Müsahibə

  • 3 044

Yalnız Azərbaycanın deyil, bütövlükdə regionun tarixində işıqlı səhifə açılıb

image

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev
- Musa müəllim, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Anım Günü kimi təsis olunan İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixi 30 illik işğal dövrünün reallıqlarını və Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığını özündə ehtiva edir. Tariximizin ən möhtəşəm səhifəsi ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Müstəqil Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biri heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsi və Ali Baş Komandan cənab İlham Əliyevlə ordumuzun və xalqımızın birliyi, iradəsi, əzmi sayəsində torpaqlarımızın işğaldan azad olunmasıdır. Zəfər müharibəsi sentyabrın 27-də başladı və 44 gün davam etdi. Ermənilərin növbəti təxribatının qarşısını alan Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə bu təxribatlara birdəfəlik son qoymaq, düşmənə öz yerini göstərmək, Azərbaycan xalqının və ordusunun əzmini dünyaya nümayiş etdirmək üçün qəti hücuma keçdi. 27 sentyabrdan başlanan yol hesab edirəm ki, Azərbaycan xalqının tarixinə ən şərəfli günlər kimi yazıldı. Allah şəhidlərimizə rəhmət etsin, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Amma şəhidsiz, qurbansız Vətən qorunmur. Bütün dünya tarixi bunu göstərir. Qazilərimizə Allahdan şəfa diləyirik.
Azərbaycan tarixi Zəfərinin sevincini yaşayır. Bu Qələbə Azərbaycan Prezidentinin tarixi Zəfəri oldu. Mən deyərdim ki, Azərbaycanın dövlətçilik tarixində qüdrətli sərkərdələrimiz, dövlət rəhbərlərimiz, xalqın liderləri çox olub. Amma cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Qələbə son 250 ildə əldə etmədiyimiz bir Zəfər oldu. Əvvəlki tarixlərdə də böyük qələbələrimiz çox olub. Amma o tarixlə indiki dünyanı müqayisə etmək mümkün deyil. İndi dünya qloballaşıb, dünyada böyük güclər var.
- Vətən müharibəsinin yaratdığı reallıqlar Azərbaycanın regiondakı və dünyadakı yerinə və roluna hansı əlavələri etdi?
- Azərbaycanın 44 günlük Zəfər müharibəsini bütün dünya qəbul etməli oldu. Baxmayaraq ki, 30 ilə yaxın müddətdə nə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmuşdu, nə ATƏT-in Minsk qrupu iş görmüşdü. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunda dünyanın ən güclü dövlətləri həmsədrlik edirdilər və onlar da Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısalar da faktiki olaraq heç bir addım atmırdılar. Amma cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bütün dünya Azərbaycanın dostuna çevrildi. Bir neçə dövləti çıxmaq şərtilə, hansı ki onlar ənənəvi ermənipərəst, antiislam, antitürk mövqeyi tutublar, bütün dövlətlər Azərbaycanın Qələbəsini qəbul etdi, dəstəklədi və ölkəmizin 44 gündə apardığı qüdrətli savaşın nəticəsi olaraq ermənilər kapitulyasiya aktını imzalamalı oldular. 10 noyabr 2020-ci il tarixində artıq üçtərəfli Bəyanatın imzalanması ilə bağlı şad xəbəri məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa çatdırdı. Baxmayaraq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də bu Bəyanatı imzalamışdır, amma müqavilənin şərtlərini cənab İlham Əliyev oxudu. Bəyanatın şərtlərini bizim Prezidentimiz diktə etmişdir. Bu, Ermənistan tərəfinin kapitulyasiyası demək idi. Cənab Prezidentin dəfələrlə söylədiyi kimi, biz bilmirik Paşinyan bu sənədə harada imza atdı. Amma onun bizim üçün o qədər əhəmiyyəti yoxdur. Bizim üçün əsas olan odur ki, kapitulyasiya aktına imza atıldı. Üç böyük rayonumuz, hansı ki, ermənilər onlarda keçilməz istehkamlar qurmuşdular, onlar bir güllə atılmadan azad olundular. Bunlar Ağdam, Kəlbəcər və Laçın rayonlarıdır. Laçın və Kəlbəcər ərazicə Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın ən böyük inzibati ərazi vahidlərindən biridir. Bu rayonlar dağlıq yerlərdir. Müharibə aparmaq böyük itkilərə səbəb ola bilərdi. Cənab İlham Əliyevin sərkərdərlik bacarığının qüdrəti idi ki, bu qələbələrə nail olduq. Ondan sonrakı dövrdə Azrbaycan 11 noyabrdan yenidənqurma işlərinə başladı. Ermənilər 30 ildə bu ərazilərdə daşı-daş üstünə qoymayıb, heç bir tikinti aparmayıb. Çünki öz torpaqları deyil. Qəsbkar, işğalçı heç zaman qurucu mahiyyətdə ola bilməz. Cənab Prezident isə ilk gündən bu torpaqlarımızda quruculuq və abadlıq işlərinə start verdi. Biz artıq Şuşanı təkcə Azərbaycanın deyil, türk dünyasının mədəniyyət mərkəzi elan etmişik. Şuşa inşallah dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Şuşanın yenidən qurulması ilə bağlı cənab Prezidentin Sərəncamı və tapşırıqları vardır. Milli Məclis Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı Qanun qəbul edib. Şuşada cox böyük mədəniyyət tədbirləri həyata keçirilir. Burada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirildi. Şuşanı diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının, parlamentin nümayəndələri, jurnalistlər, bu şəhərin sakinləri tez-tez ziyarət edirlər. Mədəniyyət paytaxtımızın tarixi ilə bağlı ən əlamətdar hadisə 15 iyun tarixində iki qardaşın, bir millətin iki dövlətinin rəhbərlərinin- Ali Baş Komandan İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi oldu. Şuşa Bəyannaməsi tarixi Qars müqaviləsinin 100 ildən sonra davamı idi ki, bu, bizim gücümüzə yeni güc qatdı. Şuşa Bəyannaməsinin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan bölgədə tək deyil. Azərbaycana qarşı heç kəs təhdidlə çıxış edə bilməz. Ölkəmizə qarşı kiminsə məkrli düşmən niyyəti olacaqsa, Azərbaycanla yanaşı, Türkiyə dövlətini də, Türkiyə Ordusunu da qarşısında görmüş olacaq. Eyni zamanda, Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti bundan ibarətdir ki, bu sənəd düşmənçiliyə, müharibəyə deyil, sülhə və əməkdaşlığa çağırış sənədidir. Məhz bu Bəyannamənin əsas tələblərindən biri Zəngəzur dəhlizinin açılması ilə regionda bütün kommunikasiyaların işə düşməsi, əməkdaşlığın genişlənməsi və Rəcəb Tayyib Ərdoğanın elan etdiyi altılar platformasının yaradılması ilə bağlıdır ki, bu, Cənubi Qafqazı artıq əməkdaşlıq, sülh bölgəsinə çevirir. Burada da söz sahibi Azərbaycan və Türkiyədir. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, artıq türk dünyasının, islam ailəminin iki müasir, sivil, güclü dövləti-Azərbaycan və Türkiyə regionda söz sahibidir. Təkcə regionda deyil, bütövlükdə dünyada Azərbaycan və Türkiyə böyük layihələri gerçəkləşdirən dövlətlərdir. İnşallah yəqin bu ilin sonuna qədər Zəngəzur dəhlizinin açılmasının müjdəsini eşidərik. Zəngəzur dəhlizi açılandan sonra Qədim İpək yoluna alternativ yolumuz da açılmış olur. Zəngəzur dəhlizi açılandan sonra turist, avropalı öz avtomobili ilə Türkiyə, Naxçıvan üzərindən, Zəngəzur dəhlizindən gəlib Qarabağda istirahət edə, bu diyarın gözəllikləri ilə tanış ola biləcəkdir. Qarabağın tarixi, mədəni abidələri, musiqisi, mədəniyyəti, mətbəxi, insanlarımızın qonaqpərvərliyi ilə tanış olacaq və buradan da öz xoş xatirələrini aparacaq. Bu, təkcə turist səfəri olmayacaq, eyni zamanda, gələcək biznes əlaqələrinin də qurulması üçün əlamətdar hadisə olacaq.
Onu da qeyd edim ki, ölkə Prezidenti 2021-ci il iyulun 7-də “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Bu, dövlət başçısının uğurla həyata keçirdiyi iqtisadi və siyasi strategiyasının daha bir təzahürüdür. Yeni bölgüyə əsasən 14 iqtisadi rayon yaradılıb. İşğaldan azad edilən ərazilərimizi əhatə edən və yeni yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələri həm kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün önəmli yerlərdir, həm faydalı qazıntıları genişdir, həm də turizm əhəmiyyəti böyükdür. Təkcə Laçında və Kəlbəcərdə isti suyu emal edib dünya bazarlarına çıxarsaq büdcəmizə milyonlarla dollar vəsait daxil olacaq. Şuşanı turizm mərkəzinə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərimizdə qızıl, mərmər, tikinti materialları yataqlarımız, meşələrimiz var. Bütövlükdə götürdükdə, 44 günlük müharibə bizə həm də iqtisadi potensialımızı artırmaq üçün böyük resurslar yaratdı.
- Musa müəllim, yeni iqtisadi rayonların yaradılmasından bəhs etdiniz. Bu mühüm addımın iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyətini necə şərh edərdiniz? Dünyaya hansı mesajlar ünvanlandı?
- Birinci növbədə, heç şübhəsiz, dünyaya belə mesaj ünvanlanır ki, Azərbaycan öz ərazilərinin sahibidir, öz ərazilərindən istədiyi kimi istifadə etmək iqtidarındadır. Bu, əməkdaşlığa, sülhə, əmin-amanlığa, bölgədə dayanıqlı inkişafa yönəlmiş bir fəaliyyətdir. Eyni zamanda, biz artıq sərhədlərin delimitasiyası və demarkasiyasına da başlamışıq. Bu da sülhün davamlı olması, gələcəkdə hər hansı bir iddiaların qarşısının alınması üçün çox vacib amillərdən biridir. Şərqi Zəngəzur iqtisadi rayonunun yaranması həm də bütün dünyaya bu mesajı verir ki, Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var. Heç şübhəsiz ki, Zəngəzur dəhlizi açılandan sonra Şərqi Zəngəzur da, Qərbi Zəngzur da yaxın gələcəkdə birləşəcək və azərbaycanlılar cənab Prezidentimizin qeyd etdiyi kimi, öz tarixi torpaqlarına-Zəngəzura, Göyçəyə, İrəvan mahalına gedib-gələcək, orada yaşayacaq, fəaliyyətlərini davam etdirəcəklər. İqtisadi rayonların yeni bölgüsü, eyni zamanda, dünyaya belə bir mesaj oldu ki, daha Dağlıq Qarabağ deyilən bir anlayış yoxdur. Vahid Qarabağ var. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu ərazinin həm iqtisadi, həm də siyasi cəhətdən böyük əhəmiyyəti vardır.
Dünyaya bu mesajı da vermək olur ki, dövlətimiz Azərbaycan Konstitusiyasını, qanunlarını, bayrağını qəbul edən, hörmətlə yanaşan, o qanunlar çərçivəsində yaşamaq istəyən milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına eyni zəmanəti verir. Əgər Qarabağ ərazisində yaşayan ermənilər bundan sonra dinc fəaliyyətlərini davam etdirmək istəyirlərsə, Azərbaycan xalqına qarşı hər hansı cinayət əməlində olmayıblarsa bizim qanunlar çərçivəsində yaşaya, fəaliyyət göstərə bilərlər. Azərbaycan ölkəmizdə yaşayan digər xalqlar, millətlər kimi onlara da eyni münasibəti bəsləyəcək. Həmçinin dünyaya bu mesaj da ünvanlanır ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün dünyanın istənilən dost və xoş niyyətli dövlətlərini, şirkətlərini bura dəvət etməyə hazırıq. Artıq İtaliyanın, Çinin, Koreyanın, Türkiyənin böyük şirkətləri bu təşəbbüslə çıxış edirlər ki, öz işlərini qursunlar. Bu, dünyaya belə bir mesajı da verir ki, istər torpaqlarımızın minalardan təmizlənməsi, istər orada bərpa və quruculuq işlərinin həyata keçirilməsi, istərsə də böyük biznes əlaqələrinin qurulması istiqamətində Azərbaycan dünyaya açıqdır, bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırdır. Bu şərtlə ki, bu əməkdaşlıq qarşılıqlı inkişafa, faydaya xidmət etsin.
- Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi, sentyabrın sonlarında Zəfər yolunun işə düşməsi nəzərdə tutulur. Bu mühüm hadisələr Böyük Qayıdışın artıq reallığa çevrildiyi demək deyilmi?
- Bəli. Biz hələ müharibənin bitməsinin birinci ilini yaşayırıq. Bu müddət ərzində nə qədər böyük işlər görülüb. Üç hava limanının təməli qoyulub. Füzuli Hava Limanının açılışı oldu və istifadəyə verilməsi üçün ilk sınaq uçuşları həyata keçirildi. Laçında və Zəngilanda cənab İlham Əliyev hava limanlarının təməlini qoydu və işlər gedir. Zəfər yolu bir tarixi yoldur. Həm də Azərbaycanın şərəf, şöhrət yoludur. Artıq son tamamlanma işləri gedir. Zəngilanın Ağalı kəndlərində “ağıllı kənd” layihəsi uğurla həyata keçirilir və gələn il ilk məcburi köçkün sakinlərinin geri dönməsini qeyd edəcəyik.
Ağdam şəhərinin baş planı təqdim edilib. Dövlət bşçısının qeyd etdiyi kimi, Ağdam Azərbaycanın böyüklüyünə və inkişaf göstəricilərinə görə dördüncü böyük şəhəri olacaq: Bakı, Gəncə, Sumqyıt və Ağdam. Şuşada qısa müddət ərzində nə qədər böyük quruculuq və bərpa işləri gedib. Bütövlükdə regionda həyat canlanıb. Yol infrastrukturu bərpa olunur, yeni yollar çəkilir. Bunlar dünyaya Azərbaycanın gücünün, iqtisadi imkanlarının, xalqımızın əzminin nümayişidir. Eyni zamanda, cənab Prezidentin regionda bir lider simvolunun nümayişidir ki, bütün bunlar onun nəzarəti altında, ideyaları əsasında həyata keçirilir. Bu, həm də xalq-iqtidar birliyinin nümayişidir.
- Qələbəmizin əsas qəhrəmanları olan şəhidlərimizin ailələrinin və qazilərin sosial problemlərinin həlli dövlətin diqqət mərkəzindədir…
- Heç şübhəsiz, şəhidlər, onların ailələri, Qarabağ qaziləri, veteranlar cəmiyyətin qürur yeridir. Onlara hər birimiz borcluyuq. Sosial problemlərinin həlli, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinə diqqət və qayğının göstərilməsi həm dövlətin, həm də cəmiyyətin vəzifəsi, borcudur. Bir məqamı xatırlatmaq istərdim. Cənab Prezident Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza Şəhidlər xiyabanından çatdırdı. Digər rayonlarımızın, kəndlərimizin işğaldan azad olunması xəbərini televiziya vasitəsilə öz iş otağından verdi. 11 noyabr 2020-ci il tarixdə, yəni müharibə bitdikdən bir gün sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın ziyarət etdikləri ilk yer hərbi hospitalda müalicə alan hərbçilər oldu. Bu iki faktın özü göstərir ki, cənab Prezidentimizin şəhidlərimizə, qazilərimizə münasibəti ən yüksək səviyyədədir. Bu münasibət dövlətimizin, dövlət başçısının münasibətidir. Bu, eyni zamanda, hər birimizə, hər bir Azərbaycan vətəndaşına cənab Prezidentin çağırışıdır ki, sizin də şəhid ailələrinə, qazilərimizə bu diqqəti və qayğını göstərmək borcunuzdur. Çünki ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində qanından, canından keçmiş o insanlara borcluyuq. Bir neçə faktı xatırlatmaq istəyirəm. Müharibənin bitməsinin hələ bir ili tamam olmayıb. Şəhid ailələri, Qarabağ qaziləri və veteranlar ilə bağlı 19 Prezident Fərmanı, 40 Sərəncamı var. Prezident səviyyəsində 59 sənəd qəbul olunub. Prezident 59 sənəd üzrə hökumətə tapşırıq verib ki, bu insanların sosial müdafiəsi, reablitasiyası, adlarının əbədiləşdirilməsi, onlara fəxri adların verilməsi və sair məsələlərlə bağlı tədbirlər görülsün. Eyni zamanda, Milli Məclisin 30-a yaxın qanunları qəbul olunub, yaxud qanunlarda dəyişiklik edilib. Bu faktlar göstərir ki, onlar daim dövlətin diqqətindədir. Bir neçə rəqəmlərə nəzər salmaq istərdim. YAŞAT Fondu cənab İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Sərəncamla yaradılıb. Bu Fondun yaradılmasında məqsəd dövlətlə bərabər cəmiyyətin də şəhid ailələri və qazilərə göstərdiyi diqqətin bir mərkəzdən təmin edilməsidir. Dövlət öz diqqət və qayğısını göstərir. Cəmiyyət də bu prosesdə iştirak etməlidir. Cənab İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir illik maaşlarını YAŞAT Fonduna köçürdülər. Ayrı-ayrılıqda hər kəs bu prosesdə iştirak edir. Fondun vəsaitləri hesabına yüzlərlə qazilərimiz həm ölkə daxilində, həm də xaricdə müalicə alıblar. 100-lərlə şəhid ailəsinə yardımlar göstərilib.
Dövlət xətti ilə bu kateqoriyadan olan 26 min şəxs dövlətin bu və ya digər qayğısı ilə əhatə olunub. Sosial tərəfdaşlar tərəfindən 110 mindən çox ərzaq payı həssas qruplara verilib. 1200 müharibə əlilinə ( I və II Qarabağ müharibəsi) 8830 reablitasiya vasitəsi verilib. Protez Ortopedik Reablitasiya Mərkəzində 140 hərbçi yüksək texnologiyalı müasir protez, 750 ələlliyi olan şəxs (əksəriyyəti qazilər) mühərrikli təkərli oturacaqlarla təmin edilib. Reablitasiya müəssisələrində 1300 şəxsə sosial-psixoloji xidmətlər göstərilib. Sosial müdafiələrinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Belə ki, keçmiş məcburi köçkünlər üçün inşaf olunmuş 6365 mənzilin şəhid ailələrinə verilməsi üçün işlər aparılır. 2021-ci ildə ölkə üzrə 3 min mənzil və fərdi ev veriləcək. Onların 2 mini artıq mənzillə təmin olunub. 2021-ci ilin planı üzrə artıq 100 avtomobil müharibə əlillərinə verilib. Ailə üzvlərindən əlilliyi olan 300-dən çox şəxsə birdəfəlik maddi yardım ayrılıb. Dövlət başçısı İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan Vahid Əlaqələndirmə Mərkəziində “bir pəncərə” prinsipi ilə 7 qurum üzrə 26 xidmət göstərilir. Vahid Əlaqələndirmə Mərkəzləri 23 avqust tarixindən DOST mərkəzlərində fəaliyyətə başlayıb. Bu mərkəzlər vasitəsilə 332 şəxsə xidmətlər göstərilmişdir. Şəhid ailələrinin üzvlərinin və qazilərin məşgulluğunun təmin olunması da əsas məsələlərdəndir. Bu məqsədlə “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında yeni kampaniya- “Məşğulluq marafonu" başladı. Dövlət strukturları ilə yanaşı, özəl strukturlar da «Məşğulluq marafonu»na qoşulub və indiyə qədər 6881 şəhid ailəsi və qazisi işlə təmin olunub. Bu qısa müddətdə bu qədər insanın işlə təmin olunması təqdirəlayiqdir. Cənab İlham Əliyevin Sərəncəmı ilə həm Prezident Administrasiyasında, həm də yerli icra hakimiyyəti orqanlarında qazilər və şəhid ailələri ilə iş şöbəsi yaradıldı. Bir sözlə, bu kateqoriyadan olan vətəndaşlarımıza dövlətin və cəmiyyətin diqqəti, qayğısı sonsuzdur.
- Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə postmüharibə dövrü üçün “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Bu sənəd özündə hansı hədəfləri ehtiva edir?
- Milli Prioritetlər Azərbaycan dövlətinin yaxın 10 il ərzində inkişafının istiqamətlərini müəyyənləşdirir. Əsas 4 istiqamət üzrə prioritet müəyyənləşib. O prioritetlərin əsas mahiyyəti Azərbaycanın müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf perspektivlərini müəyyən etmək və o yolla getməkdir. Nədir müasir dövrün çağırışları? Birincisi, yüksək informasiya-kommunikasiya texnologiyalarının ölkədə daha da inkişafı və idarəetmənin elektronlaşdırılmasıdır. Çox vacib məsələdir. Zəngilanın Ağalı kəndinin “ağıllı kənd” layihəsi çərçivəsində bərpası məhz bu prioritetlərin həyata keçirilməsi ilə bağlıdır. İnformasiya-kommunikasiya texnologiyaları inkişaf etdikcə artıq yeni peşələrin yaranması zərurəti ortaya çıxır. Bu peşələrə yiyələnəcək kadrların yetişdirilməsi də qarşıda dayanan vəzifələrdəndir.
Mühüm prioritetlərdən biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməkdir. Qlobal iqlim dəyişikliklərinin miqyası nəzərə alınaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsi qarçıya mühüm vəzifə kimi qoyulur. Növbəti prioritet dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılmasıdır. Məqsəd ölkədə bütün resurslara hər bir Azərbaycan vətəndaşının əlçatanlığını təmin etməkdir. Eyni zamanda, bu çağırışlar heç şübhəsiz ki, Azərbaycanın qüdrətinin artırılması ilə bağlıdır. Bu istiqamətdə davamlı işlər görülür. Əsas məsələ işğaldan azad edilmiş ərazilərimizin müasir çağırışlar səviyyəsində bərpası və yenidən qurulması, vətəndaşlarımızın Böyük Qayıdışının həyata keçirilməsidir.
- Musa müəllim, bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, müharibə bitib, münaqişə başa çatıb, ölkəmizin həyatında yeni səhifə açılıb…
- Bəli, yeni səhifə açılıb. Yalnız Azərbaycanın deyil, bütövlükdə regionun tarixində işıqlı səhifə açılıb. O səhifənin də müəllifi cənab İlham Əliyevdir. Hesab edirəm ki, ölkə Prezidenti bu yeni səhifəni açmaqla bütövlükdə region xalqlarına sülh, əmin-amanlıq, birgə yaşayış, iqtisadi inkişaf və yüksək rifah bəxş etmiş oldu. Bunu zaman-zaman Azərbaycan xalqı ilə yanaşı, bütün region xalqları da öz tarixlərində, ədəbiyyatlarında yaşadacaqlar.

yap.org.az

Digər xəbərlər