Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm tarix yazır

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov

- Nizami müəllim, 2019-cu il artıq tarixə qovuşdu. Sizcə, ötən il Azərbaycan üçün hansı uğurlarla yadda qaldı?
- Əlbəttə ki, başa vurduğumuz 2019-cu il uğurlu il kimi Azərbaycanın tarixinə yazıldı. Hesab edirəm ki, Azərbaycanın qazandığı uğurlar bütün dünyada yaşayan azərbaycanlıların nailiyyəti kimi dəyərləndirilə bilər. Çünki müasir müstəqil Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların Vətəni hesab olunur.
Ümummili Liderimiz Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün azərbaycanlıları vacib məqsədlər ətrafında birləşdirir. Bu məqsədlər birlik və həmrəylik, müstəqil dövlətimizin inkişafına və daha da gücləndirilməsinə xidmət etməkdən ibarətdir. Dövlətimizin başçısı İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində qeyd etdiyi kimi, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub. Cənab Prezident təbrikində onu da bildirib ki, dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Məhz bunun nəticəsidir ki, bəşəriyyəti narahat edən bir çox problemlər Bakıda müzakirə olunur, ölkəmiz bu istiqamətdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Azərbaycan bu gün dünyada sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınır. Ötən il ərzində ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə Görüşünə, Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin Azərbaycana keçməsi dövlətimizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir.
Ötən il həmçinin, TANAP layihəsinin Avropaya birləşən hissəsinin açılışı oldu. Bu da bizim üçün tarixi hadisədir. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini gücləndirir. Ümumilikdə, Azərbaycan 2019-cu ildə hər bir sahədə möhtəşəm nailiyyətlər əldə edib. Sosial-iqtisadi, humanitar, mədəni sahələrdə mühüm uğurlar qazanıb. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm tarix yazır.
- Ötən il eyni zamanda, ölkəmizdə mühüm islahatlar həyata keçirildi. Bu islahatların əhəmiyyəti nədən ibarətdir?
-Bəli, islahatlar baxımından ötən il xüsusilə əlamətdar oldu. Bilirsiniz ki, Azərbaycan öz siyasətini bir qayda olaraq zamanın dəyişən tələblərinə uyğun qurur. Bu baxımdan respublikamızda reallaşdırılan islahatlar xüsusilə səciyyəvidir. Azərbaycanı fərqləndirən əsas məqamlardan biri ondan ibarətdir ki, reallaşdırılan islahatlar kompleks səciyyə daşıyır və dövlət siyasətinin bütün istiqamətlərini əhatə edir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində "2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır", - deyə vurğulayıb.
2019-cu ildə də uğurla davam etdirilən islahatların mühüm bir qismi iqtisadi sektoru əhatə edir. Ötən il milli iqtisadiyyatımızda artım davam edib. Mən iqtisadçı olmasam da, açıqlanan rəqəmlərə əsasən deyə bilərəm ki, qeyri-neft sektorunda istehsalın genişlənməsi ilə paralel şəkildə, ölkəmizdən ixrac da artır. Artıq Azərbaycan şirkətləri xarici ölkələrdə keçirilən beynəlxalq sərgilərdə vahid ölkə stendində uğurla təmsil olunurlar. Bütövlükdə 2019-cu ildə respublikamızdan qeyri-neft məhsullarının ixracı təxminən 15 faiz artıb ki, bu da məhsullarımızın yüksək rəqabət qabiliyyətinə malik olduğunu, həmçinin, "Made in Azerbaijan" brendinə dünya miqyasında inamın artdığını təsdiqləyir. Azərbaycanda həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da mühüm yer tutur. Ölkəmiz bir sıra göstəricilərə görə dünya miqyasında ön sıralarda dayanır.
Bundan başqa, ötən il aparılan kadr islahatları da cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılandı. Bütün bunlar göstərir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları birmənalı şəkildə dəstəkləyir.
- Həyata keçirilən sosial islahatlar da cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir...
- Təbii ki. Azərbaycan sosial dövlət olduğu üçün xalqın rifah halı dövlətimizin siyasətində başlıca yer tutur. 2019-cu ildə ölkəmizdə reallaşdırılan islahatlar sırasında sosial məzmunlu islahatların əhatə dairəsi daha geniş olub. Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Bu strateji kurasa uyğun olaraq respublikamızda 2019-cu ilin əvvəlindən bilavasitə insanların rifah halının daha da yaxşılaşmasına, gəlir imkanlarının artmasına hesablanan iki böyük sosial paket uğurla həyata keçirilib. Ötən il aparılan sosial islahatlar bütövlükdə 4,2 milyon insanı əhatə edir. Bu islahatların maliyyə yükü də kifayət qədər böyükdür. Hər iki sosial paketin dəyəri ötən il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manatdır. Prezident İlham Əliyev qeyd edib ki, gələcək illərdə iqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək.
- Nizami müəllim, bildiyimiz kimi 2019-cu il ölkəmizdə “Nəsimi İli” elan olunmuşdu. Bu il çərçivəsində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi İli” elan olunması orta əsrlərin ən qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük məna kəsb etdi. Azərbaycanda hər zaman dövlət rəhbərliyi səviyyəsində söz, ədəbiyyat adamlarına, böyük şəxsiyyətlərə, mütəfəkkirlərə, bu xalqın taleyində böyük rolu olmuş yaradıcı şəxslərə qarşı böyük qayğı və diqqət olub.
Bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il “Nəsimi İli” elan edildi. Ölkə başçısının bu qərarı bütün xalqımız tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın dahi şairi Nəsimi bu xalqın dərdlərinin, əzablarının şairi, haqq-ədalət çarcısı olub. Bütün əzab-əziyyətlərə, incidilmələrə, tərki-Vətən edilməsinə baxmayaraq, öz yazdıqlarının üstündən xətt çəkməyib, əqidəsindən dönməyib. Belə bir dahi şairin, böyük söz adamının xatirələrdə, hafizələrdə, yaddaşlarda yaşaması təbiidir. Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin xüsusilə poeziya və ədəbi dilin inkişafında əvəzsiz xidmətləri olub. Nəsiminin yaradıcılığı dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir.
Bilirsiniz ki, il ərzində mütəfəkkir şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycanda və dünyanın bir sıra ölkələrində böyük təntənə ilə qeyd olunub. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı tədbirlər xüsusilə əlamətdar oldu. Eyni zamanda, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün ölkə ərazisində 650 min ağacın əkilməsi mühüm hadisədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Nəsimi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi oldu.

yap.org.az