Müsahibə

  • 19 422

““Milli Şura” özü-özünü ifşa etdi, səviyyəsizliyini, iç üzünü göstərdi” MÜSAHİBƏ

image

Elşən Musayev: “Milli Şura”nın son videokonfransı həqiqətən rəzalət idi”

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir
- Elşən müəllim, “Milli Şura”nın məlum biabırçı konfransından sonra qurumun üzvü Eldəniz Quliyev “Milli Şura”dan istefa verdi. Bunu artıq “Milli Şura”nın növbəti parçalanması kimi qiymətləndirmək olar?
- Nəinki Eldəniz Quliyev, artıq Rafiq Manaflı da istefa verib. Güman edirəm ki, hələ növbəti istefalar da olacaq. Çünki “Milli Şura”nın Koordinasiya Mərkəzinin son video konfransı həqiqətən rəzalət idi və həmin rəzalətdən sonra nəinki adını sadaladıqlarım, başda Gültəkin Hacıbəyli olmaqla hamı istefa verməli idi. Amma hələ ki, 2 nəfər özündə bu cəsarəti tapıb. Qalanları isə isterik vəziyyətdə ya kənara hücum edirlər, ya da ətrafdakılara. Tam bitiblər. Gözəl anlayırlar ki, özlərini rüsvay ediblər. Bircə video konfransla cəmiyyətin ciddi qınağına tuş gəliblər, quyunun dibinə düşüblər, əsl mahiyyətlərini ortalığa qoyublar və məlum vəziyyətdən çıxış yolu tapa bilmirlər. İndi yəqin düşünürlər ki, bir - iki üzvü qurban verməklə mövzudan yayınmaq olar. Yəni, nəzərdə tutulan budur. Amma alınmayacaq. Ona görə ki, “Milli Şura” düzənlədiyi son videokonfransla çox böyük skandala imza atdı, özü-özünü ifşa etdi, səviyyəsizliyini, iç üzünü göstərdi. Əslində həmişəki hallarıdır, sadəcə bu dəfə necə deyərlər, lap pis yerdə axşamlayıblar, daha dərin batıblar.

“Milli Şura” tam dağılsa da, Əli Kərimli-Gültəkin Hacibəyli cütlüyü həmişə arsız-arsız ortalıqda var-gəl edəcək”
- Videokonfransda tərəflər bir-birini satqınlıqda, xəyanətdə günahlandırdılar və Gültəkin Hacıbəyli sərt şəkildə əqidə dostlarına qarşı ittihamlar irəli sürdü. Bu qarşılıqlı ittihamlar daha da dərinləşəcəyini demək olar?

- Gültəkin Hacıbəyli Azərbaycan siyasətinin ən cığal, ən cır və ən qeyri-praqmatik fiqurudur. Adamın ambisiyası o qədər böyük və hüdudsuzdur ki, həmin ambisiyaları realizə etməkdən ötəri bütün dəyərləri satar, bütün qırmızı xətləri keçər. Üstəlik, olduqca “qırmızı” tipdir. Ona görə də baxarsız, hamı istefa versə də, “Milli Şura” tam dağılsa da, Əli Kərimli-Gültəkin Hacibəyli cütlüyü həmişə arsız-arsız ortalıqda var-gəl edəcək. Çünki adətkardırlar bu duruma. Çünki siyasətdə zaman-zaman min sifətə, min obraza, min dona giriblər. Bu da olsun min birinci. Onlara nə fərq edər ki? Üz yox, abır yox, utanmaq yox, kompleksə girmək yox. Həmişə getdikləri yol xəyanət yolu olub. Daim hərraca çıxıblar ya da çıxarılıblar. Həmişə kim daha sərfəli pul, qrant təklifi veribsə o tərəfə dığırlanıblar. İndi kükrəyir Gültəkin. Özünü sığortalamağa çalışır. Aqressiya püskürərək günahı boynundan atmağa çalışır. Fəqət, çifayda. Onun xislətinə artıq hər kəs bələddir. Hamı bilir və fərqindədir ki, bu adam komanda ruhunda olan biri deyil. Eqaistdir. Harda olursa olsun, vəziyyət özünə sərf etmədisə hər kəsi anındaca güdaza verəcək xarakterə sahibdir. Və mən əsas bilirsinizmi hansı məqamı gözləyirəm? - Bu naqisin öz tayı olan başqa bir naqisə - Əli Kərimliyə üsyan qaldıracağı günü. Bax əsl tragikomediya onda olacaq. Əsl fırtına onda qopacaq. İki minsifət tutuşacaq bir-biri ilə. Açıb-tökəcəklər sandıqdakı pambığı. İndi isə hələ başları qarışıb, ətrafdakıları sıradan çıxarmağa. Hazırda elə Gültəkini qızışdıran çox güman ki, Əli Kərimlidir. Öz köhnə metodlarını ona öyrədir. Ayrıca, siz sualınızda xüsusi vurğu ilə qeyd etdiniz ki, Gültəkin Hacıbəyli öz əqidə dostlarına qarşı ittihamlar irəli sürür. Oysa, bilin və agah olun: Gültəkin Hacıbəylinin əqidə anlayışından xəbəri belə yoxdur. Əqidəsi olmayanın isə əqidə dostu olmur.

“Bu minsifətdən hər şey gözləmək olar”

- Sizcə, “Milli Şura” da baş verən qarşıdurmalar Əli Kərimlinin hazırladığı bir layihə ola bilər?
- Əli Kərimli daim və hər zaman bütün qurduğu planlarla bərabər fiaskoya uğrayan adamdır. İndi bilmirəm nə düşünür, yenə nə düzüb-qoşur, yekunu nəyə hesablayıb, ümumiyyətlə nəsə plan qururmu– qurmurmu? Gerçəkdən ehtimal belə edə bilmirəm. Amma bildiyim tək həqiqət budur: adam nə edirsə yanlış edir, yaramazca edir, xəbiscə edir. Ola bilsin, “Milli Şura”da özünə yeni rəqib görüb, onu bitirir. Ola bilsin, elə Gültəkinin özünü çıxdaş eləmək istəyir, ola bilsin Eldəniz Quliyevi qəsdən danışdırıb, sonra videonu yayıb, onu sıradan çıxarır. Əlqərəz, ehtimallar çoxdur və hüdudsuzdur. Bu minsifətdən hər şey gözləmək olar. O, öz lideri Əbülfəz Elçibəyə xəyanət edən insandır. Beləsinin edə bilməyəcəyi nəsə varmı? Əli Kərimlinin ümumiyyətlə bu günə qədər etmədiyi rəzillik qalıbmı? Yox, təbii. Bu səbəbdən, hər şey mümkündür. Üstəlik, Kərimlinin bu məqamda gizlənib müzakirələrdən kənar qalması, qınından çıxmaması, fikir bildirməməsi də şübhələr yaradır. Adam siyasi buqələmundur. Bilmək olmur bu gün hansı rəngdədir, sabah hansı rəngdə olacaq.

sia.az

Digər xəbərlər