüquqi köməklik edirik. Lakin, böyük miqdar tələb edən əməliyyatların keçirilməsinə kömək etmək imkansız olur. Ona görə də, insanlar ya hansısa məmura, ya da xeyriyyə təşkilatlarına müraciət edirlər. Təbii ki, bu da vaxt tələb edir, bu zaman kəsiyində isə həmin xəstələrin vəziyyəti daha da pisləşir. Bu səbəbdən də, insanlar sağlamlığı ilə əlaqədar heç bir problem yaşamaq istəmirsə, tibbi sığortadan istifadə etməlidir.
Qeyd edim ki, ötən il “Tibbi sığota haqqında” qanuna mühüm yeniliklər edildi. Və gələn ildən Azərbaycanda tam tətbiqi planlaşdırılır. Bununla da, 1999-cu ildən səhiyyə gündəmini zəbt edən bir problemin həll ediləcəyi güman edilir. Bu sığorta növünün tətbiqinin yalnız səhiyyə deyil, eyni zamanda, digər sektorlara o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Bu sisteminin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də sözü gedən islahat vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən, az təminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq. Bir sözlə, icbari tibbi sığorta bütün vətəndaşların məcburi olaraq sığorta olunması deməkdir. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan, daha aydın desək xəstələnən zaman sığorta sənədini göstərməklə pulsuz olaraq müalicə oluna biləcək.

yap.org.az

Digər xəbərlər