Müsahibə

  • 1 009

“Əsrin müqaviləsi” Heydər Əliyev neft strategiyasının zəfər təntənəsidir

image

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının NTK-nın üzvü Sadiq Qurbanov

- Sadiq müəllim, “Əsrin müqaviləsi”nin bağlanmasından 30 ilə yaxın vaxt keçir. Bu müqaviləni necə qiymətləndirirsiniz?
- “Əsrin müqaviləsi” adı ilə tarixə yazılmış Azərbaycanın ən böyük transmilli neft müqaviləsini dəyərləndirərkən bir neçə aspektdən yanaşmaq lazımdır: Siyasi, geosiyasi və iqtisadi aspektdən. Heç kimə sirr deyil ki, 1990-cı illərin əvvələri Azərbaycanın siyasi həyatı təlatümlər və təbəddülatlar dövrü idi. Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız bu təhlükədən onu xilas edəcək lideri - Heydər Əliyevi təkidli tələblərlə Naxçıvandan Bakıya dəvət etmiş və demokratik yolla hakimiyyətə gətirmişdi. Həmin dönəmlərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi yeni-yeni möhkəmlənməyə başlayırdı. Transmilli korporasiyaların Azərbaycan neftinə marağının güclü olmasına baxmayaraq, ölkə qanunverciliyində sərmayə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Şübhəsiz, bu məsələlərdə Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə qarşı inam və etimad “Əsrin müqaviləsi”nin bağlanmasında həlledici amilə çevrildi. Belə ki, sovetlər birliyinin idarə edilməsində iştirakı zamanı şəxsi keyfiyyətləri ilə seçilməsi, qətiyyəti, işgüzarlığı, ən əsası isə söylədiyi hər sözünün ağası olması onu ən vacib keyfiyyəti kimi başqalarından fərqləndirmiş və dünya liderləri arasında yüksək nüfuz sahibi olmasına zəmin yaratmışdır. Dünya liderləri arasında yüksək etimada layiq bir şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsi yeni epoxanın əsasını qoydu. Bu epoxanın adı Heydər Əliyev epoxası idi.
Azərbaycanın siyasi həyatının yeni dövrü məhz müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsini diqtə edirdi. Yeni dövr dünyanın super güclərinin təmsil olunduğu sözügedən transmilli neft müqaviləsinin bağlanması ilə özünün pik səviyyəsinə çatmışdı. Xatırlayırsınızsa, məhz 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında uzunmüddətli atəşkəs razılaşması əldə edilmişdi. Bundan 4 ay sonra isə artıq “Əsrin müqaviləsi”nin reallaşması baş vermişdir. Böyük siyasi xadim Heydər Əliyev bütün dünyaya Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət yürüdəcəyini elan etdi. 20 sentyabr 1994-cü ildə gerçəkləşmiş “Əsrin müqaviləsi”də Azərbaycan Respublikası ilə ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının 13 ən məşhur neft şirkəti Amoco, BP, McDermott, UNOCAL, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinasının əsası qoyuldu. “Əsrin müqaviləsi”ni imzalayan dövlətlərdən 3-ü - Rusiya, ABŞ və Böyük Britaniya BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri idi. Müharibə şəraitində olan bir dövlət üçün bu çox vacib amil idi. Artıq bu müqavilədən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsi regional deyil, qlobal bir məsələyə çevrildi. Qafqazın lider dövləti olan Azərbaycanın regionda həlledici söz sahibi olması, ümumqafqazın inkişaf perspektivlərinin məhz Azərbaycandan asılı olması müqavilənin regional və geosiyasi leytmotivinə çevrildi.
Heydər Əliyev epoxası ilə başlayan və Ümummilli lider tərəfindən “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” şüarı ilə həyata keçirilən iqtisadi siyasət yeni dövrün gerçəkliklərini özündə ehtiva edirdi və bu iqtisadi siyasətin mərkəzində məhz neft amili dururdu.
- “Əsrin müqaviləsi”ni doğuran tarixi şəraiti qiymətləndirdiniz, bu müqavilənin baş tutmamasına hansı təhdidlər var idi? Bu barədə nə deyə bilərsiniz?
- Xatırlayırsınızsa, bu müqavilənin baş tutmamasında maraqlı olan qüvvələr həmin ərəfədə Azərbaycanda siyasi qətllər və terrorlar həyata keçirdilər. Lakin Heydər Əliyevi terror aktları ilə Azərbaycanın taleyüklü bu layihəsini həyata keçirməkdən çəkindirə bilmədilər. Bu müqavilənin Azərbaycanın gələcək iqtisadi strategiyasının müəyyən edilməsində nə qədər mühüm rol oynayacağını müəyyənləşdirən böyük siyasi xadim Heydər Əliyev bütün təhdidlərə sinə gərərək, öz prinsipial mövqeyindən geri çəkilmədi və layihəni gerçəkləşdirməyə nail oldu.
- Sadiq müəllim, Siz Ümummilli lider tərəfindən balanslaşdırılmış xarici siyasət kursundan danışdınız, bu siyasətin iqtisadi bazasını nə təşkil edirdi?
- Şübəsiz ki, dünya siyasi liderləri içərisində böyük nüfuzu olan ümummilli lider Heydər Əliyev vaxtı ilə SSRİ-nı idarə edən şəxslərdən biri kimi dünyanın siyasi mənzərəsini və gerçəkliklərini yaxşı dəyərləndirən siyasətçi idi. Heydər Əliyevin “Əsrin müqaviləsi” vasitəsilə əks qütblərdə dayanmış Qərb və Rusiya ilə, eyni zamanda qardaş Türkiyə ilə münasibətlərdə “qızıl orta”nı tapa bilmə bacarığı heyranlıqla qarşılanırdı. Təsadüfi deyil ki, Azərbaycanın ən böyük iqtisadi layihəsi olan “Əsrin müqaviləsi” bağlanarkən birinci növbədə Azərbaycanın milli maraqları ön planda olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin milli maraqlar kontekstində və xüsusilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi əsas amil olaraq təməl prinsipə çevrilmişdir. Burada Türkiyə-Azərbaycan münasibətlərinə də xüsusi diqqət yetrimək lazımdır. 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Heydər Əliyevin Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Göründüyü kimi, Qərblə-Rusiya arasında “qızıl orta”nı müəyyənləşdirən ümummili lider Heydər Əliyevin Türkiyəyə yönəlik jestləri isə milli maraqlar çərçivəsində prinsipial əhəmiyyət daşıyır.
- Neft kontraklarının bağlanması və yeni neft strategiyasının müəyyənləşdirilməsində həmin dönəmlərdə Azərbaycan Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti, hazırkı Prezident İlham Əliyevin rolunu necə qiymətləndirə bilərsiniz?
- Çox maraqlı məqama toxundunuz. Heydər Əliyevin ailəsində böyümüş Prezident İlham Əliyevin siyasi fəaliyyətinin qızıl dönəmlərindən biri kimi məhz neft siyasətinin düzgün müəyyən edilməsindəki qatqısını hesab edə bilərik. Cənab İlham Əliyevin prezidentlik dönəmində isə həm ona miras qalmış bu uğurlu daxili və xarici siyasətin davam etdirilməsi, həm də ölkənin müdafiə potensialının artırılması nəticəsində ərazi bütövlüyümüz təmin olundu. Cənab Prezidentin fəaliyyətinə toxunarkən onun 2000-ci illərdən sonra Avropa Şurasındakı fəaliyyəti, yüksək tribunlardan erməniləri ifşa etməsi, yüksək diplomatik bacarığı ilə erməni hökumət başçılarını auditoriyalar qarşısında çətin durumlara salmasının şahidi olduq. Xüsusilə, xarici siyasət kursunun düzgün müəyyən edilməsi, Qoşulmama Hərakatına üzvlüyümüz, pandemiya və digər təbii fəlakətlər zamanı onlarla ölkəyə yardım etməyimiz, ən əsası isə düşmən üzərində qələbənin təmin edilməsi cənab Prezidentin tarixə qızıl hərflərlə yazdığı səhifələr, həmçinin düzgün neft strategiyasının gətirdiyi siyasi dividentlərdəndir.
- Neft gəlirlərindən səmərəli istifadə və qeyri-neft sektorunun inkişafını necə qiymətləndirirsiniz?
- Müqavilənin gerçəkləşməsi plan üzrə nəzərdə tutulduğu müddətdə həyata keçməyə başladı. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil edildi. Görülən bütün tədbirlər qeyri-neft sektorunun inkişafına xidmət edirdi. Azərbaycanın ən böyük kapitalı insan kapitalıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dilindən səsləndirilmiş bu fikir Azərbaycanın dövlət siyasətinin əsas prioritetini təşkil edir. Özünü sosial dövlət elan edən Azərbaycan Respublikasında həyata keçirilən bütün layihələrin mərkəzində məhz insan amili durur. Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq, təsadüfi deyil ki, Azərbaycanın dövlət büdcəsinin böyük bir hissəsini neftdən əldə edilən gəlir təşkil edir. Lakin qeyri-neft sektorunun inkişafı dövlətimizin ən vacib iqtisadi prioritetlərindəndir. Neftdən əldə edilən gəlirin qeyri-neft sektorunun inkişafına yönəldilməsi iqtisadiyyatın dinamik inkişafını təmin etməkdədir. Bütün sahələrdə, ilk növbədə informasiya texnologiyaları, innovasiyalar olmaqla, neftdən əldə edilən gəlirlə sərmayə qoyuluşunun şahidi oluruq. Həmçinin, bir istiqaməti xüsusilə qeyd etmək istəyirəm: neft sahəsində çalışan kadrların hazırlanmasına sərmayə qoyuluşunu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında ölkəmizin təhlükəsizliyini təhdid edən hallar sırasında peşəkar insan ehtiyatlarının çatışmazlığı xüsusi ilə vurğulanmışdır. Konsepsiyaya görə peşəkar milli işçi qüvvəsinin və idarəetmə sektorunun inkişafı üçün zəruri olan bütün səviyyələrdə təlim və tədrisin təmin edilməsinə qadir olan mütərəqqi təhsil sisteminin inkişafındakı və idarə edilməsindəki uğursuzluq Azərbaycan Respublikasının inkişafına uzaq perspektivdə mənfi təsir göstərə bilər. Bu təhlükənin aradan qaldırılması istiqamətində görülən işlər arasında neft sənayesində milli kadrların hazırlanması da mühüm rol oynayır. Bu sahədə uzun illər fəaliyyət göstərən Azərbaycan Neft Akademiyasının rolunu danmaq olmaz. Lakin bu ali məktəblə bərabər yeni yaradılmış Ali Neft Məktəbinin yeni çağırışlara cavab verən müasir milli kadrların hazırlanmasında qatqısı böyükdür. Ümumillikdə, qeyri-neft sektorunun inkişafını aşağıdakı kateqoriyalara ayırmaq olar.
1) Neft kapitalının insan kapitalına çevrilməsi.
2) Təhsilin, mədəniyyətin və idmanın inkişafına yönəlik layihələr.
3) İnfrastruktur və nəqliyyat daşımaları layihələri.
- Sadiq müəllim, son dövrlər qeyri-neft sektorunun əsas diqqətçəkən istiqamətlərindən biri olan alternativ enerji mənbələri ilə bağlı layihələr sizin tərəfinizdən bir neçə dəfə səsləndirilmişdir. Bu sahənin inkişaf perspektivini necə görürsünüz?
- İqtisadi rentabelliyi və dayanıqlığı baxımından alternativ enerji mənbələri son dövrlər bizim regionda da aktuallıq qazanmaqdadır. Bu enerji növünün qaynaqlarının təbiət olması bu sahənin səciyyəvi xüsusiyyətidir. Ümumiyyətlə deyə bilərik ki, son illərdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer alıb. Bu gün xarici şirkətlərlə yeni layihələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Məsələn, işğaldan azad edilmiş regionlarımızın bərpasında alternativ enerji mənbələri ilə bağlı məşhur olan “ACWA Power” və “Masdar” şirkətləri ilə 500 milyon dollarlıq müqavilə bağlanması dövlətimizin bu sahənin inkişafında maralı olduğunun göstəricisidir. Bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanıqlığını təmin edəcək. Bərpaolunan enerji istehsalı ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcək. Bu sahənin inkişafını şərtləndirmək üçün Milli Məclisdə bir neçə yeni qanun da qəbul edilib. Elə keçən yaz sessiyasında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun qəbul etdik. Heç şübhəsiz ki, bu sahənin inkişaf perspektivləri möhkəm təməllər üzərində qurulmalı və inkişaf etdirilməlidir.
- Sadiq müəllim, ekspertlər postneft dövrü ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bu barədə sizin fikirlərinizi bilmək maraqlı olardı.
- Bəzi hallarda postneft dövrü ilə bağlı pessimist təhlillərlə rastlaşırıq. Hesab edirəm ki, postneft dövrü ilə bağlı ən ciddi şəkildə Azərbaycan dövləti, onun rəhbəri cənab İlham Əliyev düşünür. Qeyri-neft sektoruna qoyulan sərmayə, müxtəlif sahələrin inkişaf etdirilməsi bunun bariz nümunəsidir. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, 2017-ci ildə “Əsrin müqaviləsi”nin iştirakçısı olan subyektlərlə yeni pay bölgüsü ilə bağlı müqavilə müddətinin 2050-ci ilə kimi uzadılması, postneft dövrünün yaxın gələcəkdə aktual olmamasından xəbər verir. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti, onun uzaqgörən, müdrik Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın düşünülmüş siyasətləri sürətli iqtisadi inkişafa təminat verir. Odur ki, bu mövzuda narahat olmağa dəyməz.
Bu siyasətin nəticəsidir ki, Azərbaycan 4-cü sənaye inqilabının regional mərkəzinə çevrilmişdir. Bu isə Azərbaycanın möhkəm iqtisadi və siyasi təməllər üzərində olduğunu, Qafqazın lider dövləti olmaqla, dünyanın qabaqcıl inkişaf etmiş ölkələri arasında ön sıralarda özünə yer tutacağını göstərir. Təsadüfi deyil ki, artıq "ağıllı hökumət", "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı fabrik", "ağıllı avtomobil", "ağıllı telefon" kimi konsepsiyalar həyatımızda daha çox görünməyə başlayıb. Onu da qeyd edim ki, Azərbaycan gənclər ölkəsidir, yeniliyə açıq cəmiyyəti vardır. Hesab edirəm ki, hətta pessimist ekspertlərin proqnozları doğrulsa belə, biz, xalq, millət olaraq postneft dövrünə hazırıq.
- Sadiq müəllim, Yeni Neft Strategiyası Azərbaycana nə qazandırdı?
- Azərbaycanın iqtisadi potensilının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsi 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycanın dünyanın hərbi baxımdan ən güclü dövlətlər sırasına çıxmasında məhz bu siyasətin düzgün qurulması həlledici rol oynadı. Vaxtilə ümummili lider Heydər Əliyev tərəfindən iqtisadi prioritetlərin düzgün müəyyən edilməsi və cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi bizimlə müharibə vəziyyətində olan Ermənistanın iqtisadi blokadaya alınmasına gətirib çıxardı. Əvəzində isə güclü iqtisadiyyatımız bizə müdafiə sənayemizin inkişaf edirilməsinə şərait yaratdı. Bütün bunlar iki böyük sərkərdənin - Heydər Əliyevin və və onun davamçısı İlham Əliyevin zəkasının Azərbaycan xalqına töhfəsi idi.

yap.org.az

Digər xəbərlər