Müsahibə

  • 4 216

Ukraynalı siyasətçi: İlham Əliyevin köklü islahatları Prezidentin xarici çağırışlara adekvat qiymət verdiyini göstərir

image

Ukraynanın Avropa Partiyasının lideri, parlamentin dörd çağırış deputatı, hüquq elmləri namizədi Nikolay Katerinçuk AZƏRTAC Dövlət İnformasiya Agentliyinə müsahibə verib.

- Azərbaycan və Ukrayna arasında siyasi və iqtisadi əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Nəqliyyat-energetika və ticari-iqtisadi əlaqələr həmişə bizim əməkdaşlığımızın prioritet istiqamətləri olub. Donbasda müharibə başlanmasından sonra Ukraynada ÜDM-in 25 faiz aşağı düşməsinə baxmayaraq ölkəmizin Azərbaycanla iqtisadi əməkdaşlığı sürətlə inkişaf edir. Statistik rəqəmlər göstərir ki, ikitərəfli ticarətin həcmi ildən-ilə artır. Ukrayna neftayırma zavodlarına Azərbaycan neftinin tədarükündə, neftin öz ərazisindən Avropaya nəqlində və əlbəttə, iqtisadiyyatımıza, xüsusən neft-qaz sənayesinə sərmayələr qoyulmasında maraqlıdır. Əminəm ki, Prezident Vladimir Zelenski ölkələrimiz arasında əməkdaşlığı yeni səviyyəyə qaldıra biləcək. Axı, bu gün Prezidentimiz, hökumətimiz iqtisadi islahatların həyata keçirilməsi, sərmayələrin cəlb olunması və açıq iqtisadiyyatın qurulmasında qətiyyətli mövqe nümayiş etdirir.

- Azərbaycan Prezidenti İlham Əliyev bir sıra irimiqyaslı energetika və infrastruktur layihələri həyata keçirir. Bu günlərdə TANAP-ın Avropa hissəsinin də açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin regionda rolunu necə qiymətləndirirsiniz?

- İlham Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın regionda və dünyada rolu əhəmiyyətli dərəcədə artıb. Hesab edirəm ki, o, Azərbaycanın mühüm geosiyasi mövqeyini nəzərə alaraq xarici siyasət kursunu çox savadlı müəyyən edib. Məhz onun rəhbərliyi ilə Azərbaycan Avropanın qonşuluq siyasətinə daxil edilib və Şərq tərəfdaşlığının iştirakçısına çevrilib. Onun hakimiyyəti dövründə Azərbaycanda siyasi vəziyyət daha da stabilləşib. Əlbəttə ki, sizin ölkənizin Avropa regionunun enerji təhlükəsizliyinin təmin edilməsində rolunu da qiymətləndirməmək mümkün deyil.

Axı TANAP qaz kəməri artıq energetikada böyük İpək yoluna çevrilib. Qaz kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycan uzun illər üçün Avropa İttifaqının energetika tərəfdaşına çevrilib və energetika bazarında ciddi aktor kimi çıxış edir.

Ukrayna da qaz tədarükünü şaxələndirərək bu kəmərin imkanlarından istifadə edə bilər. Bu, bizim üçün olduqca vacibdir.

-Son aylar Azərbaycanda köklü islahatlar aparılıb. Prezident İlham Əliyev idarəetməni təkmilləşdirmək üçün kadr islahatları həyata keçirir. Bu islahatları xarici dairələrdə yüksək qiymətləndirirlər. Biz Sizin mövqeyinizi də bilmək istərdik.

-İlham Əliyevin apardığı köklü islahatlar göstərir ki, Prezident Azərbaycanın qarşısında duran xarici çağırışlara adekvat qiymət verir və onları çox gözəl başa düşür. Birinci növbədə, mən diqqəti dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş kadr islahatlarına çəkmək istəyirəm. 2013-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar sayəsində Azərbaycan yeni Asiya pələnginə çevrilib. Əminəm ki, Prezident Vladimir Zelenskinin Azərbaycana səfəri tarixi hadisə olacaq və bizim ikitərəfli münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıracaq. Hər iki dövlət bunda maraqlıdır.

Digər xəbərlər