Müsahibə

  • 2 565

İki qardaş ölkə öz potensialını birləşdirərək bölgəyə sülh, təhlükəsizlik gətirmək istəyini ortaya qoyur

image

Milli Məclisin deputatı Ramil Həsən
- Ramil müəllim, bu gün dünyanın diqqət yönəltdiyi əsas məsələlərdən biri dostluğu, qardaşlığı nümunə, örnək olan Azərbaycan-Türkiyə münasibətləridir. Bu sarsılmaz dostluq dünya ölkələri tərəfindən necə qarşılanır?
- Şübhəsiz, bu gün dünyada baş verən qloballaşma prosesi çərçivəsində Azərbaycan-Türkiyə münasibətləri, iki dost ölkə arasında qardaşlıq əlaqələri böyük imkanlara malikdir. Əlbəttə ki, burada ən önəmli faktor budur ki, iki dövlətin liderləri bilavasitə Azərbaycan-Türkiyə münasibətlərini sarsılmaz dostluq və bundan daha yüksək səviyyəyə döğru inkişaf etdirərək qardaşlıq münasibətlərinə çatdırmaq üçün misilsiz xidmətlər göstəriblər və bu gün də davam edir. Dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Onlar arasında gərginliklər mövcuddur. Liderlərin oynadıqları rol, dövlətini idarə edən, millətinə, ölkəsinə rəhbərlik edən şəxs olaraq bilavasitə şəxsi dostluq və qardaşlıq münasibətləri fonunda dövlətlərarası münasibətlərin də yaxşılaşdırılması Azərbaycan-Türkiyə münasibətlərində mükəmməl bir örnəkdir. Eyni kökə, tarixi əlaqələrə, qədim mədəniyyətə sahib olan iki qardaş dövlətin, bir millətin övladları olaraq Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdar olmalıyıq.
Əlbəttə, bu sarsılmaz dostluq münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsinə keçirilməsi və bu istiqamətdə atılan addımlar, həyata keçirilən müxtəlif formullu, müxtəlif çoxşaxəli layihələr və əldə olunan nəticələr bəzi dost, qardaş ölkələr tərəfindən rəğbətlə qarşılanmaqla bərabər, regionda marağı, regionla bağlı öz planları, layihələri olan digər dövlətləri, qurumları, dünyada cərəyan edən proseslərdə öz mövqeyini ortaya qoymağa çalışan daiərələri ciddi şəkildə narahat etməkdədir. Bunlara baxmayaraq Azərbaycan-Türkiyə münasibətləri istər tarixi Zəfərimizdən öncə, istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə çox uğurla inkişaf etməkdədir. Parlamentarilər də, qeyri-hökumət təşkilatları da, jurnalistlər də, ümumiyyətlə, Azərbaycanın və Türkiyənin gələcəyini daha güclü, qüdrətli görmək istəyən hər bir vətəndaşımız bu istiqamətdə dövlət başçılarımızın, liderlərimizin həyata keçirdikləri siyasətə dəstək verməli, öz üzərilərinə düşən məsuliyyəti dərk edərək əllərindən gələni əsirgəməməli, müsbət addımlar atmalıdırlar.
- Ölkələr arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlıq formatı gündəmdədir. Azərbaycanın təşəbbüsü ilə Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin paytaxt Bakıda bir araya gəlməsini necə dəyərləndirirsiniz?
- Ölkələrimiz arasındakı əlaqələrin inkişafında, əlbəttə ki, parlamentlərarası əməkdaşlıq, bu əməkdaşlığın yeni üçtərəfli və çoxtərəfli formatları da mühüm rol oynamaqdadır. Bilirsiniz ki, ümumiyyətlə, Azərbaycan parlamenti dünyanın bir çox beynəlxalq parlament təşkilatlarının üzvüdür və bu proseslərdə aktiv şəkildə iştirak etməkdədir. VI çağırış Milli Məclisin formalaşdırılmasından sonra Milli Məclisin Sədri hörmətli Sahibə xanım Qafarovanın rəhbərliyi ilə həm Azərbaycan-Türkiyə, həm Azərbaycan-Pakistan, həm Azərbaycan-Türkiyə-Pakistan, həm də bundan əlavə bir çox strukturlarla, təşkilatlarla əlaqələr dövlətimizin maraqları əsas götürülərək yeni formatda inkişaf etdirilir və bu istiqamətdə konkret addımlar atılır. Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin Bakıda tarixi üçtərəfli görüşünün keçirilməsi və Bakı Bəyannaməsinin imzalanması da parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin inkişaf strategiyasında xüsusi önəmli rol oynadığını və bu münasibətlərə özəl töhfə verdiyinin bariz nümunəsidir. Əlbəttə ki, üç qardaş ölkənin parlament sədrlərinin birgə aktiv fəaliyyəti və bunun Bakı Bəyannaməsi ilə nəticələnməsi , bu sənədin müddəalarına uyğun olaraq gələcəkdə də prosesin inkişaf etdirilməsi, parlamentlərin milli maraqlarımıza uyğun məsələlərdə bir-birlərini həm beynəlxalq təşkilatlarda, həm də dünya ictimaiyyəti qarşısında dəstəkləmələri parlament diplomatiyasının bu gün dünyada oynadığı mühüm rolu göstərməkdədir. Üçlü tərəfdaşlığın fəaliyyəti şübhəsiz ki, ölkələrimizin milli maraqlarının qorunması ilə bağlı atılan addımlarla bərabər, üçtərəfli dövlətlərarası münasibətlərə, parlamentlərarası əlaqələrə də mühüm töhfə verəcəkdir.
- Dünyaya səs salan Şuşa Bəyannaməsinin ardınca Bakı Bəyannaməsinin imzalanması hansı perspektivləri vəd edir?
- Əlbəttə, İkinci Qarabağ savaşından sonra ən böyük tarixi hadisə qardaş Türkiynin Prezidentinin Qarabağın ürəyi Şuşaya səfəri idi ki, bu da Şuşa Bəyannaməsinin imzalanması ilə yadda qaldı. Ümumiyyətlə, xarici siyasət strategiyasında bir şey aydındır ki, Bəyannamələr ondan sonra imzalanacaq hökumətlərarası müqavilələrin əslində dünyaya çatdırılmasıdır. Bəyannamələr hökumətlərarası sazişlərin, imzalanacaq müqavilələrin təməl daşıdır. Şübhəsiz ki, Şuşa Bəyannaməsinin müddəalarına baxdığımız zaman görürük ki, iki qardaş dövlətin var olan münasibətlərinin artıq rəsmi şəkildə ən yüksək səviyyədə ehtiva olunub bütün dünyaya elan edilməsi, qardaşın qardaşın yanında olması, qardaşlığın rəsmi şəkildə ifadə olunması iki dost ölkə arasında Təhlükəsizlik Şuralarının birgə və bərabər əməkdaşlığı, Azərbaycanın Türkiyə ordu modelinə uyğun modeli qurması ilə bağlı keçid prosesini sürətləndirməsi, Azərbaycanın hərb, müdafiə sənayesinin daha da gücləndirilməsi ilə bağlı iki qardaş dövlət arasında birgə layihələrin həyata keçirilməsi, BMT-nin müvafiq müddəalarına uyğun olaraq hər iki qardaş ölkənin birinə müdaxilə aktı təsbit olunarsa o birinin beynəlxalq hüquq çəçivəsində köməyə gəlməsi və sair kimi mühüm məqamlar sənəddə öz əksini tapmışdır. Şuşa Bəyannaməsi bir çox dövlətləri də qıcıqlandırmaqdan yan keçməmişdir. Amma Azərbaycan başqa ölkələrdən, Ermənistandan fərqli olaraq hər hansı bir ölkənin, dövlətin, qurumun forpostu deyildir, olmamışdır, olmayacaqdır. Dahi şəxsiyyət Heydər Əliyev müstəqil siyasəti ilə Azərbaycanı bu nöqtələrə gətirib çıxardıqdan sonra 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyevin bu siyasətin layiqli davamçısı kimi bütün tarixi missiyanı öz üzərinə götürməsi və 30 illik həsrətimizə son qoyaraq dədə-baba torpaqlarımızı düşmən tapdağından azad etməsi, Ali Baş Komandan, mükəmməl Sərkərdə, güclü dövlət xadimi kimi Azərbaycan tarixində, türk dünyasının tarixində mühüm rol oynaması, əlbəttə ki, belə mövqeyə sahib olması bir çox dairələri narahat edir. Amma qeyd etdiyimiz kimi, Azərbaycan müstəqil siyasət yürütdüyü üçün heç kimsənin fikir və mövqeyinə deyil, öz dövlətinin, xalqının maraqlarını qoruyan bir Prezidentə sahibdir. Biz bununla fəxr edir, qürur duyur, cənab Prezidentimizin ətrafında sıx birləşmişik. Xalqımız tam əmindir ki, qardaş ölkə ilə birgə bundan sonra da ölkəmizdə əmin-amanlığın qorunması, təhlükəsizliyin təmin edilməsi, bölgədə sülhün, qarşılıqlı anlayışın yenidən bərqərar olması ilə bağlı atılan addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Həmçinin bir məqamı da yaddan çıxarmaq lazım deyil ki, Şuşa Bəyannaməsinin imzalanması iki qardaş dövlətin birlik və bərabərlik, müttəfiqlik münasibətlərini yeni bir mərhələyə gətirsə də, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vermiş olduğu byanatlarda da göstərildiyi kimi, hər hansı dövlətə, quruma qarşı yönəlməmişdir. İki qardaş dövlətin birlik və bərabərlik prinsipləri hər hansı dövlətə təhlükə mənbəyi deyildir. Əksinə regionda barışın, sülhün, qarşılıqlı anlayışın yaranması altılıq platforma olaraq Azərbaycanın və Türkiyə Prezidentlərinin təklif etmiş olduqları regional və beynəlxalq qlobal miqyaslı enerji, iqtisadi layihələrin həyata keçirilməsi üçün mühüm töhfədir. İnanırıq ki, Azərbaycan və Türkiyənin xoş niyyətlə atmış olduğu bu addımlar region ölkələri tərəfindən də müsbət qarşılanacaqdır. Altılıq platforma Azərbaycanın tarixi torpağı olan Zəngəzur koridoru ilə bağlı da 10 noyabr Bəyanatında göstərilmiş müddəalar ən qısa zamanda reallığa çevriləcək və bölgə artıq xaosdan, müharibələrdən, bir çox iğtişaşlardan xilas olacaq, çiçəklənən, güclənən bir platformaya çevriləcəkdir ki, bu platformanın da uğurlu şəkildə davam etməsi Azərbaycan və Türkiyənin ortaya qoymuş olduğu altılıq platformanın həyata keçirilməsidir ki, bununla bağlı Şuşa Bəyannaməsi ilə əlaqədar mətbuata bəyanatda dünyaya birlikdə mesaj ünvanlanmışdır.
- Ramil müəllim, ümumiyyətlə, tarixi Zəfərimiz Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna hansı əlavələri edib? Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda dünyanın ikili siyasətinə son qoyduğunu düşünə bilərikmi?
- Azərbaycan tarixi Zəfəri ilə dünyada yeni reallıqlar yaratmışdır. Yeni reallıqlardan biri də bir çox beynəlxalq təşkilatların, ümumiyyətlə, bölgə üçün nə dərəcədə lazım olub və olmaması ilə bağlı ciddi müzakirə predmetini ortaya atmışdır. Misal üçün, yaddan çıxarmaq lazım deyil ki, 30 ilə yaxın dövrdə ATƏT-in Minsk qrupu və onun həmsədrlər institutu Azərbaycana, Ermənistana turist səfərləri edərək sadəcə “tərəflər öz aralarında ortaq fikrə gəlsinlər və biz onu təsdiq edəcəyik” deyə reallıqlarla səsləşməyən bəyanatlar verməklə öz işlərini yekunlaşmış hesab etmişdilər. Əlbəttə, cənab İlham Əliyevin qeyd etdiyi kimi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaəsində beynəlxalq hüququn təsbit olunması, Azərbaycanla bağlı ədalətin bərpası ilə bağlı bir çox beynəlxalq təşkilatların da atması gərəkən addımları Azərbaycan dövləti, xalqı beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək özü atdı. Azərbaycan Ordusu beynəlxalq hüquq çərçivəsində torpaqlarımızı düşmən tapdağından xilas edərək yeni reallıqların yaranmasının təməlini qoymuşdur ki, bunun da banisi Prezident İlham Əliyevdir. Amma bir reallığı yaddan çıxarmaq lazım deyil ki, dünya ikili siyasətin icərisində fəaliyyət göstərməkdədir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın bu fikrini qeyd etmək istərdik – Dünya beşdən böyükdür. BMT Təhlükəsizlik Şurasında 70 ildən artıqdır oturan, o stulları özünə daimi iqamətgah olaraq seçən ölkələr bu gün öz maraqları çərçivəsindən xaricə çıxan məsələlərdə təəssüf ki, ikili standartlara yol verməkdədirlər. Düşünün, İkinci Qarabağ savaşı çərçivəsində müharibə ilə heç bir əlaqəsi olmayan mülki əhalinin raket atəşinə tutulması, Tərtərin Stalinqrada, Bərdənin qan gölünə çevrilməsi, Gəncənin bir çox məhlələrinin darmadağın edilib gözüyaşlı körpələrin yetim qalması, əlbəttə ki, böyük faciə olmaqla bərabər, bir reallığı göz önünə gətirmişdir ki, əgər bu hadisəni Azərbaycan tərəfi etmiş olsaydı, bütün dünya barbar bağıracaqdı. Amma Azərbaycanın başına gələn bu müharibə çərçivəsindəki törədilmiş qətliamlar dünyada ikili standartların mövcud olduğunu bir daha təsdiqlədi, məsələ Azərbaycan və Türkiyə olduqda susmağın, başqa ölkələrə gəlincə geniş bir ajiotaj yaratmağın vacibliyini vurğulayan güclərin var olduğunu bir daha ortaya çıxarmışdır. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan dövləti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqları yaradan və bölgədə həyata keçirən ölkə olaraq hücum taktikasının təməlini qoymuşdur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsində 30-dan artıq xarici mətbuata müsahibələr verməsi, hətta, qərəzli yanaşan jurnalisti konkret faktlarla yerində oturtması Prezidentin unikal bacarıq və qabiliyyətini ortaya qoydu.
Azərbaycan və Türkiyə arasında media sahəsində əhəmiyyətli addımlar atılaraq Media Platformasının yaradılması həm Azərbaycan, həm də Türkiyə üçün əhəmiyyətlidir. Azərbaycan-Türkiyə dosluq, qardaşlıq əlaqələrini hansı tərəfdən xarakterizə etsək, deyə bilərik ki, bölgədə güclü iki dövlət yan-yana inkişaf etməkdədir. İki qardaş ölkə öz potensialını birləşdirərək bölgəyə sülh, təhlükəsizlik gətirmək istəyini ortaya qoyur. Bölgə xalqları üçün mükəmməl örnək olan Azərbaycan-Türkiyə birliyinin şahidiyik. İki dövlət bu gün dünyada söz sahibi olan, sülh, barış üçün çalışan, eyni zamanda, milli təhlükəsizliyindən və ölkəmizin milli maraqlarından əsla və əsla keçməyən, dövlət maraqlarını hər şeydən üstün tutan dövlət rəhbərlərinə sahibdir. Ona görə də biz bir daha mesaj vermək istəyirik ki, yeni qurulan düzən sistemində, yeni reallıqlar çərçivəsində bölgəmizdə sülhün ən yüksək səviyyədə bəqərar olunması və revanşist qüvvələrin bir an öncə ağıllarını başlarına toplayaraq artıq bölgə ilə bağlı xam xəyallardan yan keçmələri onlar üçün ən mükəmməl bir yol olardı. Əks təqdirdə Qarabağla bağlı bu günə qədər Ali Baş Komandanın rəhbərliyi ilə necə dəmir yumruq kimi birləşərək, bütün həmrəyliyi ortaya qoyub düşmənin başını əzmikdisə, bundan sonra dövlətimizin ərazi bütövlüyünün pozulması və yenidən hər hansı iğtişaşın yaradılması ilə cəhdlər olarsa güclü şəkildə həmin dəmir yumruq yerində olacaq. Azərbaycan bölgədə sülh, yaxşı gələcək istəyən, bu istiqamətdə Türkiyə ilə birgə addımlar atan dövlətdir. Xalqımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək yeni reaallıqların həyata keçirilməsinə töhfələrini verir, gələcəyə böyük inamla addımlayır.

yap.org.az

Digər xəbərlər