"İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olub" - MÜSAHİBƏ


Son günlər Qaragöl dövlət təbiət qoruğu ilə əlaqədar gündəmdən düşməyən bir sıra məsələlər var. Belə ki, 10 noyabr razılaşmasına görə, Ermənistan Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya prosesini erməni tərəfi özüyə yaraşan tərzdə yalanlar uydurmaqla məsələnin əsl mahiyyətinin məcrasını dəyişməyə çalışır. Mövzu ilə əlaqədar AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblınnın SİA-ya müsahibəsini təqdim edirik.
- Qaragöl dövlət təbiət qoruğunun tarixi və geostrateji əhəmiyyəti nədir?
- Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində yerləşən Qaragöl dövlət təbiət qoruğunun sahəsi 240 hektardır. Tarixə nəzər salsaq həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə, həm də sovet dövründə "Qaragöl" tam şəkildə, ətrafındakı torpaqlar da daxil olmaqla Azərbaycana məxsus olub. Kolxoz və sovxozlaşma dövründə ərazi 1928-ci ildə Qarıqışlaq icmasına məxsus 3 nömrəli otlaq yeri kimi göstərilib, 1951-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin 557 saylı qərarı ilə bütövlükdə Laçın camaatının istifadəsinə verilib. Çingiz Mehrəliyevin 26 yanvar 1989-cu ildə “İzvestiya” qəzetində dərc olunmuş “Dağlar gözəlinin taleyi” adlı məqaləsindən sonra isə SSRİ rəhbərliyi Laçın camaatını sakitləşdirmək üçün Qaragöldə respublikalararası qoruq yaratmağı tövsiyə edib.
Bundan başqa, Qaragöl tarixən Laçın rayonunun Qarıqışlaq və ona qonşu kəndlərdə yaşayan Gəloxçu tayfasının yaylaq yeri olub. Gəloxçu tayfasının qəbristanlıqlarından bir neçəsi məhz Qaragöl ətrafındadır. Orada Qaraməmmədli, Qanlıca, Çeyil düzü adlanan yerlərdə müsəlman məzarlıqları var. Gəloxçular Zəngəzura XIII əsrin başlarında moğolların yürüşü zamanı gəlsələr də, o tarixə qədər də Qaragöl müsəlman türklərin məskəni olub. Bunu həmin ərazidəki “Məhəmməd övladları” adlanan və hazırda ermənilər tərəfindən dağıdılmış IX əsrə aid türbə, qədim məscid və müsəlman məzarlarının qalıqları da təsdiq edir. Gəloxçu camaatı şaman ənənələrini indi də müəyyən qədər yaşadan bir el olaraq Qaragölü müqəddəsləşdirib və əfsanələşdiriblər. El yaddaşında bu göllə bağlı yüzlərlə bayatı, əfsanə, rəvayət mövcuddur. El köçəndə Qaragöl ətrafındakı "Çıraq daşı"da xüsusi ritual gerçəkləşdirib.
Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli Qərarı ilə yaradılıb. Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşən qoruğun ümumi sahəsi 240 hektardır. Bura 176 ha İşıqlı Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə aiddir. Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 kv.km-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 milyon kub metrdir.
Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir, həm də Alp landşaft kompleksinə malik olab bu gölün mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Qoruqda 102 bitki növ növü vardır ki, bunlar 68 növ və 27 ailədən ibarətdir. Gölə heç bir yerdən su axımının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı.
- Ermənistanın ekoloji təcavüzünə münasibətiniz?
- Qaragölün suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirdi. Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552 m) yamacında 2650–2700 m hündürlükdə yerləşir.
1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Gorus rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həm də onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu. O vaxtlar laçınlıların ermənilər tərəfindən belə münasibətə narazılıqları qismən də olsa onların fəaliyyətlərini məhdudlaşdırırdı.
Quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarət olan qoruğun bitki örtüyü zəngin deyil. Bitki nümunələrinin azlığı qoruğun quru sahəsinin kiçik olması və əsas nadir və endemik bitkilərin onun sərhədlərindən kənarda qalması ilə əlaqədardır. Burada bitki örtüyünün inkişafına və zənginliyinə uzun illər qoyun sürülərinin otarılması və suvarmaya gətirilməsi nəticəsində tapdalanaraq korlanması xeyli mənfi təsir göstərib. Bundan başqa, gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur.
- İşğal dövründə vəziyyət necə olub?
- Qoruğun işğal dövründə vəziyyəti heç də qənaətbəxş olmayıb. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanıb. Qoruğun quru sahələri çox az olub yüksək alp xallılarının nadir və endemik bitkilərini qorumağa tam imkan vermir. İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olub. Lakin mənfur qonşularımız olan ermənilər onu ələ keçiriblər. Qaragöl dövlət təbiət qoruğunun işğal altında olması ilə əlaqədar hər iki respublika arasında yaranmış hazırki siyasi və milli münaqişənin qoruğun aqibətinə mənfi təsir göstərib. Nəzərdən kənar qalmış gölün suyundan intensiv istifadə göl üçün qarşısıalınmaz neqativ təsirlərə gətirib çıxarıb.
- Azərbaycan Respublikasının mövqeyi və hazırki vəziyyəti?
- Azərbaycan Xarici İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti rəsmi bəyanatlarına baxmayaraq həmişə olduğu kimi Ermənistan və ona dəstəkləyən qüvvələr yenə işğalçı və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirlər. Təbii ki, Azərbaycan Respublikası üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri Azərbaycana aid mövqelərdə yerləşdirilir.Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunsa da, bu Azərbaycanın tarixi və hüquqi haqqıdır.

sia.az