21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunması ölkəmizin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya mürəkkəb tarixi şəraitdə xalqın milli maraqlarını, dövlətçilik ideyalarını və Azərbaycanın gələcəyinə olan inamını özündə birləşdirən siyasi qüvvə kimi formalaşdı. Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünü qeyd edərkən onun keçdiyi zəngin inkişaf yoluna, qazandığı nailiyyətlərə və ölkəmizin tərəqqisində oynadığı mühüm rola böyük qürurla nəzər salırıq.
YAP-ın yaranması xalqın Heydər Əliyev şəxsiyyətinə, onun siyasi təcrübəsinə, müdrikliyinə və Azərbaycanın gələcəyini təmin edəcək strategiyasına olan inamın təzahürü idi. Partiyanın qısa müddətdə ümumxalq siyasi təşkilatına çevrilməsi təsadüfi deyildi. Bu, xalqın milli birlik, sabitlik, güclü dövlətçilik və inkişaf arzularının siyasi müstəvidə ifadəsi idi. Yeni Azərbaycan Partiyası ilk gündən xalqın maraqlarına söykənən, dövlətçiliyin möhkəmləndirilməsini başlıca məqsəd seçən siyasi təşkilat kimi öz mövqeyini müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın son illərdə əldə etdiyi möhtəşəm nailiyyətlər, iqtisadi inkişafı, beynəlxalq mövqeyinin möhkəmlənməsi, milli maraqların qətiyyətlə qorunması və dövlət suverenliyinin tam təmin olunması həyata keçirilən siyasətin məqsədyönlülüyünü təsdiqləyir. Xalqın dövlət başçısına olan inamı, siyasi iradə ilə ümumxalq dəstəyinin vəhdəti ölkəmizin qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləməsini təmin edir.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının birliyinin, milli ruhunun və dövlətimizin gücünün təntənəsi oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ardınca suverenliyimizin tam təmin olunması Azərbaycanın tarixində yeni bir dövr açdı. Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, Böyük Qayıdış proqramı dövlətimizin gücünü, xalqımızın iradəsini və gələcəyə yönəlmiş inkişaf strategiyasını nümayiş etdirir. Zəfər yalnız hərbi uğur deyil, həm də xalq-iqtidar birliyinin, milli həmrəyliyin və siyasi iradənin təntənəsi oldu.
2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni siyasi reallıqlar fonunda partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıya qoyulan strateji məqsədlərin daha da dəqiqləşdirilməsi baxımından mühüm mərhələ oldu. Qurultayda ortaya qoyulan vəzifələr YAP-ın müasir Azərbaycanın inkişaf proseslərində fəal iştirakını, dövlətçilik maraqlarının qorunmasını, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrin daha da gücləndirilməsini və yeni siyasi reallıqlara uyğun fəaliyyətini təmin etməyə yönəlib. Partiyanın yenilənən fəaliyyət istiqamətləri onun güclü təşkilati potensialını, siyasi məsuliyyətini və gələcəyə baxışını nümayiş etdirir.
34 illik fəaliyyəti ərzində Yeni Azərbaycan Partiyası dövlətçilik ideyalarına sadiqliyi, siyasi sabitliyin qorunmasında rolu, vətəndaşlarla sıx əlaqələri və ölkənin inkişafına verdiyi töhfələrlə Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutmuşdur. Bu gün YAP üzvlərinin əsas vəzifəsi əldə olunan nailiyyətləri qorumaq, milli maraqlara xidmət etmək, gənc nəslin dövlətçilik ruhunda yetişməsinə töhfə vermək, cəmiyyətin birlik və həmrəylik dəyərlərini daha da möhkəmləndirməkdir.
Əminik ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə öz missiyasını yüksək məsuliyyətlə davam etdirəcək, Azərbaycanın davamlı inkişafına, milli birliyimizin möhkəmlənməsinə və qarşıya qoyulan yeni hədəflərin reallaşmasına layiqli töhfələr verəcəkdir. Xalqın güvəni, dövlətin qüdrəti və siyasi həmrəyliyimiz Azərbaycanın daha böyük uğurlarının əsas təminatıdır.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri