Müsahibə

  • 5 471

Tarixi ədaləti bərpa edən tarixi Zəfər yolu

image

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Əli Həsənov
-Əli müəllim, hər günü bir qəhrəmanlıq səhifəsi olan Vətən müharibəsindən bizi bir il zaman kəsiyi ayırır. Siz həmin günləri necə xatırlayırsınız?
-Hər şeydən əvvəl, torpaqlarımız uğrunda canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, onların valideynlərinə və əzizlərinə səbir diləyirəm. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qan yaddaşında daim yaşayacaq. Çünki şəhidlər ölməzdir, onlar əbədiyaşardırlar. Qazilərimizə də tezliklə sağalmağı və normal həyata qayıtmağı arzulayıram.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı, unudulmaz səhifəsidir, özü də analoqu olmayan qəhrəmanlıq səhifəsi. Bu, xalqımızın üzləşdiyi 30 illik ədalətsizliyə qarşı müqəddəs savaş idi, öz haqqına, əzəli torpaqlarına sahib çıxmaq uğrunda ümumxalq mücadiləsi idi.
Kim və hansı dünyəvi dövlət, təşkilat bilərdi ki, 44 gündə belə bir Qələbəyə nail olmaq olar? Heç kim, heç bir dünyəvi dövlət və təşkilat! Onda sual olunur: bəs bu, necə oldu?
Bu, bir həqiqətdir ki, 44 günlük Zəfər son 50 ildə (1969-2020-cü illər) görülmüş işlərin yekun nəticəsi idi. Ulu Öndər Heydər Əliyev 1969-2003-cü illərdə, yəni 34 ildə bu Qələbə üçün kifayət qədər baza yaratmışdı. Ancaq bir oğul, bir Ali Baş Komandan lazım idi ki, bu yaradılmış imkanlardan məharətlə istifadə etsin. Bu imkanlardan heç kəs istifadə edə bilməzdi, çünki onun üçün müasir dünyanın siyasətindən xəbərdar olmaq, xüsusi bacarığa malik olmaq, hər atılacaq addımı ölçüb-biçmək, tam əminliklə risk etmək lazım idi. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bunu edə bildi. Ancaq bu hazırlığa nə az, nə çox, düz 17 il sərf etdi.
Ali Baş Komandan hər dəfə çıxışlarında düşmənə, onun havadarlarına, həmçinin beynəlxalq təşkilatlara açıq-aşkar xəbərdarlıq edirdi. Savadsız, bacarıqsız, ümumiyyətlə, siyasətdən, dövlət idarəçiliyindən bixəbər olan, küçədən hakimiyyətə gətirilmiş Ermənistan rəhbəri N.Paşinyan bu xəbərdarlıqlara məhəl qoymadan və ya heç başa düşmədən 27 sentyabr 2020-ci ildə dövlət sərhəddində növbəti təxribat törətdi. Dünya siyasətindən bixəbər N.Paşinyan arxayın idi ki, MDB Təhlükəsizlik Komitəsi və Ermənistanın xaç ataları ona yardımçı olacaqlar.
Dünya siyasətindən yaxşı xəbərdar olan, beynəlxalq qanunvericiliyi dürüst bilən, 17 illik hazırlığa arxayın və əmin olan Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev isə bu fürsəti buraxmayaraq əks-hücum əməliyyatına göstəriş verdi, 44 günlük İkinici Qarabağ Böyük Vətən müharibəsinin bütün gedişatını çox yüksək sərkərdəlik bacarığı nümayiş etdirərək şəxsən özü idarə etdi, Azərbaycanın bütün tarixi boyu görə bilmədiyi işləri gördü və ölkəmizin yeni müasir tarixini yazdı.
Yaxşı yadımdadır, 44 günlük müharibənin 11-ci günündə, 7 oktyabr 2020-ci il tarixində Müdafiə Nazirliyində zabit heyəti ilə geniş müşavirə keçirdi. Düzdür, müşavirə barədə geniş məlumat verilmədi, ancaq sonra məlum oldu ki, “dəmir yumruğun” dadını öz zabitlərimiz və generallarımız da dadıb. Əgər “dəmir yumruq” düşməni sarsıtdısa, öz hərbçilərimizi oyatdı və onları daha cəsarətli, verilmiş tapşırıqların icrasında nizam-intizamlı etdi.
“Dəmir yumruq” bütün dünya ermənilərini türk dünyasına qarşı qoyan, türklərə, azərilərə qarşı nifrət siyasəti yürüdən və bütün dünya ermənilərinin əsas kilsəsi olan Eçmiədzin kilsəsinə elə zərbə vurdu ki, həmin kilsə və dünya erməniləri bundan sonra nəinki özlərinə gəlməyəcəklər, hətta bütün dünyada nifrətlə qarşılanacaqlar.
-44 gün ərzində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də beynəlxalq informasiya savaşında mücadilə aparırdı. Bu da Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynadı
-Bəli, həmin dövrdə dünyada Azərbaycana qarşı təzyiqlərin artdığının şahidi olduq. Bütün dünya ölkələri bir tərəfdə idi, cənab Prezident təkbaşına meydanın o biri tərəfində. Əlbəttə ki, Türkiyə və Pakistanı çıxmaq şərtilə. O, hər gün bütün gün ərzində təzyiqlərə sinə gərirdi və öz yolundan dönmədi. Bütün hərbi əməliyyatları şəxsən özü idarə etməklə bərabər, ideoloji təbliğatı da yüksək səviyyədə məharətlə təmin etdi.
Cənab Prezidentin həmin günlərdə şəxsən dünyanın 30-dan çox telekanalına verdiyi müsahibələri, xalqımıza 10 dəfə müraciətini hamımız həyəcanla dinləyirdik. Məhz bu məqsədyönlü fəaliyyətin nəticəsində o, ermənilərin 200 ildən çox türk dünyasına qarşı apardıqları əks-təbliğatı darmadağın edərək erməni millətinin iç üzünü dünyaya tanıtdı. Qarabağ torpağının tarixən Azərbaycan torpağı olduğunu bir daha dünya xalqlarına nəinki çatdırdı, həm də konkret faktlarla sübut etdi. Həmçinin Ermənistanın siyasi rəhbərliyinin yaramaz, savadsız, qorxaq, ləyaqətsiz olduğunu dəfələrlə vurğuladı və millətimizin nəyə qadir olduğunu, cəsarətini, mərdliyini, torpaqların azad olunması üçün əsgər, zabit və generallarımızın canlarını qurban verdiklərini bütün dünyaya bir daha çatdırdı.
Bəzi ölkələrin, xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın həmin günlərdə tutduğu qərəzli mövqe yalnız təəssüf doğurur. Cənab Prezident sentyabrın 28-də Fransanın “France 24” telekanalına verdiyi müsahibədə bu barədə onlara tutarlı açıqlama verdi. Münaqişənin həllinə çalışan dövlətin açıq-aşkar işğalçını dəstəkləməsi nə diplomatiyaya uyğun gəlir, nə də sadə məntiqə.
Çox maraqlıdır ki, hələ də Ermənistanın siyasi rəhbərliyi bu biabırçılıqdan sonra nəyə isə, kimə isə arxalanaraq, gündə bir sərsəm fikir səsləndirir, hətta Fransanın siyasi rəhbərliyi də baş verənlərdən ayılmayıb. Bax, bugünkü dünyanın iç üzü belədir.
-Bəzi dövlətlər qəbul edə bilməsələr də, bu, bir fakt idi ki, haqq Azərbaycanın tərəfində idi, biz öz tarixi torpaqlarımızı azad etməli idik və etdik
-Bütün beynəlxalq hüquqi sənədlər, eləcə də BMT-nin 1951-ci il Konvensiyası, BMT-nin qəbul etdiyi 4 qətnamə və beynəlxalq təşkilatların qərarları əsas verirdi ki, Azərbaycan işğal olunmuş torpaqlarını istənilən yolla, o cümlədən, hərbi yolla azad etsin.
Ulu Öndər Heydər Əliyev dünya ölkələrinin liderləri arasında olan mövqeyindən və şəxsi tanışlığından məharətlə istifadə edərək dünya ermənilərinin son 200 ildə türklərə, azərilərə və müsəlman dünyasının əleyhinə gördükləri işlər barədə dünya liderlərini mütəmadi olaraq məlumatlandırırdı. Xüsusən, məlum münaqişənin günahkarları, həmçinin onların havadarları barədə. O, bu problemin əsaslı həlli üçün beynəlxalq səviyyədə hüquqi baza yaratdı. Sadəcə olaraq vaxt-zaman imkan vermədi ki, bu problemin həllini başa çatdırsın.
Cənab Prezident həmişə çıxışlarında deyirdi ki, əgər bu problem sülh yolu ilə həll olunmasa, onun başqa həll yolu var, o da müharibə yoludur. Ölkə Prezidenti bəyan edirdi ki, bir qarış torpaq da işğal altında qalmayacaq, bütün torpaqlar azad olunacaq. Cənab Prezident İlham Əliyev 44 gündə bəzi dövlətlərin və beynəlxalq təşkilatların 28 ildə həll edə bilmədiklərini və həll etmək istəmədiklərini, məhz əks-hücum əmri verərək müharibə yolu ilə təkbaşına özü həll etdi. Ermənilərin təxribatına cavab olaraq əks-hücum əmrini verərək tarixi ədaləti bərpa etdi, problemi başqa yolla, özü həll etdi. Dünya hərb tarixində görünməyən əməliyyatların müəllifi elə özü oldu.
Cənab Prezidentin 18 il ərzində əldə etdiyi nailiyyətlərdən biri də məhz 200 ildən çox ermənilərin formalaşdırdığı erməni hərbi mifini yer üzündən silib zibilxanaya atması oldu. 44 gündə ermənilərin 28 il işğal altında saxladıqları torpaqları azad edərək qurduqları istehkamları darmadağın etdi və dünya hərbi ekspertlərini mat qoydu. Xüsusən, Şuşa əməliyyatının sirlərini dünyanın hərbi ekspertləri hələ də aça bilmirlər. Bəli, digər sahələrdə olduğu kimi, hərbi sahədə də dünya üçün yeni, analoqu olmayan nümunələr təqdim etdi.
Ali Baş Komandanın şəxsən rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması 30 ilə yaxın müddətdə millətimizin əyilmiş, ancaq sınmamış qamətini düzəltdi, millətin ləyaqətini özünə qaytardı. Bundan sonra millətimiz tarix boyu başıuca gəzəcək, ermənilər isə ləyaqətsiz, qorxaq, gələcəyi olmayan bir millət olaraq dünya xalqlarının gözündən düşəcək, həmişə başıaşağı gəzəcəklər və uzun müddət formalaşdırdıqları “ağıllı millət” mifi bir daha təkrarlanmayacaq.
-O çətin günlərdə bizə arxa, dayaq duran, xalqımıza mənəvi güc verən dövlətləri, dövlət başçılarını da qeyd etmək yerinə düşərdi...
-Atalar demişkən, “dost dar gündə tanınar”. 44 günlük savaş bizə həqiqi dostu tanımağa bir daha real imkan yaratdı. Şübhəsiz, bu Qələbədə qardaş Türkiyə dövlətinin, xalqının, xüsusən Prezident cənab Rəcəb Tayyib Ərdoğanın siyasi, mənəvi dəstəyinin xüsusi yeri var, o cümlədən, Pakistan dövlətinin.
Sentyabr ayında Bakı şəhərinin ermənilərdən türk ordusu tərəfindən azad olunmasının 103 ilinin tamam olması böyük təntənə ilə qeyd edildi. Ancaq ədalət naminə bilməliyik ki, Türkiyə - Azərbaycan qardaşlığı, birliyi və həmrəyliyi cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin prezidentlik fəaliyyətləri dövründə olduğu qədər son 103 ildə olmayıb.
10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladıqları Bəyanat nəticəsində müharibənin dayandırılması Azərbaycanla Rusiya arasında son 100 ildə imzalanmış sənədlərin ən alisi və əhəmiyyətlisidir. Çünki, necə ki, 44 günlük müharibə nəticəsində cənab Prezident İlham Əliyevin 28 illik işğala son qoyması heç kimin, heç bir dövlətin, beynəlxalq təşkilatın ağlına gəlməyən idisə, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış, Ermənistan üçün kapitulyasiya aktı sayılan Akt da heç kimin, heç bir dövlətin, beynəlxalq təşkilatın ağlına gəlməyən idi.
16 iyun 2021-ci ildə azad Şuşada Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında imzalanmış Şuşa Bəyannaməsi də son 103 ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış sənədlərin ən alisidir. Çünki bu Bəyannamə Türkiyə dövləti ilə Azərbaycan dövləti arasında hərbi əməkdaşlıqda yeni tarixi bir səhifə açdı və Türkiyə dövləti, xalqı, Prezidenti ilə Azərbaycan dövləti, xalqı və Prezidenti arasında olan qardaşlığın, birliyin, həmrəyliyin dünyada analoqu olmayan bir nümunəsidir.
-Əli müəllim, siz uzun müddət ölkəmiz üçün bir nömrəli problem olan məlum münaqişədən əziyyət çəkən soydaşlarımızla işləmisiniz, onların sosial problemlərinin həllində bilavasitə iştirak etmisiniz. O dövrlərdə insanların geriyə qayıtmaqla bağlı ümidlər necə idi?
-Düz buyurursunuz, mən uzun müddət Ulu Öndərin və cənab Prezidentin rəhbərliyi altında qaçqın və məcburi köçkünlərlə işləmişəm, daim onlarla təmasda olmuşam. Soydaşlarımızda rəhbərə böyük inam var və buna görə də geriyə qayıdışla bağlı inamları da güclü idi. Ulu Öndər mütəmadi olaraq Zərgəzur və Göycə mahallarına da qaçqınların nə vaxtsa qayıdacağını dilə gətirirdi, xüsusən qaçqın və keçmiş məcburi köçkünlərlə görüşəndə. Belə ki, 2002-ci il sentyabrın 13-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş qəsəbənin açılışında çıxışında bütün dünyaya bəyan etdi ki, vaxt gələcək, siz qaçqınlar da Göycə mahalına qayıdacaqsınız. Zəngilan və Qubadlının işğal günündə qaçqın və məcburi köçkünlərlə görüşdə də nə vaxtsa qaçqınların doğma torpaqları olan Zəngəzura qayıdacağını vurğulamışdı. İndi bəzi telekanallar o çıxışları təkrar verirlər və Ulu Öndərin uzaqgörənliyi bir daha təsdiq olunur.
Cənab Prezident dəfələrlə keçmiş məcburi köçkünlərlə görüşlərdə xüsusilə qeyd edirdi ki, siz mütləq öz yurdunuza qayıdacaqsınız, vaxt gələcək Şuşada və Xankəndidə də dövlət bayraqlarımız dalğalanacaq. Cənab İlham Əliyev verdiyi vədlərə, sözlərə həmişə əməl edib və edir. Bu gün Şuşada dövlət bayrağımız artıq dalğalanır. Mən tam əminəm ki, bir vaxt gələcək və dövlət bayrağımız Xankəndidə və Xocalıda da dalğalanacaq. Sadəcə olaraq səbirli olmaq lazımdır. Onun özünün dediyi kimi, özü yaxşı bilir nəyi, nə vaxt və necə etmək lazımdır. Mən keçmiş məcburi köçkünlərlə hər gün görüşəndə deyirdim ki, səbirli olun, torpaqlarımızı ölkə Prezidenti cənab İlham Əliyevdən başqa heç kim, heç bir dövlət və beynəlxalq təşkilat, o cümlədən, ATƏT-in Minsk Qrupu azad etməyəcək. Sağ olsunlar, onlar uzun müddət səbir nümayiş etdirdilər.
-Təəssüf ki, müharibə itkisiz olmur. Dövlətimiz Vətən yolunda tarix yazan qəhrəman oğullarına və onların ailə üzvlərinə daim böyük hörmət və ehtiram göstərir. Bu, diqqət və qayğı dövlət siyasətinin tərkib hissəsidir.
-Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm: Azərbaycan adlı ölkə tarix boyu görmədiyi xalq, ordu, Prezident birliyi və həmrəyliyini 44 gündə gördü. Bu sarsılmaz birlik Qələbənin rəhninə çevrildi. Şuşanın və bütün rayonların işğaldan azad olunması Azərbaycanın tarixi salnaməsinə Anım və Zəfər günlərini həkk etdi. Heç vaxt unutmamalıyıq ki, şəhid və qazilərimiz, əsgər, zabit və generallarımız öz qanları ilə azad olunan torpaqlardan erməni izlərini yudular.
Birinci Vitse-prezident xanım Mehriban Əliyeva ötən il ərzində ona xas olan qayğıkeşliklə şəhid ailələrinə yüksək diqqət göstərərək onların sosial problemlərinin həlli üçün, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib və icrasına ciddi nəzarət edibdir. Qazilərimizin sağlamlığının bərpası üçün ölkənin səhiyyə sistemindəki bütün imkanları səfərbər edib, bəzilərinin xarici ölkələrdə, xüsusən Türkiyədə müalicə olunması üçün lazımi tədbirlər görüb. İşğaldan azad olunmuş ərazilərdə erməni vandalizminin sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün də müvafiq tədbirlər görüb. Şuşada mədəni tədbirlərin qısa müddətdə hazırlanması, təşkili və keçirilməsi üçün təşkilati işlərə rəhbərlik edib.
Bakı şəhərində 12 aprel 2021-ci ildə açılışı olmuş və ölkəyə gələn qonaqlara göstərilən Hərbi Qənimətlər Parkı ermənilər üçün gözdağıdır. Necə ki, işğal altında olan torpaqlarımızı cənab Ali Baş Komandan 44 gündə ildırım sürətilə azad etdi, elə həmin sürətlə də həmin ərazilərin bərpasına başladı: ərazilərin minalardan təmizlənməsi, 3 hava limanının Füzuli, Zəngilan və laçında inşası, Qarabağın qapısı adlanan Füzuli Hava Limanının artıq işə düşməsi, Zəngilanda Birinci Ağalıda “ağıllı kənd” layihəsinin icrası, Şuşa şəhərinin ildırım sürətilə tikintisinə başlanılması və orada böyük tədbirlərin keçirilməsi, Şuşada “Xarı Bülbül” festivalının, Vaqif Poeziya Günlərinin təşkil edilməsi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-müzeyinin bərpadan sonra açılışı, Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş büstlərinin bərpası və Şuşada Mərkəzi meydanda yerləşdirilməsi, cənab Prezident İlham Əliyevin, Birinci Vitse-prezident xanım Mehriban Əliyevanın qızları ilə birlikdə müharibədən sonra dəfələrlə Qarabağa səfər edərək dövlət bayrağını yüksəltmələri, keçirilmiş bütün tədbirlərdə şəxsən iştirak etmələri, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, xanımının böyük nümayəndə heyəti ilə birgə Şuşada qarşılanması, Zəngəzur dəhlizinə gedən dəmir yolunun tikintisinə başlanılması, azad olunmuş bütün rayonlarda infrastrukturun bərpası, magistral yolların tikintisi, rayonların baş planlarının hazırlanması, qısa müddətdə geniş həcmdə tikinti işlərinə başlanılması və işlərin gedişatına şəxsən cənab İlham Əliyevin özünün nəzarət və idarə etməsi də dünyada analoqu olmayan təcrübədir.
-Əli müəllim, siz əslən işğaldan azad olunmuş rayonların birindənsiniz. Qohum-əqrabanızın əksəriyyəti də keçmiş məcburi köçkünlərdir. Vətən müharibəsində doğma yurdunuzun azad edilməsi sizə hansı hissləri yaşatdı?
-Ölkə vətəndaşları kimi, işğal altında olan rayon və kəndlərimizin, o cümlədən doğulduğum Cəbrayıl rayonu və Böyük Mərcanlı kəndinin azad olunmasını səbirsizliklə gözləyirdim. 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı başladığı gündə, yəni Anım Günündə Böyük Mərcanlı kəndi, 4 oktyabr 2020-ci ildə isə Cəbrayıl rayonunun mərkəzi işğaldan azad olundu. Həmin xəbərləri, hamı kimi, mən də cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdən televiziya vasitəsilə eşidəndə gözlərimin sevinc yaşlarını saxlaya bilmədim. Səbirlə gözləyirəm. Minatəmizləmə işləri başa çatandan və səfərə rəsmi icazə olandan sonra doğulduğum yerlərə, ömrümün ilk 15 ilini yaşadığım kəndə getmək və atamın qəbrini ziyarət etmək istəyirəm. Anamın qəbri isə məcburi köçkün kimi Sumqayıtdadır.
Mən rəhmətlik anama verdiyim sözə mütləq əməl edəcəyəm, onların qəbirlərini birləşdirərək bununla mənim üçün müqəddəs olan valideynlərimin ruhlarını birləşdirəcəm. Bu isə 44 günlük müharibədə əldə olunmuş Zəfərdən mənə ən böyük hədiyyə olacaq.
-Hər şey arxada qaldı, indi gələcəyə köklənmək lazımdır. Sizcə, regionda davamlı sabitliyə necə nail olmaq olar?
-Bu, ilk növbədə Ermənistanın siyasi rəhbərliyinin iradəsindən asılı olan məsələdir. Cənab Prezidentin dediyi kimi: Azərbaycan sülh, əminamanlıq, qarşılıqlı əməkdaşlıq, səmimi qonşuluq şəraitində yaşamaq niyyətindədir. Ermənistan buna hazır olmalıdır.
Hesab edirəm ki, Ermənistanın bugünkü vəziyyətdən yeganə çıxış yolu: sərsəm fikirlər səsləndirməkdən əl çəkmək, 10 noyabr 2020-ci il tarixli Bəyannamənin tam icrasını təmin etmək, xüsusən Zəngəzur dəhlizinin açılması üçün qəti tədbirlər görmək, Azərbaycanla qonşuluq, əməkdaşlıq etmək üçün Böyük Sülh Müqaviləsinin hazırlanmasında iştirak və onun icrasını təmin etmək, o cümlədən qonşu Türkiyə ilə də, regionda söz sahibi olan Türkiyə və Azərbaycanın xalqları ilə qonşuluq, sülh şəraitində yaşamaq və əməkdaşlıq etmək üçün Ermənistanın xalqını bu şərait üçün hazırlamaq.
Ermənistan dövləti, siyasi rəhbərliyi, xalqı istəsə də, istəməsə də bunları etməlidir, çünki Ermənistan adlı respublikanın və erməni xalqının bu regionda mövcudluğunun yeganə çıxış yolu budur. Əks halda, yenidən “dəmir yumruq” işə düşəcək.

yap.org.az

Digər xəbərlər