Müsahibə

  • 2 685

Qarabağ zəfəri Azərbaycanın əbədi qürur mənbəyidir

image

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə
- Hörmətli Arif müəllim, bu gün Azərbaycan xalqı tarixinin ən qürurlu hadisəsini, İkinci Qarabağ müharibəsində özünün möhtəşəm qələbəsini qeyd edir. Bu haqqda nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Qarabağ müharibəsi xalqımızın çoxəsrlik tarixində, şüurunda ən möhtəşəm qələbə kimi həkk olundu. Qələbə xalqımızı öz gözündə və beynəlxalq aləmin təsəvvüründə bir daha ucaltdı. Azərbaycanlıların özlərinə və xalqın prezidentinə olan inamını yüksəltdi, rəhbər-xalq birliyini daha da möhkəmləndirdi. Qələbə cəmiyyətin bugünkü və gələcək inkişafına həlledici bir amil kimi daxil oldu.
- İkinci Qarabağ müharibəsi 2020-ci ilin sentyabrın 27-də başladı və 2020-ci ilin noyabrın 10-da möhtəşəm qələbə ilə tamamlandı. Demək olarmı ki, qələbə 44 günün məhsuludur və bununla əlaqədar ikinci sual – qələbəni hansı amillər mümkün elədi?
- Bəli, müharibə 44 gün çəkdi. Lakin Prezidentin uzaqgörənliyi, hər bir atılan addımın təsirini əvvəlcədən duyması, onlardan ölkə üçün ən optimal variantını seçməsi və həyata keçirilməsi nəticəsində müharibə bu müddətdə tamamlanmadı. Əlbəttə torpaqlarımızı azad etmək cəhdi Ermənistanın ölkəmizə qarşı təcavüzünün ilk günlərindən mövcud idi. Bu cəhdlərin nə qədər səmərəli olmasını yaşlı nəsil yaxşı bilir. Bu nöqteyi-nəzərdən demək olar ki, İkinci Qarabağ müharibəsinin Qələbə məhsulu uzun illər ərzində yetişdi. Ancaq Azərbaycanın qələbəyə hazırlıq prosesi sözün əsl mənasında Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra daha dəqiq desək 1994-cü ildən sonra başladı.
Heydər Əliyevin dövründə Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, ordunun və müvafiq dövlət strukturlarının yaradılması və işinin təşkili, iqtisadiyyatın inkişafı inamla həyata keçirildi. Bu fundamentin üzərində son 18 ildə İlham Əliyev hakimiyyətə gələndən sonra iqtisadiyyat yeni, daha yüksək səviyyəyə qaldırıldı. Azərbaycan ordusu maddi-texniki təchizatına, hərbçilərin bilik səviyyəsinə və peşəkarlığına görə dünyanın ən müasir Silahlı Qüvvələrindən biri kimi tanındı.
Azərbaycan ordusunun 44 günlük müharibəsi bir çox ölkələr üçün nümunə kimi təhlil olunur və öyrənilir. Xarici ekspertlərin məlumatlarına görə, hərbçilərimizin yüksək peşəkarlığı, müasir texnika və texnologiyalarla təchizatı imkan verir ki, Ermənistanın bütün ərazisini daima müşahidə altında saxlasın və istənilən nöqtəsini məhv etsin.
Bizim böyük üstünlüklərimizdən biri o idi ki, xalq öz dədə-baba torpağını azad etməkdən ötrü müharibə aparırdı. Minlərlə gənc azərbaycanlı könüllü şəkildə hərbi komissarlıqlarda qeydiyyatdan keçib müharibədə iştirak etmək istəyi ilə müraciət etmişdi. Müharibə dövründə bir nəfər də olsun hərbçimiz ordu sıralarından yayınmadı. Halbuki Ermənistan ordusunda 10 minə yaxın fərari hərbi texnikanı, istehkamları qoyub qaçmaqla canlarını qurtarırdılar.
Xüsusi təyinatlı bölmələrimizin Şuşa şəhərini azad etməsi bir çoxları üçün xüsusən Ermənistan tərəfi üçün gözlənilməz bir möcüzəyə çevrildi və kapitulyasiya sənədinə imza atmağı məcbur etdi.
Müharibə dövründə və ondan əvvəlki müddət ərzində diplomatiyada və beynəlxalq aləmdə də qələbə əldə olundu. Azərbaycan və onun rəhbərləri beynəlxalq aləmdə yüksək nüfuz qazandılar. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İSESCO və YUNESCO-nun xoşməramlı səfiri simasında fəaliyyət göstərir. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdan ötrü ölkəmizdə bir çox beynəlxalq forumlar, konfranslar keçirilib.
Müharibə dövründə Prezident İlham Əliyev xarici media nümayəndələrinə və bəzi hallarda Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutan media nümayəndələrinə 30-dan çox verdiyi mühasibələrində Azərbaycan gerçəkliklərini, ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırmışdır. İlham Əliyev tək ordunun Ali Baş Komandanı yox, diplomatiya sahəsində də dünyada ictimai rəyin formalaşdırılması mübarizəsinə rəhbərlik edib və edir. Bunun nəticəsidir ki, hətta Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutan və Ermənistanın aqressiv siyasətini müdafiə edən ATƏT-in Minsk qrupunun bir üzvü artıq niyyətindən çəkinir.
Bu qələbənin gerçəkləşməsində Türkiyənin və Pakistanın mənəvi və texniki dəstəyini xüsusi qeyd etməliyik.
- Demək olarmı ki, bununla Zəfərimiz tamamlandı?
- Bu gün biz Qarabağ müharibəsində Azərbaycanın mübaliğəsiz qələbəsini qeyd edirik. Lakin bununla Zəfərimiz tamamlanmır. O, bizim həyatımızı hər zaman müşahidə edəcək. Qarşımızda üçtərəfli sazişdə nəzərdə tutulan məsələlərin tam həlli durur. Azərbaycanın Naxçıvan və Türkiyə ilə kommunikasiya xətlərinin yaradılması gündəliyin ən vacib məsələlərindən biridir.
Azad olunmuş ərazilərdə həyata qayıdış istiqamətində böyük işlər aparılır. Cənab Prezidentin Sərəncamlarına əsasən “Ağıllı” yaşayış məntəqələrinin yaradılması, əhalinin ora qayıtması, Qarabağı Azərbaycanın davamlı inkişaf edən regionlarından birinə çevirmək qarşıda durur. Bu istiqamətdə artıq böyük işlər aparılıb və davam etməkdədir, yollar çəkilir, Füzulidə hava limanı tikilib, Şuşa bərpa edilir və Azərbaycanın mədəniyyət mərkəzinə çevrilir. Bu gün dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri icra olunur. Erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. İndi azadlığına qovuşan ata-baba yurdlarımızda azan səsi ucalır, şanlı üçrəngli bayrağımız dalğalanır.
44 günlük müharibədə hər bir rayonumuzun, şəhər və kəndimizin azad olunması müasir tariximizin qəhrəmanlıq səhifəsidir. Qarabağın qəlbi Şuşanın erməni tapdağından xilas edilməsi isə bu müqəddəs savaşın zirvəsi, ən böyük hadisəsi, Azərbaycanın mühüm strateji qələbəsi oldu.
Biz əbədi və əzəli torpaqlarımızı yağı düşməndən azad etməyə müvəffəq olduğumuza görə xoşbəxt xalqıq. Qarabağdakı möhtəşəm qələbə isə Azərbaycana başucalığı gətirib. Bu zəfər xalqımızın tarixinə qızıl hərflərlə həkk olunub. Sözsüz ki, bu böyük səadəti bizə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun igid əsgər və zabitləri bəxş etmişdir. Bu zəfər, həmçinin, Azərbaycan xalqının sarsılmaz birliyi sayəsində mümkün olmuşdur. Xalqımız Qarabağın azad olunması zamanı göstərdiyi sarsılmaz birliyini düşməndən azad edilmiş torpaqlarımızın bərpası və dirçəldilməsi prosesində də nümayiş etdirəcək.

yap.org.az

Digər xəbərlər