Müsahibə

  • 3 454

Azərbaycan Respublikası Cümhuriyyətin siyasi varisidir

image

Milli Məslisin deputatı, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov

- Anar müəllim, Azərbaycan Xalq Cümhuriyyəti hansı şəraitdə elan olundu?

- Məlumdur ki, 1914-cü ildə I Dünya müharibəsi başladı və I Dünya müharibəsinə qoşulan dövlətlərin hər birinin maraqları var idi. O cümlədən, çar Rusiyasının Osmanlıya qarşı bu müharibədə iştirak etməkdə məqsədi Osmanlı imperiyasını məğlub etmək, Bosfor, Dardanel boğazlarını və İstanbulu ələ keçirmək idi. Təbii ki, Osmanlı dövləti də belə fikirləşirdi ki, çar Rusiyası məğlub ediləcəyi təqdirdə, Rusiyaya zorla birləşdirilən bütün müsəlmanları böyük Turan dövlətinin tərkibində birləşdirə biləcəkdir.

1917-ci ilin fevralında 300 il hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi, Rusiya respublika elan olundu. Xalqlar həbsxanası sayılan Rusiya imperiyası tərəfindən əsarətə alınmış xalqlar müstəqillik uğrunda mübarizəyə başladılar. Qurtulan xalqlardan biri də Gülüstan və Türkmənçay müqavilələri ilə işğal edilən Azərbaycan xalqı idi. Azərbaycanın müstəqilliyini istəməyən və bu torpaqları öz işğalı altına salmaq üçün Bakı soveti qüvvələri, erməni milli şurası və Daşnaqsutun partiyası azərbaycanlı əhaliyə qarşıqırğınlara başladılar.

1918-ci ilin martında erməni silahlı birləşmələri həm Şimali, həm Cənubi, həm də Qərbi Azərbaycanda heç bir günahı olmayan on minlərlə azərbaycanlıya qarşı soyqırım həyata keçirdilər və Azərbaycanın milli demokratik ziyalıları dərk etdilər ki, Fevral burjua inqilabından sonra Rusiyanın tərkibində ərazi muxtariyyatı istəməkdənsə, ümidlərini şimaldan – Rusiyadan üzməli, nəzərlərini Osmanlıya çevirməli və Osmanlı dövlətindən yardım istəməlidirlər.

1918-ci ilin fevral-mart aylarında Osmanlı dövləti üçün elə bir şərait yarandı ki, o, öz torpaqlarını rüs-daşnaq qüvvələrindən azad etdi, ondan yardım gözləyən qardaş Azərbaycan xalqına da kömək etməyi planlaşdırdı.

1918-ci il mayın 26-da Zaqafqaziya Seymində gürcü fraksiyası Osmanlı dövlətinin onun ərazisinə hücumunu bəhanə edərək, Azərbaycan tərəfini bu işdə günahlandırdı. Ona görə, mayın 26-da Gürcüstan tərəfi Zaqafqaziya Seymindən çıxdı və Gürcüstan müstəqilliyini elan etdi. Mayın 27-də Seymin Azərbaycan fraksiyası Müvəqqəti Milli Şura yaratdı. Mayın 28-də Milli Şura altı bənddənibarət “İstiqlal Bəyannaməsi”ni qəbul etdi.

- Anar müəllim, Cümhuriyyət 23 ay yaşadı və bu 23 ay ərzində Azərbaycan xalqına nələri verə bildi?

- Bəli, Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Şərqinin ilk Cümhuriyyəti oldu. Bu Cümhuriyyət 23 ay fəaliyyət göstərdi və 23 aylıq fəaliyyəti dövründə 350 dəfə “ilk” sözünə imza atdı. Bu ilklərdən bir neçəsini saymaq istəyirəm. Azərbaycan Xalq Cümhuriyyəti coğrafi məfhum olan “Azərbaycan” sözünü siyasi məfhuma çevirdi. Bu vaxta qədər müxtəlif adlar altında təsbit olunan bu ərazi Azərbaycan, dövlət isə Azərbaycan Xalq Cümhuriyyəti adlanmağa başladı. Azərbaycan Xalq Cümhuriyyəti iyunun əvvəllərində Osmanlı dövləti ilə Batum müqaviləsi imzaladı və bu müqavilədən irəli gələrək Qafqaz İslam Ordusu Azərbaycanın köməyinə gəldi. Bu ordu Cümhuriyyətin Gəncədən Bakıya qədər istiqlal savaşında iştirak etdi, 1330 nəfər şəhid verdi, Bakı şəhərini Sentrokaspi qüvvələrindən azad etdi və Bakı sentyabrın 15-dən bütün Azərbaycanın paytaxtına çevrildi. Doğrudur, 1918-ci ilin dekabrında Azərbaycan parlamenti təsis olunarkən, parlamentin qəbul etdiyi ilk qərarlardan biri Bakının ən əzəmətlı yerində Azərbaycanın İstiqlal savaşında şəhid olan Osmanlı əsgər və zabitlərinə abidənin qoyulması idi. Abidənin qoyulmasına başlandı, ancaq təəssüflər olsun ki, 1920-ci ilin aprel işğalı bu işi yarımçıq qoydu.

Cümhuriyyətin ən böyük uğurlarından biri Azərbaycan dilini dövlət dili elan etməsi oldu. Cümhuriyyət bu dövr ərzində – 1918-ci ilin iyun-iyul aylarında Bakı Soveti qüvvələrini istefa verməyə məcbur etdi. 1918-ci ilin sentyabrında Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Milli Hökumət Bakı şəhərinə daxil oldu. Eyni zamanda, 1918-ci ildə general Tomson başda olmaqla, ingilis qüvvələri Bakıya daxil oldu. İngilis qüvvələri əvvəlcə, Azərbaycanı müstəqil dövlət kimi tanımasa da, 1918-ci ilin dekabrın 28-də onlar bu dövləti müstəqil dövlət kimi tanıdılar.

Dekabrın 7-də Azərbaycan parlamentinin açılışı oldu. Azərbaycan parlamentində türk-müsəlman əhalisinə 80, ermənilərə 20, ruslara 10, almanlara 1, yəhudilərə 1, gürcülərə 1, polyaklara 1 yer ayrıldı. Onu da qeyd etmək lazımdır ki, əslində, gürcü, yəhudi, polyak və almanlara seçki məcəlləsinə görə yer düşmürdü. Ancaq Azərbaycan hökumətinin humanist addımlarının nəticəsi idi ki, Azərbaycanda kimin yaşamağından və sayından asılı olmayaraq, onların hər birinə bir yer ayırmış oldu. Azərbaycan parlamentinin 17 ay ərzində 145 iclası keçirilmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-u qəbul olunmuşdur.

Azərbaycan hökumətinin ən böyük uğurlu işlərindən biri də Paris Sülh konfransına Əlimərdan bəy Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyətinin göndərilməsi oldu. 1920-ci il yanvarın 11-də uzun və çətin mübarizədən sonra, Paris Sülh konfransının Ali Şurası Azərbaycanı de-fakto tanıdı.

Bütün bunları deməkdə məqsədim odur ki, Cümhuriyyət o dövr üçün nə mümkündürsə, onları etdi. Hətta onu da xüsusi qeyd etmək lazımdır ki, 1919-cu ilin iyulunda parlament seçkilərində qadın və kişilərin bərabərliyini elan etdi. İnkişaf etmiş Avropa dövlətlərində bu qanun II Dünya müharibəsindən sonra qəbul olundu.

- Anar müəllim, Cümhuriyyətin ermənilərə və Ermənistan Respublikasına münasibətilə bağlı nə deyə bilərsiniz?

- Əlbəttə ki, bu gün Ermənistan hansı xəyanətkar siyasəti yeridirsə, XX əsrin əvvəllərində də Azərbaycana, azərbaycanlı əhaliyə qarşı soyqırım həyata keçirən mənfur düşmən adını qazandı. Onu da qeyd etmək lazımdır ki, onlar Cümhuriyyətin qurulmasına kimi Azərbaycanın Bakı şəhəri başda olmaqla, ayrı-ayrı bölgələrində türk-müsəlman əhalisinə qarşı soyqırım həyata keçirmişdi. Amma Azərbaycan tərəfi Ermənistanla qonşuluq münasibətlərini qurmaq üçün hətta may ayının 29-da İrəvanın ermənilərə verilməsi haqqında qərar verdi. Eyni zamanda, sonrakı dövrlərdə də bu qonşuluq münasibətlərini inkişaf etdirmək üçün cəhdlər göstərdi. Ancaq təəssüflər olsun ki, erməni tərəfi nəinki Azərbaycanın bu xeyirxah, dost münasibətindən bəhrələnmək istədi, əksinə Azərbaycana qarşı olan təcavüzkar siyasətindən əl çəkmədi. Hətta 1919-cu ildə Tiflisdə Azərbaycan və erməni tərəfi sülh danışıqlarına başladı. Təəssüf ki, ermənilər bu danışıqları pozdu.

Zəngəzurla bağlı danışıqlar gedərkən erməni tərəfi Azərbaycan tərəfini inandırdı ki, əgər onlar bu ərazidən öz ordusunu çıxarsa, ermənilər də çıxacaqlar. Təbii ki, Azərbaycan tərəfi onlara inandı və ordusunu çıxardı. Amma ermənilər isə Zəngəzur ərazisindən nəinki, ordusunu çıxartdı, yerli azərbaycanlı əhaliyə qarşı soyqırıma başladılar.

Qarabağda erməni qiyamlarına, separatçı hərəkətlərə kifayət qədər şərait yaratdılar. 1919-cu ilin iyulunda Azərbaycan ordusu Qarabağ ərazisinə daxil oldu, avqust ayında ermənilərlə 26 bənddən ibarət müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə erməni tərəfi Cümhuriyyət qanunlarını qəbul edir və ona tabe olmağa məcbur edilirdi.

Təbii ki, Azərbaycan tərəfinin bu dövr üçün ən mühüm işlərindən biri Azərbaycanın ərazi bütövlüyü məsələsi idi və bu istiqamətdə də uğurlu işlərə başladı.

- Anar müəllim, Cümhuriyyət dövründə mübahisəli ərazi məsələləri hansı şəkildə idi?

- Qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana və Gürcüstana, Gürcüstanın Azərbaycana və Ermənistana və Azərbaycanın da hər iki dövlətə qarşı ərazi iddiaları var idi. Azərbaycanla Gürcüstan arasında 8,7 min km2 ərazi, Ermənistanla isə 7,8 min km2 ərazi mübahisəli idi. Ona görə də 1920-ci il yanvarın 11-də Paris Sülh konfransının Ali Şurası Azərbaycanı de-fakto tanıyarkən tövsiyəsi ondan ibarət oldu ki, öz aranızda ərazi mübahisələrini həll edin, ondan sonra Paris Sülh konfransının Ali Şurası hüquqi cəhətdən də bu üç dövləti tanıya bilər. Amma təəssüflər olsun ki, bunları etmək mümkün olmadı.

- 70 illik Sovet dönəmində Azərbaycan Xalq Cümhuriyyətinə münasibət necə idi?

- Əslində, Cümhuriyyət Azərbaycan xalqının tarixi, mədəniyyəti, dini etiqadları ilə bağlı nə mümkündürsə, onları etdi. Cümhuriyyət dövründə ilk dəfə olaraq, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı rəsmi şəkildə dövlət səviyyəsində qeyd olundu. Eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq, Maarif və Dini Etiqad Nazirliyi yaradıldı. İslam adət-ənənələrinə xüsusi qayğı göstərilirdi və bu da dövlət səviyyəsində öz həllini tapdı. Eyni zamanda, 1919 və 1920-ci illərin martın 31-i Milli Matəm Günü kimi qeyd olundu. Bunlardan əlavə, dövlətin daxili və xarici siyasətilə bağlı nələr mümkündürsə, Cümhuriyyət bunları etdi. Amma təəssüflər olsun ki, 1920-ci ilin aprel işğalı Cümhuriyyət dövründə nələr əldə olunmuşdusa, onların üzərindən xətt çəkdi. Müstəqil dövlət yox, müttəfiq bir respublika, son nəticədə SSRİ deyilən nəhəng bir imperiya və Azərbaycan da bu imperiyanın tərkibində çabalamağa başladı. Bir sözlə, bolşevik rejimi Cümhuriyyətin yaratdıqlarını bir mənalı olaraq ləğv etdi və tarixdən silməyə çalışdı.

- Anar müəllim, Azərbaycan yenidən dövlət müstəqilliyini əldə edərkən, bu siyasətin Cümhuriyyət siyasətilə hansı bağlılığı oldu?

- 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi və yeni yaranmış Respublika özünü Cümhuriyyətin varisi elan etdi. Təbii ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Cümhuriyyətə olan münasibət tamamilə dəyişdi. Cümhuriyyət dövründə olan üçrəngli bayrağımız, himnimiz bərpa olundu, Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərildi və s. Xüsusilə, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Cümhuriyyətin 80 illiyi, 90 illiyi və Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Bütün bunlar bir daha göstərdi ki, Azərbaycan Respublikası Cümhuriyyətin siyasi varisidir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Cümhuriyyətin zaman çatmadığına görə həyata keçirə bilmədiklərini həll etdi.

Bakı neftini o zaman dünya bazarına tam gücüylə çıxarmaq mümkün olmadı, amma 2005-ci ildə Bakı-Ceyhan beynəlxalq neft kəməri bunu reallaşdırdı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanması ilə Azərbaycan vaxtilə Cümhuriyyətin arzusunu yerinə yetirə bildi.

• Azərbaycan Cümhuriyyəti Azərbaycanda ali hərbi məktəblər aça bilmədi, ancaq Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu gün kifayət qədər çox sayda ali hərbi məktəblər vardır.

• Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Konstitusiyasını qəbul edə bilmədi. Amma 1995-ci ilin noyabrında Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi.

• Azərbaycan Xalq Cümhuriyyəti o zaman parlament seçkilərini keçirə bilmədi, amma 1995-ci ilin noyabrında Azərbaycan Parlament Seçkiləri keçirildi.

• Əlifba islahatı ilə bağlı Əlifba Komissiyası yaradıldı, amma bunu etmək mümkün olmadı. Azərbaycan 1991-ci ildə latın qrafikalı əlifbaya keçdi.

• Torpaq məsələsini o zaman həll etmək mümkün olmadı, amma 1996-cı ildə aqrar məsələ həll edildi.

• Cümhuriyyət o dövrdə iki dövlətlə münasibət qura bilmədi. Bunlardan biri Ermənistan, digəri Sovet Rusiyası idi. Amma bu gün Rusiya Federasiyası ilə bütün müstəvilərdə münasibətlər qurulub. Lakin təəssüflər olsun ki, Ermənistanla bu münasibətləri bu gün də qurmaq mümkün olmadı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ermənistan qonşu dövlət kimi yox, düşmən dövlət kimi hərəkət edərək Azərbaycan torpaqlarının 20%-ni işğal etdi, Azərbaycanın 1 milyon qaçqın və köçkünü yarandı. Azərbaycan bu illər ərzində dünyanın ən nüfuzlu təşkilatlarına, nüfuzlu dövlətlərinə müraciət etsə də, onlar Azərbaycanın haqq işində ona kömək etmədilər. Yalnız 2020-ci ilin sentyabrında Azərbaycanın dövlət başçısı siyasi qərarını qəbul etdi və 44 günlük müharibə nəticəsində Azərbaycan öz tarixi torpaqlarını düşmən işğalından azad etdi Azərbaycanın üçrəngli bayrağı bu gün həmin torpaqlarda şərəflə dalğalanır. Doğrudur, düşmən tərəfi Dağlıq Qarabağ ərazisini yerlə-yeksan etmiş, mədəniyyət abidələrimizi, dini abidələri, tarixi abidələri məhv etmişdir. Ancaq bu gün Azərbaycan 44 günlük müharibənin qalibi kimi Qarabağ torpaqlarında quruculuq işlərinə başlayıb və əminəm ki, güclü, nüfuzlu Azərbaycan öz tarixi torpaqlarını təkcə azad etməklə kifayətlənməyəcək, Qarabağı Azərbaycanın cənnət guşəsinə çevirəcəkdir.Cümhuriyyətin 23 aylıq fəaliyyəti bu gün də müstəqil Azərbaycan Respublikası tərəfindən onun doğum günü, onun Respublika Günü kimi qeyd olunur. Doğrudan da, bu, şərəfli və uğurlu tarixdir. Hər bir azərbaycanlı XX əsrin əvvəllərində qurulan Cümhuriyyəti ilə öyünür, fəxr edir.

yap.org.az

Digər xəbərlər