Bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının növbəti dəfə parlaq qələbəsi ilə tarixə düşəcək

Milli Məclisin deputatı Sona Əliyeva
- Sona xanım, bildiyimiz kimi ölkəmizdə bütün sferalar üzrə islahatlar həyata keçirilir. Bu islahatların əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, son 16 ildə müstəqil Azərbaycan həyatın bütün sahələrində böyük uğurlara imza atıb. Respublikamız dünyada inkişaf prioritetlərini və onlara çatmaq yollarını düzgün müəyyənləşdirən nümunəvi dövlət kimi tanınır. Qürur hissi ilə qeyd edə bilərik ki, hazırda respublikamızın ayrı-ayrı istiqamətlər üzrə qazandığı inkişaf göstəriciləri dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatıb. Bütövlükdə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.
Əlbəttə, inkişaf barədə söhbət açarkən ilk növbədə bunu şərtləndirən amillərə nəzər salmaq lazımdır. Azərbaycanın qazandığı uğurların təməlində dayanan bir sıra amilləri sadalamaq mümkündür ki, bunların sırasında islahatlar xüsusi önəm daşıyır. Qeyd edim ki, beynəlxalq reytinq agentlikləri də ölkəmizdə uğurla reallaşdırılan islahatları yüksək dəyərləndirirlər. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarına diqqət yetirsək bunu aydın görə bilərik.
Həqiqətən də, Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri məhz ölkədə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır. İslahatlar sosial-iqtisadi sahədən başlamış məhkəmə-hüquq, qanunvericilik sahələrini də əhatə edir. Eyni zamanda, həyata keçirilən kadr islahatları da cəmiyyətdə rəğbətlə qarşılanır.
Beləliklə, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən ölkəmiz öz inkişafını, bir qayda olaraq, zamanın dəyişən tələblərinə uyğun qurur. Uğurların miqyasını artırmaq üçün qarşıya yeni hədəflər qoyulur və onlara çatmaq yolları müəyyənləşdirilir. Biz son illərdə respublikamızda müxtəlif sferalarda dəyişiklikləri özündə ehtiva edən mühüm qərarların qəbul edilməsinin şahidi olmuşuq. Dövlət başçısının imzaladığı çoxsaylı Fərman və sərəncamlarla təsdiqlənən bu qərarlar inqilabi səciyyə daşıyır. Bütövlükdə, cəmiyyətimiz bu islahatların müsbət nəticələrini hiss etməkdədir.
- Son illər sosial sahədə həyata keçirilən islahatlar da mühüm nəticələr verməkdədir. Bu barədə də fikirlərinizi bilmək istərdik...
- Azərbaycanda dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir. Ölkəmizdə səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq dövlətimizin başçısı tərəfindən Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur.
Ümumiyyətlə, ölkəmizin dinamik iqtisadi inkişafı, həmçinin güclü sosial siyasətlə tamamlanır. Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır. Milli iqtisadiyyatımızın potensialının artması öz növbəsində sosial sferada bilavasitə insanların həyat səviyyəsinin yüksəlməsinə hesablanan genişmiqyaslı islahatların həyata keçirilməsinə yeni imkanlar açıb. Bu strateji xəttə uyğun olaraq son illərdə ölkəmiz insan inkişafı göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub.
2019-cu il respublikamızda sosial islahatlar ili kimi səciyyələndirilə bilər. Respublikamızda cari ilin əvvəlindən reallaşdırılan sosial islahatlar, bir tərəfdən, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, yüksək praktiki nəticələr verdiyini təsdiqləyirsə, digər tərəfdən də, dövlətimizin gücünü nümayiş etdirir. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyi münasibəti ilə keçirilən tədbirdə ölkəmizdə bundan sonra sosial sferada daha böyük addımlar atılacağını nəzərə çatdırıb: “İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır. Bu, imkan verir ki, sosial sahəyə böyük diqqət yetirək. Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Nəyin hesabına? Bu, göydən düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə də etməliyik”.
Bilirsiniz ki, gələn ilin dövlət büdcəsində sosial sahə üçün ayırmalar 30 faizdən çoxdur. Bu fakt sosial sferada islahatların davamlı xarakter daşıdığını əyani şəkildə təsdiqləyir.
- Sona xanım, dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Hazırda seçkilərin təbliğat-təşviqat kampaniyası davam edir. Sizcə, cəmiyyətdə seçki əhval-ruhiyyəsi necədir?
- Bilirsiniz ki, demokratik seçkilər vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsasını təşkil edir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası bu sahədə əsas prioritetləri müəyyən edib. Bütövlükdə, azad və demokratik seçkilərin keçirilməsi və bu seçkilərin keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. Bu baxımdan Azərbaycan Respublikasında ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mühüm qanunvericilik formalaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman demokratik və şəffaf seçki keçirilməsi üçün siyasi iradə nümayiş etdirib və bir sıra mühüm əhəmiyyət kəsb edən sənədlər imzalayıb.
Ümumiyyətlə, Azərbaycanda hər zaman seçkilər azad, demokratik və şəffaf keçirilib. Bu fakt beynəlxalq qurumlar tərəfindən də etiraf olunur. Bu ilki bələdiyyə seçkiləri də, fikrimcə, növbəti dəfə demokratiyanın təntənəsi olacaq. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 1606 bələdiyyəyə 15 min 156 bələdiyyə üzvü seçilməlidir. Yarandığı vaxtdan bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində fəal iştirak edir. Hazırda partiyamız uğurlu təbliğat-təşviqat kampaniyası aparır. Təqdirəlayiq hallardan biri də odur ki, partiyamız bu seçkilərdə gənclərə və qadınlara da böyük etimad göstərərək onların namizədliyinə böyük önəm verib.
Mən təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Qadınlar Şurasının xətti ilə bir sıra bölgələrdə seçicilərlə, xüsusilə qadın seçicilərlə görüşlərdə iştirak etmişəm. Fakt üçün deyə bilərəm ki, mənim təmsil olunduğum Şəmkir rayonunda 42 bələdiyyə üzrə YAP-dan 400 nəfər namizəd irəli sürülüb. Onların da 212 nəfəri qadınlardır. Göründüyü kimi bu seçkilərdə partiyamız tərəfindən qadınlara böyük etimad göstərilib. Bu fakt eyni zamanda, qadınların ictimai-siyasi proseslərdə fəallığının artmasını göstərir.
Əminliklə deyə bilərəm ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə Azərbaycan tarixinə daha bir demokratik seçki günü qeyd olunacaq. Həm də, bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının növbəti dəfə parlaq qələbəsi ilə tarixə düşəcək.

yap.org.az