“Ermənistanın vəziyyəti daha da ağırlaşacaq” - MÜSAHİBƏ

Müsahibimiz Milli Məclisin deputatı Eldəniz Səlimovdur

- Eldəniz müəllim, Ermənistanda keçirilən seçkilərdə Paşinyan qalib elan olundu, ancaq müxalifət bu nəticələrlə razılaşmaq istəmir. Daxili gərginlik bundan sonra daha da gərginləşəcəkmi?
- Hazırda Ermənistanın siyasi həyatında ciddi böhran yaşanır. Bu böhranın kökündə isə təkcə İkinci Qarabağ savaşındakı məğlubiyyət deyil, ümumilikdə Ermənistan dövlətinin düşünülmüş və uzunmüddətli müstəqil siyasət apara bilməməsi faktoru durur. Hazırda Qərb yönümlü Paşinyan qələbə qazanmış olsa da, nə ölkə daxili elektorat, nə də digər dünya gücləri ilə zəruri balans təmin edilməyib. Bu da müxalifət liderlərini, onlara dayaq duran xarici havadarlarını və xalqın onlara dəstək verən müxalif kəsimini daha radikal mövqedən çıxış etməyə sövq edir. Paşinyan bu cür gərgin vəziyyətdə hökuməti təkbaşına qurmaq barədə planlar qursa da, seçkinin nəticələrinə əsasən o, bunu edə bilməyəcək və parlamentdə Paşinyana rəqib olan keçmiş hakimiyyət nümayəndələri də yer alacaq. Bu baxımdan düşünürəm ki, ən cüzi xarici bir müdaxilə və ya daxili narazılıq olduğu təqdirdə Ermənistanın onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşacaq.
- Xankəndidəki terrorçubaşı Arutyunyan da Paşinyana dəstək verib və bundan narazı qalan Xankəndidəki ermənilər etiraz aksiyaları keçirirlər. Arutyunyanın fiziki cəhətdən məhv edilməsi gözlənilirmi?
- Arutyunyan qondarma və seporatçı bir qurumun rəhbəri kimi öz mövcudluğunu yalnızca müəyyən qüvvələrin bölgədəki maraqlarına borcludur. Əks halda heç bir dövlət, o cümlədən Ermənistanın özü tərəfindən tanınmayan bu qondarma rejimin hüquqi və siyasi nöqteyi-nəzərdən “ölü”dən heç bir fərqi yoxdur. Arutyunyanın məhz özünün fiziki cəhətdən məhvinə gəldikdə isə bu barədə indidən nə isə demək və ya bunu proqnozlaşdırmaq mümkün deyil.
- Rus sülhməramlıları hər vəchlə Xankəndidəki gərginliyi sakitləşdirməyə çalışırlar. Sizcə, burda rus sülhməramlılarının marağı nədən ibarətdir?
- Rus sülhməramlıları ilk növbədə öz vəzifələrini yerinə yetirməyə çalışırlar ki, nə Azərbaycan və Ermənistanın, nə də bu regionda marağı olan hansısa digər bir dövlətin tənqidinə tuş gəlməsinlər. Sülhməramlılıq missiyasının mahiyyəti də məhz sülhü, sabitliyi təmin etməkdir. Onların nəzarətində olan ərazidə hər hansı neqativ bir halın yaranması, təbii ki, onlar üçün xoşagələn deyil və bu kimi gərginliklər artdığı təqdirdə nəzarəti ələ almaq da çətinləşir. Bu missiyadakı istənilən uğursuzluq Rusiyanın Cənubi Qafqazdakı maraqları üçün ciddi təhdidə çevrilə bilər.

sia.az