Müsahibə

  • 16 146

Parlament seçkiləri dövlətimizin demokratik dəyərlərə verdiyi önəmin daha bir nümunəsi olacaq

image

30 saylı Suraxanı birinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Fətəliyeva
- Sevinc xanım, ölkəmiz mühüm siyasi hadisə ərəfəsindədir. Fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək. Cəmiyyətimizdə bu seçki kampaniyasının da favoriti Yeni Azərbaycan Partiyası hesab olunur. Siz bu faktoru necə şərh edərdiniz?
- İlk öncə 9 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkinin millətimiz və dövlətimiz üçün xeyirlərə vəsilə olmasını diləyirəm. Yeni Azərbaycan Partiyası tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyimin irəli sürülməsi, yenidən Suraxanı seçiiclərilə bir arada olmaq, eyni məqsədlər naminə birgə çalışmaq şansı olmaqla bərabər, böyük etimaddır. Bu etimada görə, partiya rəhbərliyinə təşəkkürümü bildirirəm.
Bilirsiniz ki, mən uzun illərdir millət vəkili kimi Suraxanı rayonunu təmsil edirəm. Həm partiyamızın, həm də seçicilərin etimadını doğrultmaq üçün məsuliyyətimi həmişə dərk etmişəm. Millət vəkili kimi Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi dövlətimizi layiqincə təmsil etməyə çalışmışam. Eyni zamanda, öz fəaliyyətimdə seçicilərimin xidmətində olmuşam, partiyamızın tövsiyə və tapşırıqları əsasında işləməyə çalışmışam.
Qeyd edim ki, parlament seçkilərinə Yeni Azərbaycan Partiyası öz gücünün zirvəsində qatılıb. Bu gün YAP ümumxalq partiyası kimi cəmiyyətimizdə qəbul olunur, ictimai-siyasi nöqteyi nəzərdən Cənubi Qafqaz regionunda ən güclü siyasi təşkilatdır. Burada YAP-ın unikallığı ondan ibarətdir ki, hər zaman partiyamız bütün öhdəlikləri yerinə yetirib. Həyat davam edir, insanların həyat tələbləri də dəyişir və YAP daim bu çağırışlara cavab verməyə hazır olduğunu nümayiş etdirir.
Ümumiyyətlə, ölkəmizdə bütün sahələr üzrə islahatlar həyata keçirilir. Qanunvericilik sahəsində də yeniliklər göstərir ki, Yeni Azərbaycan Partiyası yeni düşüncə ilə seçkilərə gedir. Prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, idarəçilikdə gənclərin irəli çəkilməsi ilə yanaşı təcrübəli insanların da fəaliyyətinə üstünlük verilməlidir. Yəni bu balans qorunmalıdır. YAP-ın deputatlığa namizədlər siyahısı da məhz bu amillərə əsaslanır.
Bütövlükdə, seçkilər xalqın demoktarik cəhətdən inkişafını göstərir. Əminəm ki, bu seçkilərdə də xalqımız fəal iştirak edəcək və seçicilər öz siyasi iradələrini ortaya qoyacaqlar. Hesab edirəm ki, parlament seçkiləri dövlətimizin demokratik dəyərlərə verdiyi önəmin daha bir nümunəsi olacaq.
- Qeyd etdiyiniz kimi Yeni Azərbaycan Partiyası növbəti dəfə 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyinizi irəli sürüb. Ötən dövr ərzində Suraxanı seçicilərinin etimadını nə dərəcədə doğrulda bilmisiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə böyük quruculuq işləri görülür, işsizlik probleminin həlli iqtiqamətində layihələr həyata keçirilir, yeni sosial infrastruktur obyektləri - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələri istifadəyə verilir, yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi davam etdirilir. Bütün regionlarımız, o cümlədən Bakının ətraf qəsəbə və kəndləri sosial-iqtisadi baxımdan uğurla inkişaf edir. Hər bir addım vətəndaşların rifahının daha da yüksəlməsinə hesablanıb.
Bu mənada cənab Prezidentin qayğısı nəticəsində Suraxanı rayonunda da ötən illər ərzində böyük abadlıq və quruculuq işləri görülüb. Belə ki, bir çox sosial layihələr həyata keçirilib, rayonun elektrik enerjisi, qaz təchizatı, yeni parkların salınması, yolların çəkilməsi yönündə böyük işlər görülüb və bu proses davam etməkdədir. Lakin hələ görüləcək işlər, həyata keçiriləcək layihələr, həlli olunmalı məsələlər var. Bir çox məsələlər də vardır ki, onların həlli, Milli Məclisin qəbul etdiyi qanunlardan birbaşa aslıdır və qəbul edilən qanunlar vətəndaşların rifahı naminə hesablanmalıdır.
Biz görülən işlərlə arxayınlaşmırıq, uğurlarla kifayətlənmirik, daim irəli gedirik. Yalnız seçicilərlə bir olaraq qarşıda duran vəzifələrin həllinə nail ola bilərik. Vətəndaşların müraciətlərinə əsasən müxtəlif işlər görülməlidir. Bəzi yerlərdə abadlıq işləri aparılmalıdır. Millət vəkili olaraq özümə borc hesab edirəm ki, vətəndaşlarla daim ünsiyyətdə olum. Onların müraciətlərini müvafiq qurumlara çatdırım, eləcə də parlamentdə səsləndirim. Mən fəaliyyətim dövründə seçicilərin qaldırdıqları problemlərin həllinə çalışmışam və bundan sonra da çalışacağam. Biz daha güclü Azərbaycan naminə daha çox çalışmalıyıq və bu prosesdə daim birliyimizi nümayiş etdirməliyik.
- Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərinizlə görüşlər keçirirsiniz. Bu görüşlərlə bağlı təəssüratlarınız necədir?
- Suraxanı sakinləri vətənpərvər, dövlətçiliyə sadiq insanlardır. Düşünürəm ki, bu seçkilərdə də onlar öz mövqeyini ortaya qoyaraq vətəndaşlıq borcunu yerinə yetirəcəklər. Bütün siyasi proseslərdə Suraxanı sakinləri fəal olub.
Qeyd etdiyim kimi, ötən illər ərzində müxtəlif sahələr üzrə seçicilərin qaldırdığı problemlərin həlli istiqamətində bir çox işlər həyata keçirilib, eyni zamanda ölkəmizi beynəlxalq tədbirlərdə təmsil etmək qürurunu yaşatmaqla yanaşı, haqq səsimizin dünyaya çatdırılması, milli maraqlarımızın qorunması istiqamətində də müsbət addımlar atılıb.
Sosial mənşəyindən aslı olmayaraq, hər bir vətəndaşın gündəlik qayğıları və onu düşündürən məsələlər var: Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün bərpası, dilindən və dinindən asılı olmayaraq, şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, sosial yönümlü iqtisadiyyatımızın inkişafı, ictimai həmrəylik və firəvan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması. Bu, bizlərin ən ali məqsədidir.
Məhz bu baxımdan 9 fevral tarixində seçicilər səsini kimə verəcəyi barədə ciddi düşünməli və seçkilər günü fəal olmalıdır. Ümumi məqsədlər naminə atılan doğru addımlar gələcək uğurların başlanğıcıdır. Qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsi, müstəqil Azərbaycanın gələcək tərəqqisi, daha qüdrətli dövlətə çevrilməsi, xalqımızın daha firəvan həyata qovuşması üçünsə birgə addımlamalıyıq. Səsini əmanət edən seçici və layiq bildiyiniz namizəd - bizlər doğma Azərbaycanımız naminə, düşüncələrimizi və güclərimizi birləşdirməliyik. Çünki bizləri birləşdirən bir ünvan var – Vətən !
Seçicilər növbəti dəfə etimad göstərəcəyi tədqirdə, ali məqsədlərimizin həyata keçirilməsi naminə layiq olmağa çalışacağam və bu güvəni doğrultmaq istiqamətində fəaliyyət göstərəcəyəm. Seçicilərlə müraciətlə bildirirəm ki, sizlərin güvəni, bizim yorulmadan çalışmağımız üçün gücümüz, etimadınız isə məsuliyyətimizdir.

yap.org.az

Digər xəbərlər