"Azərbaycanın dünya birliyindəki əlaqələri daha da genişlənir" - MÜSAHİBƏ

SİA Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyevanın yap.org.az-a verdiyi müsahibəni təqdim edir:

- Jalə xanım, Prezident İlham Əliyev Azərbaycanın milli maraq və mənafeləri naminə öz dəmir iradəsini ortaya qoyub, davamlı uğurlara imza atmaqdadır.

Son dövrün hadisələri bir daha təsdiqləyir ki, ölkəmizin dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. Bu günlər inkişafımız və gələcək hədəflərə çatmağımız baxımından yenə də maraqlı və önəmli hadisələrlə yadda qaldı. Dövlətimizin başçısı ölkəmizin milli maraq və mənafeləri naminə öz dəmir iradəsini ortaya qoydu, növbəti uğurlara imza atdı. Azərbaycanın milli maraq və mənafeləri, dövlət təhlükəsizliyimiz ilə bağlı məsələlərdə bir addım olsun belə geri çəkinilmədiyini və çəkinilməyəcəyini bir daha sübut etdi.

Müstəqilliyimizin 30-cu ilini qeyd etməyə hazırlaşdığımız dövrdə ölkəmiz bütün beynəlxalq qurumlarla açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığa üstünlük verib və hər zaman da bu yöndə əməli, səmimi niyyətlərini ortaya qoyub. Möhtərəm Prezidentimiz İlham Əliyevin 18 illik hakimiyyəti dövründə bu istiqamətdə çox önəmli addımlar atılıb. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycan, demək olar ki, bütün beynəlxalq və regional qurumlarda təmsilçilik hüququ əldə edib və ya birbaşa bərabərhüquqlu üzv, müşahidəçi ya da assosiativ üzv olub.

- Jalə xanım, ölkəmizin əməkdaşlığa, tərəfdaşlığa ən çox üstünlük verdiyi qurumlardan biri də Avropa İttifaqıdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu günlərdə ölkəmizə işgüzar səfərini necə qiymətləndirirsiniz?

-- Bu qurum Avropanın ən nüfuzlu siyasi və iqtisadi birliyidir. Demək olar ki, Avropanın taleyi ilə bağlı ən önəmli qərarlar və addımlar məhz bu mötəbər təşkilata məxsusdur. Odur ki, Avropa ailəsinin, həm də Avroatlantik məkanın bir parçası kimi, bu qurumla əməkdaşlıq və tərəfdaşlıq bizim üçün önəmlidir. Çünki bundan qazanan tək biz yox, həm də onlardır. Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” formatı çərçivəsində əməkdaşlıq da bu istiqamətdə uğurlu və əməli göstəricilərindəndir. Amma bununla belə, münasibətlərin daha da irəliləyən səviyyələrə aparılması vacib məqamlardandır.

Ötən həftənin bazar günü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana işğüzar səfəri, bir sıra önəmli layihələrin açılışlarında iştirakı, ən əsası, Prezident İlham Əliyevlə bir araya gəlməsi, birgə bəyanatlar səsləndirməsi və mətbuat konfransı düzənlənməsi ölkəmizlə adıçəkilən təşkilat arasında gələcək əlaqələrin və hədəflərin inkişafı baxımından çox önəmli idi.

Azərbaycan Prezidentinin vurğuladığı kimi, Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır: “Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır”.

Dövlət başçımız vurğuladı ki, ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Həmçinin, Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu isə öz növbəsində, bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu da heç şübhəsiz ki, Azərbaycanın çox böyük nailiyyətidir. Bu, həm də əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

- Ən önəmli məqamlardan biri kimi, Cənub Qaz Dəhlizi (CDQ) layihəsinin tamamlanmasını qeyd edə bilərik.

- Hər kəsə də məlumdur ki, ötən ilin son günündə, həqiqətən, tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verildi. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub və əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq. Eyni zamanda, ən vacib məqam-Azərbaycan, ölkəmiz ötən il Vətən müharibəsində ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına 44 gün ərzində son qoydu.

Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və 30 illik münaqişəni Qələbə ilə başa çatdırdı. Ona görə də Ali Baş Komandanımızın qeyd etdiyi kimi, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır və biz buna hazırıq.

Düşünürük ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı da bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, gələcəkdə də oynayacaq.

Şarl Mişel də təmsilçisi olduğu qurumun mövqeyini ifadə edərək bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirlər. “Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır”-- deyən Mişel həmçinin vurğuladı ki, məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır.

Hesab edirik ki, məhz belə də olacaq və qeyd etdiyimiz kimi, Azərbaycan hər bir qurumla, o cümlədən, Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlı, səmimi və konstruktivdir və bu günə kimi də üzərinə götürdüyü öhdəliklərə hörmətlə yanaşır. Eyni zamanda, qarşı tərəfdən də buna əməl, riayət olunmasını tələb etmək hüququnu özündə saxlayır.

- Prezident İlham Əliyevin Moskva səfəri də beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılandı.

- Dövlət başçımızın bu günlərdə reallaşan Moskva səfəri Azərbaycanın qətiyyətli möveyinin daha bir nümayişi oldu! Bu, Ermənistan üzərindəki tarixi qələbəmizdən sonra ölkə başçımızın Rusiyaya ikinci səfəri idi. Prezident İlham Əliyevin dünyanın üç süpergücündən biri olan Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinlə bir araya gəlməsi, səmərəli və effektiv danışıqlar aparması önəmli hadisədir. Öncə onu qeyd edək ki, Rusiya bizim tarixi, həm də ən böyük şimal qonşumuzdur.

Bu ölkə ilə müstəqilliyimizin ilk illərində zaman-zaman və bir çox hallarda da bizdən qaynaqlanmayan gərginliklər yaşanmasına baxmayaraq, artıq bu mərhələ geridə qalıb. Xüsusilə, ulu öndərimizin müdrik siyasəti nəticəsində, o cümlədən, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin çox uğurlu, düzgün müəyyənləşdirilmiş xarici siyasəti sayəsində münasibətlər getdikcə yaxşılaşdı. O cümlədən Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətə gəlişindən sonra iki ölkə arasında əlaqələrin normallaşdırılması, hətta ən yüksək səviyyəyə qaldırılması istiqamətində böyük məsafə qət edildi, mühüm addımlar atıldı. Ötən illərdəki müsbət nəticələr də bundan xəbər verir. Xüsusilə, İkinci Vətən müharibəsinə yanaşma, sərgilənən mövqe də elə bunun nəticəsi kimi qiymətləndirilməıidir.

Ölkəmiz apardığı müdrik siyasətlə hər kəsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli rola malik olan Rusiyanı inandıra bildi ki, artıq Ermənistanın təcavüzünə, işğalına son qoyulmalıdır. Bu, bir gün baş verəcək və verdi də.

Azərbaycan işğala son qoydu, ötən il noyabrın 10-unda məhz Rusiya Prezidentinin iştirakı ilə Ermənistanı məlum üçtərəfli bəyanatı imzalamağa məcbur etdi və işğalçı ölkəni diz çökdürdü.

Düzdür, ötən 7 ay ərzində qarşı tərəfdən yenidən sərhəddə vəziyyəti gərginləşdirməyə yönəlik addımlar atılır, təxribatlara cəhd edilməkdədir. Təbii ki, ölkəmiz tərəfindən də layiqli cavabı verilməkdədir. Amma bütün hallarda artıq Dağlıq Qarabağ adlı nə münaqişə, nə də coğrafi məkan var. Artıq hər kəsin qəbul etdiyi bir reallıq var: Dağlı-Aranlı vahid Qarabağ və Qarabağlı bütöv Azərbaycan! Bu bu gerçəkliyi pozmağa qalxan əllər anındıca sındırılacaq! Bu baxımdan, Moskva görüşü zamanı deyilən sözlər, verilən bəyanatlar çox mühün əhəmiyyətə malik idi və bir daha çoxlarına mesaj oldu.

“Regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır”-- deyə Rusiya liderinin bəyan etdiyi kimi, bu məsələlər həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, onda bu yolla getməliyik.

Rusiya dövlət başçısı “İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”-- deyərək, əslində, artıq kimin, hansı ölkənin, yəni, haqlının yanında olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi.

Bunun özü isə Azərbaycanın, Ali Baş Komandanımızın daha bir diplomatik və siyasi uğuru, nailiyyəti hesab edilməlidir. Azərbaycan Prezidenti də, öz növbəsində, bəyan etdi ki, regionda münaqişədən sonrakı vəziyyət mövzusu ortada var və Azərbaycan haqlı və qalib tərəf olaraq, bu dövrün ağrısız keçilməsinin tərəfdarıdır.

“Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik”-- deyən dövlətimizin başçısı ümumi səylərimizlə buna nail olacağına inandığını da əlavə etdi.

Bununla da bir daha Ermənistana, revanşizm əhval-ruhiyyəsindən əl çəkmək istəməyənlərə növbəti mesajını ötürdü.

Biz dedik və hər zaman da dediyimizin üstündə durmuşuq, dediyimizə də əməl etmişik, indi söz, qərar, seçim qarşı tərəfindir. Əks halda…Bunu özləri düşünsün, yəni, “Dəmir yumruğu" unutmasınlar!