PDF Oxu

Siyasət

  • 473

Partiyanın 34 il ərzində keçdiyi yol onun tarixi missiyasının və dövlətçilik məsuliyyətinin aydın ifadəsidir

Partiyanın 34 il ərzində keçdiyi yol onun tarixi missiyasının və dövlətçilik məsuliyyətinin aydın ifadəsidir

“Yeni Azərbaycan Partiyası ötən 34 ildə böyük inkişaf yolu keçib. Partiyanın yaranma tarixinə nəzər salsaq, görərik ki, o, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli bir dövründə, ölkəmizin ciddi siyasi, iqtisadi və sosial sınaqlarla üzləşdiyi şəraitdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə təsis edilib. Azərbaycanın taleyini düşünən insanlar vaxtında düzgün qərar qəbul edərək ölkəni dərin böhrandan çıxara, dövlətçiliyimizi xilas edə və gələcəyə doğru inkişaf yoluna yönəldə biləcək siyasi qüvvənin yaradılması təşəbbüsü ilə çıxış etdilər. Bu məqsəd ətrafında xalqın böyük etimad göstərdiyi, zəngin dövlətçilik təcrübəsinə və müdrik siyasi baxışlara malik Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdilər”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, 21 noyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının əsas missiyası müstəqilliyini yenicə bərpa etmiş respublikamızı düşdüyü dərin böhrandan xilas etmək, dövlət müstəqilliyimizi qorumaq, möhkəmləndirmək və ölkəni davamlı inkişaf yoluna çıxarmaqdan ibarət idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bu tarixi missiya uğurla həyata keçirildi, müasir Azərbaycan dövlətinin möhkəm təməlləri yaradıldı. Ümumxalq partiyası kimi formalaşan Yeni Azərbaycan Partiyası yarandığı gündən Heydər Əliyev ideyalarına, milli dövlətçilik prinsiplərinə və azərbaycançılıq məfkurəsinə əsaslanaraq böyük və şərəfli inkişaf yolu keçib. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyasına sadiq qalan YAP ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, milli maraqların qorunması və cəmiyyətin inkişafı naminə ardıcıl fəaliyyət göstərib. Partiyanın 34 il ərzində keçdiyi yol onun tarixi missiyasının və dövlətçilik məsuliyyətinin aydın ifadəsidir.
Millət vəkilinin sözlərinə görə, Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi və möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz beynəlxalq münasibətlər sistemində layiqli yerini tutub. Bu gün Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursu Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun zənginləşdirilməsi və ardıcıl həyata keçirilməsi Azərbaycanın hərtərəfli inkişafını təmin edən mühüm amildir. Bu siyasi varislik yalnız dövlət idarəçiliyində deyil, milli maraqların qorunmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və ölkənin gələcək inkişaf hədəflərinin müəyyənləşdirilməsində də özünü göstərir.
Hazırda Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, dünya enerji bazarında mühüm mövqeyi, beynəlxalq siyasi arenada özünəməxsus çəkisi olan ölkəyə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, dostlarının və müttəfiqlərinin sayının artmasına, milli maraqlarımızın beynəlxalq müstəvidə daha geniş müdafiəsinə xidmət edir. Bu gün YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin aparıcı siyasi qüvvəsi kimi fəaliyyətini davam etdirir. Partiyanın sıralarında 800 min nəfərə yaxın insanın birləşməsi onun geniş sosial bazasının və ictimai-siyasi nüfuzunun göstəricisidir. Biz böyük bir ailəyik və vahid məqsəd ətrafında – Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın daha da güclənməsi, milli maraqlarımızın qorunması və ölkəmizin inkişafı naminə birləşmişik. Ulu Öndərin müəyyən etdiyi ideya və prinsiplər partiyamızın fəaliyyətinin əsasını təşkil edir. Heydər Əliyev siyasi irsində yeniləşmə, müasirləşmə, milli ənənələrə sadiqlik və müasir çağırışlara uyğun inkişaf mühüm yer tutur. Bu gün ölkəmizdə həyata keçirilən islahatlar və institusional dəyişikliklər də həmin strateji yanaşmanın davamı kimi milli inkişafın yeni mərhələsinə xidmət edir.
“Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvə kimi iştirak edərək ölkəmizin əldə etdiyi uğurlara öz töhfəsini verib. Partiyanın seçkilərdə əldə etdiyi nəticələr onun geniş təşkilati imkanlarını, sosial bazasını və ictimai-siyasi proseslərdəki rolunu nümayiş etdirir. Prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri YAP-ın ölkənin siyasi həyatındakı mövqeyini və seçicilərin partiyaya göstərdiyi etimadı əks etdirən mühüm göstəricilərdir. 2021-ci ilin mart ayında keçirilən VII Qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı oldu. Çünki bu qurultay 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra keçirilən ilk qurultay idi. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə ölkəmiz qarşısında yeni inkişaf perspektivləri açıldı, partiyanın fəaliyyətində də yeni dövrün tələblərinə uyğun vəzifələr müəyyənləşdirildi. Həmin qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi, daha sonra yeni Proqramının təsdiqlənməsi YAP-ın təşkilati və ideoloji fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıdı. Proqramda müəyyənləşdirilən yeni vəzifələr partiyanın fəaliyyət istiqamətlərini daha da genişləndirdi və qarşıdakı dövr üçün konkret hədəflər müəyyən etdi”, – deyə Pərvin Kərimzadə qeyd edib.
YAP İdarə Heyətinin üzvünün fikrincə, bu il oktyabrın 2-də keçirilmiş VIII Qurultay isə partiyanın inkişafında növbəti mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. VII Qurultay 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən az sonra, Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul etdirilməsi və Zəfərin siyasi-diplomatik nəticələrinin möhkəmləndirilməsi mərhələsində keçirilmişdi. VIII Qurultay isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, regionda və beynəlxalq münasibətlər sistemində yeni reallıqların formalaşmasında mühüm rol oynadığı bir dövrə təsadüf edir. Artıq ölkəmiz yeni geosiyasi şəraitin formalaşmasında fəal iştirak edən, milli maraqlarını qətiyyətlə müdafiə edən və müstəqil siyasət yürüdən dövlət kimi çıxış edir.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultaydakı çıxışı ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi Zəfərin, qarşıda duran strateji vəzifələrin və yeni inkişaf hədəflərinin geniş siyasi mənzərəsini ortaya qoydu. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni siyasi, iqtisadi və geosiyasi imkanlar açıb. İndi əsas vəzifə əldə edilmiş nailiyyətləri qorumaq, dövlətimizin gücünü daha da artırmaq, milli maraqlarımızı bütün istiqamətlərdə təmin etmək və yaranmış yeni imkanlardan davamlı inkişaf naminə səmərəli istifadə etməkdir. Cənab Prezident qurultaydakı çıxışında qarşıda duran vəzifə və hədəfləri aydın şəkildə müəyyənləşdirdi. Partiya üzvləri olaraq üzərimizə düşən əsas məsuliyyət həmin strateji hədəflərin reallaşdırılmasına fəal töhfə vermək, dövlət başçısının müəyyən etdiyi siyasi kursun həyata keçirilməsində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməkdir. YAP-ın ideoloji missiyası da məhz bu məqamda xüsusi aktuallıq qazanır. Partiya milli dövlətçilik ideologiyasının təbliği, azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması, gənc nəslin dövlətçilik ruhunda formalaşması və cəmiyyətin ümummilli məqsədlər ətrafında səfərbər olunması istiqamətində fəaliyyətini davam etdirir.
“Bütövlükdə, Yeni Azərbaycan Partiyasının gücü onun tarixi təcrübəsində, möhkəm ideoloji əsaslarında, geniş sosial bazasında, güclü təşkilati strukturunda və xalqla sıx bağlılığındadır. Partiyamızın siyasi proseslərdəki mövqeyi, seçkilərdə əldə etdiyi nəticələr və cəmiyyətin müxtəlif təbəqələrini öz sıralarında birləşdirməsi bu potensialın göstəricisidir. YAP-ın gücü, ilk növbədə, onun milli dövlətçilik ideyasına sadiqliyində, Heydər Əliyev siyasi irsini yaşatmasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının reallaşdırılmasına verdiyi töhfədə təzahür edir. Yeni Azərbaycan Partiyası üçün siyasi varislik yalnız tarixi ənənənin davam etdirilməsi deyil, həm də dəyişən dövrün tələblərinə uyğun olaraq milli ideyaların və strateji hədəflərin yeni məzmunla zənginləşdirilməsidir. İnanırıq ki, cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamız bundan sonra da dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və Azərbaycanın davamlı inkişafı naminə fəaliyyətini uğurla davam etdirəcək”, – deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Digər xəbərlər