Bu gün dünya İlham Əliyevin yaratdığı yeni hərb modelini öyrənir

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov

- Bəxtiyar müəllim, qarşıdan 26 iyun Silahlı Qüvvələr Günü gəlir. Yəqin ki, Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra sizin də Ordumuzla, Qələbəmizlə bağlı deməyə sözünüz çoxdur…
- Bəli, ötən ilə qədər əminliklə bildirirdik ki, Qarabağda yeni müharibə başlasa möhtərəm Prezidentimiz İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyəcək və Ermənistanın layiqli cəzasını verəcək. 44 günlük Vətən müharibəsi bizim bu əminliyimizin praktik şəkildə təsdiqi oldu. Ordumuz düşmənə elə bir layiqli dərs verdi ki, Ermənistan dövləti və onun xalqı bunu heç vaxt unutmayacaq!
Biz bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında döyüş meydanında qətiyyətdə mübarizə aparan qüdrətli sərkərdəni gördük. Vətən və xalq yolunda döyüşərək şəhidlik zirvəsinə ucalmağı bacaran Azərbaycan əsgərini gördük. Beşinci nəsil müharibə aparan qüdrətli Ordumuzu gördük və bütün bunların hər biri ilə qürur duyduq, fəxr etdik! Ona görə, qeyd etdiyiniz kimi, deməyə sözümüz, qürur duymağa əməlimiz də çoxdur, çünki biz qalibik, zəfər çalmış xalqıq.
Ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın işğalının bəlli səbəbləri vardı. Biz döyüşləri ona görə uduzmuşduq ki, Qarabağ münaqişəsi başlayan dövrdə Azərbaycana başçılıq edənlər qətiyyətsiz və səriştəsiz idilər, ölkənin müdafiəsini təmin etmək qabiliyyətinə malik deyildilər. Vaxtında nizami ordu yaradılmamış, torpaqların müdafiəsi təşkil edilməmişdi və üstəlik, müharibə dövlət səviyyəsində aparılmırdı. Ermənistana gəldikdə, havadarları açıq şəkildə onlara kömək göstərir, silah-sursatla təmin edir, hətta torpaqlarımızı hərbi yolla bizdən alıb onlara verirdilər. Dünya isə “məzlum və zavallı” erməni xalqının arxasında duraraq onu müdafiə edir, bizi günahlandırırdı. Amma deyən yox idi ki, bu xalq “məzlum və zavallıdırsa”, özgə torpaqlarını necə, hansı gücü ilə zəbt edir, Xocalı soyqırımını necə törədir! Heç əhalisinin sayı 3 milyona çatmayan, forpost dövlət özündən güclü, əhalisinin sayı 7 milyon olan bir ölkəni işğal edə bilərmi? Hər şey bir yana, ermənilər özləri də inanmışdılar ki, torpaqları bizdən onlar döyüşərək alıblar, bizdən güclüdürlər.
Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə vəziyyət kökündən dəyişdi. Heydər Əliyevin 1993-cü il noyabrın 2-də etdiyi tarixi müraciətdən sonra vahid komandanlığa əsaslanan ordu yaradıldı. Bu ordu artıq 1994-cü ilin əvvəllərində Murov dağı və Füzuli rayonu istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirmiş, işğal olunmuş ərazilərimizin bir qismini azad etmişdi.
Atəşkəsdən sonra ordu quruculuğu davam etdirildi, hərbi islahatlar həyata keçirildi, yeni qoşun növləri yaradıldı. 2003-cü ildən ölkəmizə rəhbərlik edən cənab İlham Əliyev ordu quruculuğunu uğurla davam etdirdi. Ən mühümü odur ki, bu dövrdə ordumuzun hərbi potensialı artırılarkən Silahlı Qüvvələrimizin arsenalına ən müasir döyüş vasitələrinin cəlb olunmasına, qoşun növləri tərəfindən ən müasir döyüş vərdişlərinin mənimsənilməsinə xüsusi diqqət yetirildi. Təsadüfi deyil ki, son illərdə reytinq agentlikləri Azərbaycanın hərbi imkanlarını yüksək qiymətləndirirdilər.
- 44 gün ərzində Vətən müharibəsinin gedişatını ordumuzun gücünün dəyərləndirilməsi baxımından necə xarakterizə etmək olar?
- Biz ordumuzun hansı gücə sahib olduğunu paradlarda və aprel döyüşlərində görmüşdük. Nəhayət, Vətən müharibəsi daha bariz göstərdi ki, ölkəmiz necə möhtəşəm hərbi qüdrətə malikdir.
Əvvəla, müharibə ildırım sürəti ilə getdi, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı daim hücumda oldu, bir dəfə də geri çəkilmədi və 44 gün ərzində bu müharibəyə 30 il hazırlıq görüb lovğa və özünə əmin vəziyyətdə dayanan düşməni darmadağın edərək kapitulyasiya sənədinə imza atmağa məcbur etdi!
İkincisi, Azərbaycan yeni strategiya və taktika tətbiq etdi, yeni növ silahlar işlətdi, düşməni vahiməyə salaraq çaş-baş qoydu, erməni ordusunu kütləvi şəkildə qaçmağa, fərarilər dəstəsinə çevrilməyə vadar etdi.
Üçüncüsü, Azərbaycan Ordusu düşmənin ənənəvi və təsirli müdafiə və hücum silahlarını, uzaqvuran toplarını və raket qurğularını, bütün növ zirehli texnikasını elə yerindəcə, hücum mövqeyinə çıxmasına imkan verməyərək dəqiq PUA zərbələri ilə məhv etdi!
Dördüncüsü, Azərbaycan düşmənin qısa vaxt ərzində məhvinə və panikaya düşməsinə səbəb olan ənənəvi taktikanı daha dəqiq və uğurla icra etməklə arxa cəbhə ilə ön mövqelər arasındakı əlaqələri ilk həmlədəcə kəsdi, beləliklə, düşmənə arxadan silah, sursat, canlı qüvvə, ərzaq və digər yardımların gəlməsinin qarşısını tamamilə aldı.
Beşincisi, düşməni gözləmədiyi yerdən və ağlına gətirmədiyi silahlarla vuraraq onun bütün müdafiə sistem və qurğularını əhəmiyyətsiz və mənasız duruma saldı.
Altıncısı, bu ordu Ermənistanın 30 il ərzində istehkamlar, səngərlər qurduğu, bunkerlər tikdiyi müdafiə xətlərini sürətlə ələ keçirərək düşmən qoşunlarını qorxaq və fərarilər dəstəsinə çevirdi.
Ən nəhayət, düşməni psixoloji cəhətdən iflic vəziyyətinə, rəzil, qorxaq, panik duruma salaraq onu öz əsgərlərini müdafiə səngərlərində zəncirlərlə bağlamağa, bu yolla Azərbaycan Ordusuna müqavimət göstərmək kimi gülünc, vəhşi və qəddar vasitəyə əl atmağa məcbur etdi.
- İkinci Qarabağ müharibəsində Azərbaycan ortaya qoyduğu nümunə bütün dünyada onilliklər boyu formalaşmış döyüş nəzəriyyələrinə yenidən baxmağa vadar etdi. Bu barədə nə deyə bilərsiniz?
- Tamamilə düz buyurursunuz, İkinci Qarabağ müşaribəsi bütün dünyada böyük rezonans doğurdu və bu gün dünya Azərbaycanın hərb təcrübəsindən öyrənir. Bir çox ölkələr Azərbaycanın 44 günlük müharibəsini təhlil edərək özünə dərs götürür. Güclü ordusu olan dövlətlər belə Qarabağ müharibəsi təcrübəsini əsas tutaraq yenidən silahlanır, ordularında və hərbi əməliyyatların aparılmasında zəruri dəyişikliklər edir. Azərbaycanın taktikasından bəhrələnərək öz ordularında müəyyən dəyişikliklər aparılması zərurətindən danışırlar.
Ona görə Azərbaycanın 44 günlük zəfər müharibəsi tarixə həm də yeni müharibə modeli kimi düşdü. Xarici mediada da bildirilirdi ki, 2020-ci ilin dekabr ayında NATO Berlində fövqəladə və məxfi toplantı keçirərək Azərbaycan Ordusunun zərbə pilotsuz aparatları və digər dronlarla Ermənistan ordusuna qarşı həyata keçirdiyi həmlələri, həmin həmlələrə dair Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntüləri araşdırıb. Hərbi mütəxəssislərin yekun rəyi belə olmuşdur: “Biz silahlanma və müharibə strategiyasında indiyə qədər olduğu kimi davam etsək, uduzacağıq”. Bu kimi fikirləri ayrı-ayrı dövlətərin generalları, yüksəkçinli hərbçiləri də səsləndirdilər.
Prezident İlham Əliyevin Azərbaycan rəhbərlik etdiyi dövrdə ən böyük uğurlarından biri yeni, müasir Azərbaycan Ordusunu yaratmasıdır. Bu ordu işğalçını diz üstə qoydu, belini sındırdı. Qalib Azərbaycan həm də yeni hərbi taktika və strategiya, müharibə nümunəsi göstərdi. Bu isə ilk növbədə, cənab İlham Əliyevin bütün dünya tərəfindən etiraf olunan hərbi qələbəsidir.

yap.org.az