Müsahibə

  • 13 864

"Azərbaycan qadınının siyasi proseslərdə rolu misilsizdir" MÜSAHİBƏ

image

"Azərbaycanın hökmdar qadınlarından olan Tomrisin adı Herodotun məhşur "Tarix" əsərində geniş əksini tapıb. Azərbaycanın ilk diplomat qadını Sara Xatunun xarici ölkələrlə, o cümlədən Avropa ölkələri ilə diplomatik əlaqələri dünya tarixində silinməz iz qoymuşdur və sonrakı dönəmlərində bu kimi örnək nümunələr tariximizin qürur duyuran səhifələrindəndir". Bu sözləri Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Tarix elmləri namizədi Nüşabə Məmmədova Azərbaycan qadınının siyasi proseslərdə iştirakı ilə bağlı verdiyi müsahibəsində deyib. SİA sizə müsahibəni təqdim edir:

- Azərbaycan qadını ölkəmizdə siyasi məsələlərdə və ictimai-siyasi proseslərdə aktiv iştirak edirmi?
- Azərbaycanda siyasi məsələlərdə və siyasi proseslərdə Azərbaycan qadını aktiv iştirak edir. Bu təbiidir. Hazırda ölkəmiz müharibə şəraitindədir. Hər bir Azərbaycan vətəndaşı öz milli məsuliyyəti qarşındadır. Müstəqilliyimizin qorunması, dövlətçiliyimizin daha da inkişafı, beynəlxalq əlaqələrimizin genişləndirilməsi, tariximizin, milli mədəniyyətimizn təbliği və onlarla qarşıda olan bu kimi vəzifələrin həyata keçirilməsi zərurəti olduğu halda, ictimai-siyasi proseslərdən kənarda qalmaq mümkün deyildir. Digər tərəfdən, müasir Azərbaycan qadınının cəmiyyətin inkişafında lokomotiv qüvvələrdən birinə sahib olması xalqımızın genetik yaddaşından irəli gəlir. Tarixin bütün dönəmlərində Azərbaycan qadınları dövlətçiliyin qorunması və möhkəmləndirilməsi, torpaqlarımızın toxunulmazlığı uğrunda birgə mübarizə aparmış, dünya tarixində cəsarət, vətənpərvərlik, müdriklik nümunələri göstərmişdirlər.
Azərbaycanın hökmdar qadınlarından olan Tomrisin adı Herodotun məhşur "Tarix" əsərində geniş əksini tapıb. Azərbaycanın ilk diplomat qadını Sara Xatunun xarici ölkələrlə, o cümlədən Avropa ölkələri ilə diplomatik əlaqələri dünya tarixində silinməz iz qoymuşdur və sonrakı dönəmlərində bu kimi örnək nümunələr tariximizin qürur duyuran səhifələrindəndir.
102 il bundan öncə müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası dünyanın bir çox ölkələrindən, həmçinin Avropa ölkələrindən öncə qadınlara seçki hüququnun verilməsi ilə tarixə demokratik ənənələrin aparıcı qüvvəsi olaraq daxil oldu ki, bu Azərbaycan qadınının tarix boyu siyasi proseslərdə misilsiz hünərinə verilən yüksək dəyər idi.
- Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə ölkəmizdə qadın hüquqlarının müdafiəsi hansı səviyyədə idi?
- Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə qadın siyasətinin dövlətin əsas prioritet istiqamətlərindən birinə çevrilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz, Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq qadın məsələlərini əhatə edən konvensiyaları, protokolları ratifikasiya edilməklə qanunvericilikdə qadınların hüquqları təkmilləşdirilmişdir. 1995-ci ildə ölkəmiz BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasına (CEDAW), 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız həyat" Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002-ci illərdə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulmuşdur.
Azərbaycanda siyasi məsələlərdə və siyasi proseslərdə qadınlarının aktivliyinin artırılması məqsədilə müəyyən edilmiş bu siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləmiş, mühüm əhəmiyyətə malik nailiyyətlər əldə etmişdir. Hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə davamlı, yeni strateji xətt yüksək səviyyədə, uğurla davam etdirilir və bu, ölkəmizin hərtərəfli və sürətli inkişaf dövrüdür.
- Bəs, dünyada necə? Ötən əsrə nəzər saldıqda qadınların siyasi proseslərdə rolu artıbmı?
- Dünyada son 60 ilə yaxın bir müddətdə qadınların siyasi proseslərdə rolunda, aktivliyində yeni bir dönəm başlayıb. 1960-cı ildə Sirimavo Bandaranaike dünyanın ilk qadın-baş naziri oldu. Onun rəhbərliyi ilə Şri-Lanka müstəmləkə asılılığından və müharibədən azad edildi. Sonra iki dəfə baş nazir seçildi. Avropanın “Dəmir Leydi”si Marqatit Tetçer Birləşmiş Krallığın 11 il Baş naziri oldu və Soyuq müharibə çərçivəsində Şərq bloku ölkələri ilə mübarizə apardı, ingilis siyasətini təməldən dəyişdi. Sonrakı dönəmdə qadınların siyasətə gəlməsi nəticəsində Avroasiya məkanında və ümumiyyətlə dünyada çoxsaylı maraqlı və mütərəqqi dəyişikliklər baş verdi: Hindistanın Baş naziri İndira Qandi, Pakistanın ilk qadın-hökumət başçısı Benazir Bhutto, Asiyada ilk qadın-prezident Cory Aquino və digər qadınlar dünyanın siyasi mənzərəsinə rəng qatdılar.
Bu gün Avrasiya siyasi məkanında, Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və ISESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva qadınların siyasətə aktiv şəkildə qoşulmasının və dünya ölkələrinin əksəriyyətinin idarəetmə quruluşlarına yol imkanlarının genişləndirilməsinin nümunəsi, müasir qadın hərəkatının lideridir. Mehriban xanım Əliyevanın təşəbbüsləri və tövsiyələri ilə sivilizasiyaların platformalarının kəsişməsində yerləşən Azərbaycanın sosial, humanitar, mədəni modernləşməsinin aparıcı amilinə çevrilməsi prosesinin təməli qoyulub və inkişaf etməkdədir.
- Bu gün dövlət qurumlarında və digər müəssisələrdə xanım nümayəndələr kifayət qədər təmsil olunurmu?
- Müasir həyatımızda Azərbaycan qadınının siyasi proseslərdə aktivliyi diqqət mərkəzindədir. Demək olar ki, ictimai-siyasi həyatın bütün sahələrində qadınlar təmsil olunurlar. 2020-ci ilin rəsmi statistikasına görə, dövlət qulluğunda çalışan qadınlar 30 faizə yaxın təşkil edir, parlamentdə qadınlar 22 mandatla təmsil olunurlar. Vətəndaş cəmiyyəti institutlarında təmsil olunanların 30 faizə yaxını qadınlar təşkil edir. Bütün bunlar göstərir ki, Azərbaycanda siyasi məsələlərdə və siyasi proseslərdə Azərbaycan qadınının aktiv iştirakı labüddür. Siyasi proseslərdə aktiv qadınlar, öz evində vətənə layiqli övlad böyüdən analar, məktəblərdə gələcəyimiz olan uşaqlara təhsil öyrədən müəllimlər, cəmiyyətimizin sağlamlığı keşiyində dayanan həkim qadınlar bu və ya digər formada ictimai-siyasi proseslərin aktivləridir. Azərbaycanımızın daha da güclənməsi, torpaqlarımızın işğaldan azad olunması istiqamətində dövlətimizin apardığı uğurlu siyasətə dayaq olmaq naminə daima aktiv fəaliyyətimizi gücləndirməliyik.

sia.az

Digər xəbərlər