Müsahibə

  • 8 750

Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

image

27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əliabbas Salahzadə
- Əliabbas müəllim, məlum olduğu kimi fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ölkəmizdə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz?
- Azərbaycan hüquqi-demokratik dövlətdir və ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi hökm sürür. Bu gün Azərbaycan dünyada sabitlik məkanı kimi qəbul olunur. Təbii ki, belə bir cəmiyyətdə yalnız və yalnız inkişafdan söhbət gedə bilər. Bu inkişaf təkcə sosial-iqtisadi sahələrlə məhdudlaşmır, bütün sferaları əhatə edir.
Xüsusilə, ölkəmiz demokratiya yolunda inamla irəliləyir, siyasi plüralizm, söz azadlığı mövcuddur. Eləcə də, Azərbaycanda demokratik təsisatlar bərqərar edilib, vətəndaş cəmiyyəti də oturuşmuş bir inkişaf səviyyəsindədir. Şübhəsiz ki, belə bir cəmiyyətdə azad, şəffaf və demokratik seçkilər üçün bütün imkanlar mövcuddur.
Ona görə də, hesab edirəm ki, ölkəmizdə seçkiqabağı mühit, insanların seçki əhval-ruhiyyəsi çox yüksəkdir. Bu mənada inamla qeyd edə bilərəm ki, fevralın 9-da Azərbaycanda azad və demokratik seçkilər keçiriləcək.
- Sizcə, Yeni Azərbaycan Partiyası seçkilərə hansı naliyyətlərlə gedir?
- Bildiyiniz kimi, Azərbaycan son illər sürətlə inkişaf edib və bunun nəticəsində də həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Təbii ki, qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub, bazar institutları formalaşdırılıb. Yeni inkişaf mərhələsinin məqsədi, ilk növbədə, xarici və daxili sosial-iqtisadi çağırışları qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Bu isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkün olub.
Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli inkişaf modeli formalaşıb. Bu modelin reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılıb, makroiqtisadi sabitlik təmin edilib. Bu reallıq cəmiyyətimiz tərəfindən qəbul edilir. Ölkəmizdə aparılan siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramları inkişaf dinamikasını daha da sürətləndirir. Ümumilikdə, düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlılıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur. İslahatlar təkcə iqtisadiyyatı deyil, o cümlədən sosial və hüquqi sahələri də əhatə edir. Eyni zamanda, aparılan kadr islahatları da cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır.
Qeyd edim ki, başa vurduğumuz 2019-cu il də ölkəmiz üçün yaddaqalan illərdən biri oldu. Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı söylədi ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Müşavirədə qeyd olunduğu kimi, ötən il ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz, kənd təsərrüfatı təxminən 7 faiz artıb. Keçən il inflyasiya 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olub. Bütün bunlar ölkəmizin dayanıqlı inkişafının ifadəsidir.
Bu gün Azərbaycan həmçinin, dünyanın iqtisadi-siyasi həyatında fəal iştirak edən, beynəlxalq aləmdə mövqeyini, imicini ildən-ilə möhkəmləndirən dövlətə çevrilib. Əlbəttə ki, bütün bu nailiyyətlər seçkilərdə partiyamızın şansını əhəmiyyətli dərəcədə artırır. Ona görə də, qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına əminəm.
- Parlament seçkilərində ilk dəfədir ki, iştirak edirsiniz. Yeni Azərbaycan Partiyası tərəfindən 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizədliyiniz irəlü sürülüb...
- Mənə göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Bu, mənim üçün böyük etimaddır və göstərilən etimadı layiqincə doğrultmağa çalışacağam.
Yeni Azərbaycan Partiyası seçkilərə vahid seçki proqramı ilə gedir. Biz namizəd olaraq məhz Yeni Azərbaycan Partiyasını təmsil edirik. İnsanlar da bu seçkilərdə Yeni Azərbaycan Partiyasına səs verəcəklər. Çünki ötən illər ərzində YAP ümumxalq partiyasına çevrilməyi bacarıb. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atır. Ölkəmizdə həyata keçirilən quruculuq və inkişaf prosesində partiyamızın özünəməxsus rolu var və partiyamızın üzvləri bu prosesdə fədakarlıqla iştirak edirlər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti Sabunçu rayonunda da əyani şəkildə özünü göstərir. Ötən illər ərzində Sabunçuda möhtəşəm quruculuq işləri həyata keçirilib və bütün bunlar ictimaiyyətin gözü qarşısında baş verib. Görülən işlər nəticəsində rayon xeylı abadlaşıb, onun siması əhəmiyyətli dərəcədə dəyişib və əhalinin rifah halı yüksəlib. Bu proses hazırda da davam etməkdədir.
Mənim də indiyə qədərki fəaliyyətim Sabunçu rayonu ilə bağlı olub. Əgər partiyamız mənə etimad göstərib deputalığa namizədliyimi irəli sürübsə bu etimadı layiqincə doğrultmaq mənim borcumdur.
- Əliabbas müəllim, qarşıdan gələn parlament seçkilərində şansınızı necə dəyərləndirirsiniz?
- Seçkilər demokratiyanın atributlarından biridir. Hər bir vətəndaş seçki hüquqdan istifadə etməlidir. Mən seçiciləri fevralın 9-da seçki məntəqələrinə gəlib layiq bildikləri namizədlərə səs versinlər.
Qeyd etdiyim kimi, Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti dayanır. Sabunçu rayonunun seçiciləri də bu inkişaf və quruculuq siyasətini öz həyatlarında hiss edirlər. Ona görə də, uğurların davamlı olması üçün seçiciləri Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram. Və inanıram ki, belə də olacaq, seçicilər ümumxalq partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər.

yap.org.az

Digər xəbərlər