Koronavirusa qarşı savaşda olan GÖMRÜKÇÜLƏR- MÜSAHİBƏ

İyunun 11-dən etibarən Mərkəzi Gömrük Hospitalı yalnız koronaviruslu xəstələri qəbul etməyə başlayıb. Nüfuzlu idarə xəstəxanası, koronavirusla mübarizədə hökumətə kömək etmək məqsədilə öz işini tamamilə yenidən qurub. Bizim bugünkü müsahibimiz, Mərkəzi Gömrük Hospitalının tabe olduğu Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovdur. SİA müsahibəni oxuculara təqdim edir:

- Ceyhun müəllim, əvvəlki müsahibələrdə sizin xidmət haqqında çoxlu maraqlı məlumat vermişdiniz. Lakin təəssüflər olsun ki, keçən dövr ərzində bizim ölkə, bütün dünyada olduğu kimi, COVID-19 pandemiyası ilə bağlı artan problemlərlə üzləşmişdir. Biz bilirik ki, DGK tibbi xidməti ilk günlərdən indiyə qədər pandemiya ilə mübarizənin ön sıralarındadır. Zəhmət olmasa, bu barədə daha ətraflı danışa bilərdinizmi?
- Əminliklə deyə bilərik ki, Azərbaycanda ilk olaraq kovid təhlükəsi ilə üz-üzə gələn gömrükçülər olmuşdur. Bir daha xatırlatmaq istəyirəm ki, 2008-ci ildən başlayaraq məhz Gömrük Komitəsi sərhədyanı buraxılış məntəqələrində sanitar nəzarət üçün cavabdehlik daşıyır. Bəli, koronavirusun vurduğu zərbəni ilk olaraq bizim sərhəddəki gömrük əməkdaşlarımız öz üzərinə götürdü və məhz onların fədakarcasına çalışması sayəsində başlanğıc mərhələdə infeksiyaya yoluxanların sayını minimum səviyyədə saxlamaq, ölkənin əks-epidemioloji tədbirlərə hazırlanması üçün vaxt qazanmaq mümkün oldu. Bunu da əlavə edə bilərəm ki, gömrük sərhəd buraxılış məntəqələrində sanitar nəzarətin gücləndirilməsi məqsədilə bizim Tibbi Xidmət İdarəsinin nəzdində xüsusi Sanitar-Karantin Xidməti yaradılıb. Epidemioloji risklərin artdığı dövrdə belə bir xidmətin yaradılmasını, ölkəmizə xüsusi təhlükəli infeksiyaların “idxalının” qarşısının alınması və eyni zamanda gömrükçülərin sağlamlığının qorunması üçün vaxtında görülmüş və effektiv tədbir hesab edirəm. Bu Xidmət çərçivəsində bizim tərəfimizdən periferik dayaq tibb məntəqələri infrastrukturunun yaradılması nəzərdə tutulub ki, bununla da ölkənin bioloji təhlükəsizliynin təmin edilməsi üçün mövcud olan imkanlarımız daha da gücləndiriləcəkdir. Hal-hazırda bu Xidmətin qurulması prosesi gedir, kadrların seçilib təyin olunması və müəyyən təşkilati məsələlərin həlli həyata keçirilir. Belə planlaşdırırıq ki, ən yaxın zamanda bizim Sanitar-Karantin Xidməti tam gücü ilə fəaliyyət göstərməyə başlayacaqdır.
- Bu gün, belə deyə bilərəm ki, bütün oxucuların diqqəti Gömrük Hospitalında müalicə alan Bəhram Bağırzadənin taleyinə, həmçinin, bu xəstəliklə qarşılaşmış bizim digər həmvətənlərimizin taleyinə yönəlmişdir. Sizin Hospitalın, Azərbaycanda ən texnoloji və qabaqcıl bir xəstəxana kimi ən ağır xəstələrin müalicəsini öz üzərinə götürməsi çox şey haqqında deyir. Sizin klinikanın bugünkü fəaliyyəti ilə bağlı bizə nələri söyləyə bilərsiniz?
- 11 iyundan etibarən Mərkəzi Gömrük Hospitalı kovid xəstələrinin müalicəsinə başlayıb. Buna biz hələ fevral ayından hazırlaşmağa başlamışdıq və belə proqnozlaşdırırdıq ki, müəyyən şərtlər daxilində koronaviruslu xəstələrin müalicəsində bizim də köməyimiz tələb oluna bilər. Qısa müddət ərzində Hospitalda 2-ci dərəcəli bioloji müdafiəyə malik PZR laboratoriya təşkil edilmiş, palatalarda əlavə oksigen vermə xətləri təmin olunmuş, əlavə avadanlıqlar, o cümlədən süni tənəffüs və EKMO cihazları alınmış, kovid xəstələrinin müalicəsi və idarə edilməsi üçün müvafiq protokollar tərtib edilmiş, qoruyucu vasitələrdən istifadə ilə bağlı personala xüsusi təlimlər keçilmiş, infeksion xəstələrin qəbulu üçün ayırıcı zonalar nəzərdə tutulmuş və digər işlər həyata keçirilmişdir. Qeyd etməliyəm ki, Dövlət Gömrük Komitəsi rəhbərliyinin bizə göstərdiyi və göstərməkdə davam etdiyi dəstək olmasaydı, bütün bunlar mümkün ola bilməzdi.Bu gün isə bizim Hospitalın işi yalnız kovid xəstələrinin müalicəsinə həsr olunub. Hospitalımıza əsasən ağır və ya çox ağır xəstələr daxil olur. Biz bilərəkdən məhz ağır xəstələrin qəbul edilməsinə razılıq verdik, çünki başa düşürük ki, digər karantin xəstəxanaları ilə müqayisədə bizim Hospital çox güclü reanimasiya briqadası ilə fərqlənir. Çünki bu briqadanın üzvləri, adi vaxtlarda çox mürəkkəb kardiocərrahi əməliyyatlardan və orqan köçürülməsi əməliyyatlarından sonrakı “çətin” xəstələrə yardım göstərən təcrübəli həkim və tibb bacılarıdır. Bundan başqa, Gömrük Komitəsinin dəstəyi sayəsində Hospitalımız yüksək texnologiyalı tibbi avadanlıqlarla kifayət qədər yaxşı təmin olunub. Təsadüfi deyil ki, məhz Mərkəzi Gömrük Hospitalı Azərbaycanda koronaviruslu xəstənin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) aparatını tətbiq etmiş ilk və hələ ki yeganə tibb müəssisəsidir...Bunu da söyləməliyəm ki, bizim bugünkü qəhrəmanlarımız yalnız reanimatoloqlar deyil, Hospitalın bütün tibb işçiləridir. Növbə zamanı bir çox saat ərzində qoruyucu kombinezon, maska və üzlükdə işləmək əsl fədakarlıqdır və mən, bu gün belə çətin şəraitdə çalışan bizim hər bir əməkdaşımıza buna görə səmimi qəlbdən təşəkkür edirəm. Eynilə də bu günlərdə ölkənin digər xəstəxanalarında koronaviruslu xəstələrə yardım göstərən hər bir tibb işçisinə öz dərin hörmətimi və minnətdarlığımı bildirmək istəyirəm.
- Cənab Prezidentin dediyi kimi, biz birlikdə güclüyük! Bugünkü vəziyyətdən çıxmaq üçün bütün imkanların birləşdirilməsi, millətin tam birliyi tələb olunur. Lakin sözsüz ki, əsas ağırlıq səhiyyə sisteminin üzərinə düşür. Bu kontekstdə ölkəmizdəki ayrı-ayrı qurumlara aid idarə tibb müəssisələrinin rolu və onların perspektivləri barədə öz fikrinizi söyləyə bilərsinizmi?
- Bu gün ölkəmizin səhiyyə sistemində, müasir dünyanın reallıqlarına və insanların tələblərinə tam cavab verə bilmək üçün köklü yenidənqurma aparılır. Bu zaman yalnız zəif həlqələri yenidən qurmaq deyil, ilk növbədə, bizdə artıq mövcud olan yaxşı və güclü sahələri saxlamaq və möhkəmləndirmək çox vacibdir. Bu baxımdan ayrı-ayrı qurumlara məxsus olan idarə tibb müəssisələrinin rolu barədə qoyulan sual yeni deyildir. Lakin bəlkə də yalnız indi, pandemiya şəraitində biz bu əlavə səhiyyə resursunun necə zəruri və effektiv olduğunun əyani şahidi ola bildik.Şübhəsiz ki, bizim İdarə ölkənin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan, aktuallığı hazırkı qloballaşan dünyada get-gedə artan bir çox funksiyaları yerinə yetirir. COVID-19 ilə bağlı vəziyyət buna parlaq misaldır. Ölkə üçün kritik bir məqamda Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi öz tibb xidmətini yenidən qura və bütün potensialını koronavirusla mübarizəyə səfərbər edə bilmişdir. Düşünürəm ki, bu son dərəcə müsbət bir təcrübə olmaqla bərabər, fasiləsiz fəaliyyətlərindən ölkənin rifahının asılı olduğu strukturlara tibbi yardım göstərilməsi üçün qurumlararası tibbi xidmətin yaradılmasına da əsas ola bilər.

sia.az