YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq

“Azərbaycan” qəzetinin baş redaktoru, 9 fevral parlament seçkilərində 119 saylı Ağdam kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Bəxtiyar Sadıqov
- Bəxtiyar müəllim, YAP-ın namizədlər siyahısı ilə siz də seçkilərdə iştirak edirsiz. Ümumiyyətlə, partiyanın namizədlər siyahısı barədə nə deyə bilərsiniz?
- Əvvəlcə, mənim də namizədliyimin altıncı çağırış Milli Məclisə seçkilərdə partiya siyahısı ilə irəli sürülməsinə görə möhtərəm Prezidentimizə, partiyamızın sədri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu mənə partiyamızın üzvü kimi növbəti dəfə göstərilən böyük etimaddır. Bu etimadı layiqincə doğrultmaq mənim mühüm vətəndaş borcum, siyasi öhdəliyimdir.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək. Artıq seçki prosesi təbliğat-təşviqat mərhələsinə qədəm qoyub. Lakin növbəti çağırış parlament seçkilərində xüsusi izlənən məqam şübhəsiz ki, YAP-ın elan edəcəyi namizədlərlə bağlı idi. Bu siyahıya əvvəlcədən ictimaiyyətin əlahiddə marağı var idi və siyasi mövqeyindən asılı olmayaraq hər kəs üçün hakim partiyanın qarşıdakı seçkilərə kimlərlə qatılacağı mühüm önəm daşıyırdı. Siyasi opponentlərimiz onlara alternativ olacaq YAP təmsilçisinin adını böyük intizarla gözləyirdilər. Eləcə də siyasi mənsubluğu olmayan əhali də öz dairəsindən bu nüfuzlu təşkilatın kimin namizədliyini irəli sürəcəyinin marağında idi. Təbii ki, məlum məqama xüsusi həssaslıqla yanaşanlar arasında YAP üzvləri də çoxluq təşkil edirdi. Siyasi talelərini Heydər Əliyev Partiyasına bağlayan yüz minlərlə insan öz aralarından seçiləcək ən layiqli namizədlərin müəyyənləşmə prosesini diqqətlə izləyirdilər.
YAP üzvlərinin 742 mindən çox olduğunu, partiya sıralarında Azərbaycan cəmiyyətinin ən nüfuzlu, hörmətli, dövlətçilik və partiya yolunda böyük xidmətləri olan insanların cəmləşdiyini nəzərə alsaq, etiraf etməliyik ki, YAP-ın bu seçkilərdə iştirak etməyə mənəvi haqqı çatan yüzlərlə üzvü var. Bu baxımdan YAP-ın siyahısı partiyanın daxilində aparılan əhatəli və geniş müzakirələrin, araşdırmaların, təhlillərin nəticəsi kimi meydana çıxdı. Təbii ki, namizədlərin müəyyənləşdirilməsi zamanı seçicinin iradəsi, namizədin istər partiya sıralarında, istərsə də cəmiyyət həyatında rolu və iştirakı kimi məsələlər başlıca meyar və yanaşmalar kimi nəzərə alındı.
YAP-ın Milli Məclisə deputatlığa namizədlərini bir neçə kateqoriya üzrə təsnifatlaşdırmaq olar. Bu sırada hakim partiyanın yenə də elm xadimlərinə önəm verməsi xüsusilə fərqlənir. Belə ki, namizədlər siyahısında 43 nəfər alim var. Həmin şəxslər elm sahəsinin tanınmış nümayəndələri olmaqla yanaşı, Azərbaycanın nüfuzlu ziyalıları, görkəmli ictimai xadimləridirlər.
Qadınların ictimai həyatda, partiya quruculuğunda iştirakına böyük önəm verən və bu prinsipi öz sıralarında uğurla tətbiq edən Yeni Azərbaycan Partiyası altıncı çağırış Milli Məclisin deputatlığına namizədlər siyahısında da qadın təmsilçilərinin sayına böyük diqqət ayırıb. Belə ki, partiyanın namizədləri arasında 28 qadın var.
YAP-ın namizədlər siyahısında perspektivli gənclərə də xüsusi yer ayrılıb. Bu dəfə onlar həm kəmiyyət, həm də nüfuzun keyfiyyəti baxımından xüsusilə fərqlənirlər. 18 gənc YAP-ın namizədi kimi seçkidə iştirak edəcək. Yaşı 45-dək olan namizədlərin sayı isə 53 nəfərdir.
Onu da qeyd edim ki, YAP-ın namizədlər siyahısında adları yer alan 45 nəfər həm də beşinci çağırış Milli Məclisin deputatlarıdırlar. Bu şəxslər son parlamentin tərkibində fəaliyyət göstərən YAP üzvlərinin əksəriyyətini təşkil edirlər. Demək, partiya və onun sədri mövcud qanunverici orqanda təmsil olunan təşkilat üzvlərinin işgüzarlığından razıdır və onlara yenidən etimad göstərir.
Azərbaycan hakimiyyəti ölkədə özəl sektorun inkişafı istiqamətində davamlı islahatlar həyata keçirdiyi kimi, həmin sahənin təmsilçilərinin qanunverici orqanda təmsil olunmalarında da maraqlıdır. Çünki həmin zümrənin təmsilçiləri özəl sektorun inkişafı ilə bağlı məsələləri yaxşı bilirlər və onların bu sahədəki təklifləri qanun yaradıcılığı prosesində mühüm rol oynayır. Təsadüfi deyil ki, YAP-ın namizədlər siyahısında 10 nəfər özəl sektorun təmsilçisi var.
Siyasi partiyaların seçki kampaniyasının uğurunu təmin edən amillərin içərisində düzgün namizədlərin müəyyənləşdirilməsi taktikası əhəmiyyətli rol oynayır. Bu baxımdan YAP-ı namizədlərin müəyyənlişdirilməsi ilə bağlı təcrübəli siyasi təşkilat hesab etmək olar.
- YAP-ın namizədlərinin seçkidə qalib gəlmək şanslarını necə dəyərləndirirsiniz?
- Növbəti parlament seçkilərində YAP-ın namizədlərinin seçilmə şansları ilə bağlı sualınızı, bütövlükdə YAP-ın Azərbaycan cəmiyyətindəki nüfuzu kontekstindən cavablandırmaq istəyirəm. Tarixi zərurətdən yaranan YAP ilk gündən azərbaycançılıq və dövlətçilik mövqeyində dayanıb, öz proqram prinsiplərinə sədaqət nümayiş etdirərək, gənc Azərbaycan demokratiyası üçün ləyaqətli bir ənənənin əsasını qoyub. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində YAP sıralarında yüz minləri birləşdirən əsl ümumxalq partiyasına çevrilib.
Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün seçkilərinin qalibi bizim partiya olub. Ötən 27 ildə Azərbaycanda 6 prezident, 5 parlament və 5 bələdiyyə seçkisi keçirilib. Bu seçkilərin hər birində böyük üstünlüklə YAP üzvləri və həm də YAP qalib gəlib. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir. Partiya öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə, milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verir və eyni zamanda, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərir. Digər tərəfdən, bu qələbələr həm də təşkilati göstəricilərə və ictimai nüfuzuna görə bu gün respublikada YAP-a alternativ olacaq qüvvənin olmamasından xəbər verir. Malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi, yaradıcısının əbədi mövcud olacaq nüfuzu YAP-ın bundan sonra da hakim partiya statusunu qoruyacağına güclü təminatdır.
Ölkəmizdə hazırda 50-dən çox siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, nüfuzuna və gücünə görə YAP ilə müqayisə olunmaq imkanında deyil. YAP-ın cəmiyyətin lokomotiv qüvvəsi kimi çıxış etməsinin əsasında həm də xarizmatik lider amili rol oynayır. Bu mənada partiyamızın müvəffəqiyyətini ilk növbədə əbədiyaşar liderimiz Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsində axtarmaq lazımdır. YAP-ın "Heydər Əliyev partiyası" adlandırılması da obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə təcəssüm etdirir.
Son 16 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qazandığı misilsiz və möhtəşəm nailiyyətlər YAP-ın Azərbaycan cəmiyyətindəki nüfuzunu daha da yüksəldib, ölkənin siyasi həyatındakı mövqelərini daha da möhkəmləndirib. Bu baxımdan qarşıdan gələn parlament seçkilərində YAP-ın ən böyük resursu da seçicilərin Azərbaycan Prezidenti və YAP sədri İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə inamıdır. Bu, YAP-ın bütün namizədlərinin istinad etdiyi, güvəndiyi və uğur gətirəcəyinə inandığı əsas resursdur. Son 16 ildə Azərbaycanda ümumi daxili məhsul 3,3 dəfə artıb, 2 milyon yeni iş yeri yaradılıb, maaşlar 7, pensiyalar 9 dəfə çoxalıb. Valyuta ehtiyatlarımız 26 dəfə artaraq 50 milyard dollara çatıb, iqtisadiyyata 270 milyard dollar sərmayə qoyulub, Sənaye potensialı 2,7dəfə, kənd təsərrüfatı 1,8 dəfə artıb. 3200 dən çox məktəb binası, 640-dan artıq səhiyyə ocağı tikilib və təmir olunub, 16 min kilometr avtomobil yolu çəkilib, 6 beynəlxalq hava limanı, 4 su anbarı tikilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Cənub Qaz Dəhlizi, Oğuz-Qəbələ-Bakı su kəməri, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, orbitə buraxılan 3 peyk, 30 yeni elektrik stansiyası bu dövrün möhtəşəm inkişaf tarixinin ayrı-ayrı nümunələridir. Əlbəttə, bütün bu uğurlar, həm də YAP-a və onun namizədlərinə verilən səslərdə öz ifadəsini tapır.
Bütövlükdə parlament seçkiləri xalqın hakimiyyətə sarsılmaz etimadını növbəti dəfə nümayiş etdirəcək. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni islahatlar kursunun ölkəmizdə çox böyük uğurlara gətirib çıxarması faktdır. Azərbaycan iqtisadiyyatının inkişaf etməsindən tutmuş əhalinin rifahının yaxşılaşdırılması, Azərbaycanın simasının müasirləşdirilməsi və yeniləşdirilməsi də daxil olmaqla çox böyük irəliləyişlər əldə edilib. Bütün bunların sayəsində Azərbaycan vətəndaşları iqtidar partiyası olan YAP-a və təbii ki, onun irəli sürəcəyi namizədlərə dəstəyi açıq şəkildə ifadə edirlər və qarşıdan gələn seçkidə də biz bunun şahidi olacağıq.
- Bəxtiyar müəllim, yeni islahatlar kursuna toxundunuz. İstərdik bu barədə ətraflı söz açasız. İlham Əliyevin yeni islahatları Azərbaycan cəmiyyətinə hansı yenilikləri gətirməkdədir?
- Cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Respublikamızın son illərdə nail olduğu inkişaf göstəriciləri də islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələridir. Siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub.
Ötən ildən isə Azərbaycan öz inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyub. Həm iqtisadiyyatda, həm sosial sferada tamamilə yeni, köklü islahatların təməli qoyulub. 2019-cu ilin əvvəlindən idarəetmədə çevikliyi artırmaq məqsədilə başlanan struktur islahatları daha sonra sosial sferanı əhatə etdi. Milyonlarla vətəndaşın rifahında əhəmiyyətli dərəcədə hiss olunan sosial islahatlar keçirildi, çoxmənzilli binalarda vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması ilə bağlı çətinliklər, o cümlədən problemli kreditlər məsələsi həll olundu.
Artıq dövlət hakimiyyətinin bütün qollarını əhatə edən islahatların qanunverici hakimiyyəti də əhatə etməsi ölkədə baş verən köklü yeniliklərdən irəli gələn sosial və siyasi sifarişdir. Bu baxımdan dərinləşən islahatlara paralel olaraq siyasi islahatların davam etdirilməsi, indiki halda qanunverici orqanın yenilənməsi mühüm əhəmiyyət kəsb edir.
Bütövlükdə, Azərbaycanda həyata keçirilən islahatlar məzmununa görə məqsədyönlü və konkret hədəfə doğru hesablanıb. Ən əsası bu islahatlar məhdud sfera ilə məhdudlaşmayaraq kompleks xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir. Sözsüz ki, bu islahatlar nəticə etibarilə ölkəmizin yüksəlişinə, möhtərəm İlham Əliyevin inkişaf siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verəcək.

yap.org.az