Müsahibə

  • 2 543

Azərbaycan qazandığı uğurlara əsaslanaraq daim gələcəyə baxır

image

Milli Məclisin deputatı Müşfiq Məmmədli
- Müşfiq müəllim, günümüzün əsas müzakirə mövzularından biri 2022-ci ilin dövlət büdcəsidir. Nəzərə alsaq ki, büdcə ölkə iqtisadiyyatının aynasıdır, bu halda gələn ilin büdcəsinə daha çox diqqət yetirilməsi vacib olan məqamlar bəlli olur. Ümumilikdə 2022-ci ilin dövlət büdcəsi ölkəmiz üçün nə vəd edir?
- 2022-ci ilin dövlət büdcəsi müstəqillik tarixində ən böyükhəcmli büdcə hesab olunur. Bu da çox mühüm bir məsələdir. Vətən müharibəsini yaşayan, postmünaqişə dövrünün reallıqlarına uyğun davamlı addımları ilə diqqət çəkən bir ölkənin belə həcmdə büdcəyə malik olması qürurvericidir. Bilirsiniz ki, dağıdılmış infrastruktur, məhv edilmiş ərazilər bizə miras qaldı. 2020-2021-ci illərdə işğaldan azad edilmiş ərazilərimizdə çox böyük işlər görülüb. Bu baxımdan büdcə kəsirinin də kifayət qədər az olması onu göstərir ki, Azərbycan çox uğurlu daxili və xarici siyasət həyata keçirir. Sosial-iqtisadi siyasətin, təkmil islahatların uğurları göz önündədir. Buna görə də 2022-ci ilin büdcəsi ilə bağlı müstəqillik dövrünün ən böyükhəcmli büdcəsi fikrini söyləyə bilərik. 2022-ci ilin dövlət büdcəsi sosialyönümlüdür. Sosial dövlət modelinin uğurlu tətbiqinə yönəlmiş bir büdcədir. Sosial sahəyə, xüsusilə təhsilə, səhiyyəyə, elmə kifayət qədər ayrılmaların olduğu büdcədir. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi büdcə xərclərində prioritet istiqamətlərdən biridir.
- 2022-ci ilin büdcəsi, eyni zamanda, Zəfər büdcəsi kimi də xarakterizə olunur. Bu baxımdan büdcə xərclərində işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə diqqət hansı səviyyədədir?
- Bircə faktı qeyd etmək istərdim. Xarici qonaqlarla Ağdamda səfərdə olduq. Düşünün ki, sağ, sol, hər tərəf tikinti meydanını xatırladırdı. “Qafqazın Xirosiması” adlandırılan Ağdam yüz min əhalinin yaşayacağı şəhər olacaq. Bərpa və quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Bu da onu göstərir ki, Azərbaycan dövləti nə qədər güclü və qüdrətli, zəngin potensiala və iqtisadi imkanlara malik dövlətdir. Azərbaycanın Prezidenti, ölkəmizi Qələbələrə aparan Liderimiz nə qədər düşünülmüş və məqsədyönlü siyasət həyata keçirir. Çevik, hücum xarakterli siyasət yürütməklə yanaşı, qurucu Liderdir. Hansı tərəfə baxsaq inkişafı, tərəqqini, infrastrukturun yenilənməsini görürük. Hər bir bölgənin inkişafında infrastruktur layihələrinin uğurlu icrası əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə başlayarkən ilk olaraq infrastrukturun yenilənməsinə diqqət yönəltdi. Dağıdılmış infrastruktur bərpa olunur, avtomobil yolu, dəmir yolu çəkilir, eyni zamanda, beynəlxalq standartlara cavab verən hava limanları inşa edilir. Artıq Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu.
Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamızda görülən işlərə baxmaq kifayətdir. Mədəniyyət paytaxtımıza beynəlxalq standartlara cavab verən yollar çəkilir. Noyabrın 7-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə səfərləri çərçivəsində Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolunun açılışında iştirak etdilər. Qısa müddətdə görülən işlər həm insana qürur verir, həm də fəxr edirsən ki, Azərbaycan kimi güclü, qüdrətli dövlətin vətəndaşısan. Həqiqətən də müstəqilliyimiz bizim ən böyük sərvətimizdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində daha böyük uğurlara imza atır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri tezliklə başa çatacaq, Qarabağımız cənnət məkana çevriləcək, Azərbaycanın bundan sonra daha da möhtəşəm uğurlara nail olacağını görəcəyik. Artıq iki ildir ki, Azərbaycanın dövlət büdcəsinin xərclərində işğaldan azad edilmiş ərazilərimizin bərpasına və yenidən qurulmasına maliyyə vəsaiti yönəldilir. Zəfərimizin yaratdığı reallıqlar dövlət büdcəsi qarşısında da yeni çağırışlar formalaşdırıb. Büdcəmiz də bu çağırışlara yüksək səviyyədə nail olmağa imkan verir.
- Zəfərimizin birinci ildönümü arxada qalsa da 10 noyabr Bəyanatına uyğun olaraq Ağdamın, Kəlbəcərin və Laçının qaytarıldığı tarixi günləri qeyd edirik. 44 günlük Vətən müharibəsi Azərbaycanı dünyaya necə təqdim etdi?
- 44 günlük Vətən müharibəsi onu göstərdi ki, Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşib. Vahid ideya ətrafında sıx birləşmək ölkə Liderinə, cənab İlham Əliyevə, həyata keçirilən siyasətə inamdan irəli gəlir. Çünki bu inam olmasa vahid ideya ətrafında birləşmək sual altında olar. Necə ki biz vaxtilə bunun şahidi olmuşuq. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşananlar fonunda ölkəmiz parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan yenidən quruldu. Azərbaycan özünün inkişaf modelini dünyaya təqdim etdi. Cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirərək son 18 ildə Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Regionlarımız inkişaf etdi. Kənd və qəsəbələrimizin siması tamamilə dəyişdi. Dövlət başçısı İlham Əliyev Azərbaycana uğurlu dövlət imicini qazandırdı. Uğurlu dövlət artıq öz sözünün sahibi, Cənubi Qafqazın ən böyük gücü, dünya birliyində özünəməxsus yeri olan dövlətdir. Azərbaycan BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik edən bir dövlət kimi də dünyaya bəyan etdi ki, biz beynəlxalq prinsiplərə, BMT-nin qərar və qətnamələrinə riayət edirik. Azərbayanın rəşadətli ordusu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 30 il icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Azərbaycan bunu özü həyata keçirdi. Bütün bunlar onu göstərir ki, Azərbaycan tam formalaşmış və uğurlu bir dövlətdir, sosial dövlətdir. Bütün insanların hüquqlarını qoruyan dövlətdir. Multikultural dəyərlərə hörmətlə yanaşan, onların inkişafına böyük töhfələr verən dövlətdir. Azərbaycan tolerant ölkədir. Ümumilikdə ölkəmizin qazandığı uğurların miqyası genişdir.
- Postmünaqişə dövrünün reallıqları sırasında sülh müqaviləsinin imzalanması əsas yer tutur. Azərbaycan tərəfi təkmil sülh modelini təklif etsə də işğalçı Ermənistanın hələ də təxribatlardan əl çəkmədiyi dünyanın gözü qarşısındadır. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- İşğalçı dövlət elə görüntü formalaşdırır ki, sanki bütün dünya Ermənistana borcludur. Onlar başqa bir reallıqda yaşayırlar. İşğalçı dövlətdə revanşist qüvvələr baş qaldırır. Azərbaycana qarşı sərsəm bəyanatlar səsləndirirlər. Bu fikirlərlə sülh müqaviləsinə getmək olarmı? Rallıq bundan ibarətdir ki, artıq Ermənistanın da rəhbərliyi görür ki, yeni reallıqlardan qaçmaq olmaz. Azərbaycanın sülh təklifinə gəldikdə isə burada çox sadə məqamlar öz əkini tapıb. Bir-birimizin sərhədlərini tanıyaq, daxili işlərimizə müdaxilə etməyək, hansı etnik qrupla necə yaşayacağımızı onlarla özümüz həll edəcəyik. Kim Azərbaycanın qanunlarına tabe olacaq, Azərbaycan vətəndaşlığının şərtlərinə riayət edəcək, buyursun yaşasın. Müxtəlif xalqların, millətlərin nümayəndələri bizdə necə yaşayır? Ölkəmizdə bütün xalqların nümayəndələri sülh, əmin-amanlıq, dostluq şəraitində yaşayırlar. Azərbaycanın inkişafına öz töhfələrini verirlər. Azərbaycan dövləti bunu yüksək qiymətləndirir. Azərbycanın təklif etdiyi sülh modeli beynəlxalq normalara uyğundur. Biz bir-birimizin ərazi bütövlüyünü tanıyacağıq, sərhədlərimizə hörmət edəcəyik. Ermənistan reallıqlarla barışmalı, sülh müqaviləsini imzalamalıdır. Əks halda böyük faciələrlə üz-üz qalacaqdır. İqtisadi vəziyyəti daha da ağırlaşacaq. Azərbaycan güclü, qüdrətli, müstəqil siyasət yürüdən dövlətdir. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Ölkəmizin həyatında yeni səhifə açılıb. Azərbaycanın qarşısında geniş imkanlar mövcuddur. Ölkəmiz yeni-yeni hədəflərə doğru inamla irəliləyir. “Uğurun sonu yoxdur” fikri ilə razıyam. Çünki bir uğuru qazandıqda başqa uğur barədə düşünməlisən. Bu baxımdan dövlət başçısı İlham Əliyev daim gələcəyə baxmağa çağırışlar edir. 30 ildə yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsi idi. Artıq bu problemimiz də Müzəffər Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Azərbaycan ordusunun, xalq-iqtidar birliyinin, gənclərimizin torpaq, Vətən sevgisinin nəticəsində həllini tapdı. Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlyünü sübut etdi. Zəfərimiz Azərbaycanın bu illər ərzində qazandığı uğurların təqdimatıdır. Azərbaycanın 30 ilin işğalına 44 gündə son qoyması möcüzədir. Bu, ölkəmizin müharibə taktikasının da nümunə olduğunu təsdiqlədi. Dünyaya səs salan Şuşa əməliyyatı beynəlxalq mütəxəssislər tərəfindən öyrənilir. Düzgün qurulan siyasət daim inkişafa aparır.
- Noyabrın 26-da Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə keçiriləcək görüşü kapitulyasiya aktının davamı kimi dəyərləndirə bilərikmi? Ermənistanın baş nazirinin danışıqlar masasına gətirilməsi Azərbaycan dövlətinin qətiyyətli və prinsipial siyasətinin təsdiqidir...
- Azərbaycan 10 noyabr Bəyanatının bütün müddəalarına riayət edib, bütün öhdəlikləri yerinə yetirib. Ermənistan bu müddəalara əməl etsəydi digər görüşlərə ehtiyac olmazdı. Çox təəssüf ki, Ermənistan müxtəlif bəhanələrlə öz üzərinə düşən öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmağa çalışır. Amma cənab Prezidentin qeyd etdiyi kimi, kimsə yenidən revanşist fikirlərə düşərsə, kimsə bu müddəaların həyata keçirilməsindən boyun qaçırarsa, o zaman dəmir yumruq yerindədir. Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycanın tələb etdiyi məsələlər çox sadədir. BMT-nin, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə hörmətlə yanaşılmalı və icra edilməlidir. Soçi görüşündə bir daha bu kimi məsələlərə aydınlıq gətiriləcək. Ermənistan bütün tələb olunan addımları atmalıdır. Beynəlxalq hüquq normalarına riayət etməlidir. Ermənistanı qarşıda çox böyük təhlükələr gözləyə bilər. Artıq ciddi düşünmək zamanıdır.
Soçi görüşündən gözləntilərimiz vardır. Cənab İlham Əliyev qalib ölkənin qalib Prezidenti kimi bu görüşə qatılır. Ermənistan dalana dirənib. Başqa yolu yoxdur. Son nəticə Azərbaycanın istədiyi kimi olacaq.
- Müşfiq müəllim, ölkə Prezidenti İlham Əliyevin çıxışlarının mahiyyətində dayanan əsas çağırışı budur ki, daim gələcəyə baxmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ölkəımizin həyatında, beynəlxalq münasibətlərdə yeni səhifə açdı. Bu səhifənin daha möhtəşəm, zəngin olması hansı hədəfləri özündə ehtiva edir? Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın inkişaf modeli gələcək barədə hansı təsəvvürləri yaradır?
- Hazırda dünya real siyasət üzərində qurulub. Reallıq nədən ibarətdir? Dünənki uğurlar möhtəşəm uğurlardır. Amma biz dünənlə yaşamamalıyıq. Bu uğurlar Azərbaycanın əsrlərlə qürur duyacağı uğurlardır. Cənab İlham Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Bu tarix hər zaman xalqımızın yaddaşında qalacaq. Xalqımız daim özünün Lideri ilə fəxr edəcək. Cənab Prezident daim bildirir ki, uğurlarımızla kifayətlənməməli, daim irəli baxmalıyıq. Azərbaycan davamlı inkişaf etməlidir. Bir il bundan öncə torpaqlarımız işğaldan azad edildi, bu gün onları cənnət məkana çevirmək üçün genişmiqyaslı işlər görülür. Bir ildə görülən işlərin miqyası on illərə bərabərdir. Bu da cənab İlham Əliyevin real siyasətə əsaslandığını nümayiş etdirir. Azərbaycan iqtisadiyyatı inkişaf etməli, sosial dövlət imicini möhkəmləndirməlidir. Azərbaycan inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoydu və bu istiqamətdə mühüm addımlar atır. Prezident İlham Əliyevin hər bir vədini əməli fəaliyyəti ilə döğrultması, siyasətində real məsələlərə əsaslanması ölkəmizin qarşısında geniş imkanlar açır.

sia.az

Digər xəbərlər