Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu

- Elşad müəllim, məlum olduğu kimi, mayın 10-da Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Ulu Öndərimizin dövlətimiz və xalqımız qarşısında xidmətləri misilsizdir. Sizcə, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtmasının milli tariximizdə əhəmiyyəti nədən ibarətdir?
- Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsilə Azərbaycanda təmin olunmuş sabitlik inkişafın effektiv baza komponentlərini formalaşdırmağa imkan verdi. Xalq həmin dövrün mürəkkəbliyini, vəziyyətin çıxılmazlığını dərk edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. Mövcud vəziyyət ilkin olaraq milli inkişaf və təhlükəsizlik siyasətinin formalaşdırılmasını və həyata keçirilməsini tələb edirdi. Bunun üçün ictimai münasibətlərin tənzimlənməsi, dövlət idarəçiliyi sahələrində böyük təcrübəyə və preventiv addımlar atmaq bacarığına malik olmaq lazım idi.
Yüksək liderlik keyfiyyətlərinə malik olan Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqliyyimizə və suverenliyimizə qarşı yönəlmiş mövcud və potensial təhlükələri aradan qaldırdı. Unikal strateji baxış sərgiləyərək Azərbaycanın biri-birilərini riyazi dəqiqliklə tamamlayan mərhələləri əhatə edən milli inkişaf strategiyasını müəyyənləşdirdi. Əsas komponentlərini sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması və milli ordu quruculuğunun təşkil etdiyi unikal inkişaf strategiyası ölkənin davamlı uğurlarını və milli təhlükəsizliyimizin ən vacib məsələsinin həll olunmasını təmin etdi.
Belə ki, məhz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası ölkənin bütün istiqamətlərdə-siyasi, iqtisadi, hərbi, informasiya-potensialını formalaşdırıraq və davamlı olaraq gücləndirərək ərazi bütövlüyünün təmin olunmasına imkan verdi. Təbii ki, bu strategiyasının dinamik dəyişən zamanın tələblərinə uyğun yeni elementlərlə zənginləşdirilməsi də böyük müdriklik və yaxşı idarəçilik təcrübəsi tələb edirdi.
- Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasətin uğurlu davamı haqqında nə deyə bilərsiniz?
- 2003-cü ildə böyük elektoral dəstəklə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev idarəçiliyinin elə ilk vaxtlarından məsələlərə və proseslərə özünün strateji baxışları ilə diqqəti cəlb edirdi. Həm xarizmatik liderin bütün keyfiyyətlərinə, həm də effektiv dövlət idarəediciliyi bacarıqlarına və təctübəsinə malik Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını daha da inkişaf etdirərək milli inkişafın yeni modelini yaratdı. Ölkənin qarşısında duran inkişaf hədəflərinə ardıcıl və sistemli şəkildə çatılması bütün addımlar atıldı.
Təbii ki, bu hədəflərin hamısı birbaşa və ya dolayısı ilə Azərbaycan vətəndaşının rifahı ilə bağlıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, onun fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Cənab İlham Əliyevin 18 illik hakimiyyətini hər şeydən öncə bütün sahələrdə dərin islahatlar dövrü kimi səciyyələndirmək olar. Xüsusilə də prinsipiallıq və uzaqgörənliklə həyata keçirilmiş islahatlar Azərbaycan iqtisadiyyatını dünyanın ən dinamik inkişaf edən sahələrindən birinə çevirdi. Nəzərə almaq lazımdır ki, son dövrlərdə qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyasında ciddi aktivlik müşahidə olunmaqdadır. Bu çağırışlara uyğun olaraq, iqtisadi islahatların yeni istiqamətləri müəyyənləşdirilərək həyata keçirilmişdir. Ölkədə mövcud olan ən yüksək kriteriyalara cavab verən sabitlik və təhlükəsizlik mühiti böyük həcmdə investisiya axını şərtləndirmişdir ki, bu da milli iqtisadiyyatın inkişafına əlavə dinamiklik qatmışdır. Dünyanın aparıcı reytinq agentliklərinin cədvəllərində davamlı olaraq ölkəmizin əldə etdiyi uğurlar öz əksini tapır. Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılması üçün bütün ilkin komponentlər mövcuddur və bu istiqamətdə inamlı addımlar atılmaqdadır.
- Hazırda Azərbaycanın inkişafında yeni mərhələ başlayıb...
- Ölkənin ərazi bütövlüyünün təmin olunmasından sonra milli inkişafın yeni keyfiyyət mərhələsindən danışmaq üçün əsas yarandı. Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdikdən sonra həmin ərazilərin də potensialının milli iqtisadi inkişaf dövriyyəsinə cəlb edilməsi sayəsində ölkəmizin sosial-iqtisadi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişəcək. Prezident İlham Əliyev tərəfindən bütün istiqamətdə atılan addımlar həm də Qarabağın işğaldan azad olunmasına hesablanmışdır. Bundan sonrakı mərhələdə isə Qarabağ Azərbaycan dövlətinin və xalqının ən güclü və effektiv inkişaf ruporuna çevriləcək.
Prezident İlham Əliyevin 18 illik rəhbərliyi dövrünə qısaca nəzər salmaq aydın göstərir ki, bu dövr Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrüdür. Belə ki, bu dövrdə Azərbaycan dövləti beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində özünün olduqca təsirli rolunu və yerini müəyyənləşdirdi. Prezidentin və ölkəmizin uğurlarının əsasında Ulu Öndər Heydər Əliyev ideyaları dayanır. Bu ideyalara sadiqlik, Heydər Əliyev siyasi kursunun innovativ yanaşma ilə zənginləşdirilərək davam etdirilməsi sayəsində bu günkü uğurlarımıza çatmışıq. Heydər Əliyev kimi milli liderin bütün keyfiyyətlərinə malik olan cənab İlham Əliyev də hər bir azərbaycanlının layiqli lideri və Prezidenti oldu.

yap.org.az