PDF Oxu

Əsas

  • 4 043

“Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın müsəlman dünyasına verdiyi ən böyük töhfələrdəndir”

image

"SƏS" Media Qrupunun təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Dünən "SƏS" Media Qrupunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş "İslam Həmrəyliyi İli" və IV "İslam Oyunları 2017" ilə bağlı dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, dəyirmi masada müvafiq dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən müsəlman ölkələrinin səfirləri iştirak ediblər.

Tədbirin moderatoru "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev diqqəti IV "İslam Oyunları 2017"-nin İslam dünyası, ümumiyyətlə bütün dünya üçün əhəmiyyətinə yönəldib, bu oyunların yüksək səviyyədə keçirilməsilə islam dininin sülh və mərhəmət dini olduğunu vurğulayıb. Bəhruz Quliyev deyib ki, Prezident İlham Əliyev IV "İslam Həmrəyliyi Oyunları"nın təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Media Qrupunun rəhbəri bu qərarın islam dünyasının həmrəyliyinə böyük önəmin göstəricisi olduğunu deyib. O bildirib ki, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması və İslam Həmrəylik Oyunlarının keçiriləcəyinə hazırlıq görülməsi Azərbaycanın müsəlman dünyasına verdiyi ən böyük töhfələrdəndir. Həm də Azərbaycanın təbliğ olunması və mədəniyyətinin nümayişi üçün də bunun əhəmiyyəti böyükdür.

Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abiyev deyib ki, ölkəmizin tolerantlıq məkanı kimi tanınması və multikultural dəyərlərə sadiqliyi belə qərarların qəbul edilməsində böyük rol oynayır: "Biz Bakıda 4-cü İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Yəni, Avropa və İslam dövlətlərinin idmançıları eyni şəhərdə oyunlarda iştirak etmiş olacaqlar. Məsələ yalnız idman və medalların sayı, nailiyyətlərlə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir".

Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərimi bildirib ki, IV "İslam Oyunları"nın keçirilməsi Azərbaycanın öz dinamik iqtisadi və sosial inkişafında nə qədər irəli getdiyini təsdiq edir, eləcə də Azərbaycanın müstəqillik əldə etməsindən etibarən müxtəlif sahələrdə qazandığı tərəqqi və uğurlardan xəbər verir. O Azərbaycanı belə vacib tədbir keçirən gənc dünyəvi dövlət qismində görməkdən xoşbəxtliyini dilə gətirib. Səfir qeyd edib ki, Azərbaycanda bu Oyunların keçirilməsi ölkəmizin həyat qabilliyyəti və enerjisini nümayiş etdirmək üçün də vacib platformadır: "Azərbaycan tədbirin möhtəşəm keçirilməsi üçün çox səy göstərir. Əminəm ki, bu oyunlar ölkədə daha əvvəl təşkil edilmiş beynəlxalq tədbirlərdə gördüyümüz kimi, yüksək səviyyədə keçiriləcək".

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin marketinq şöbəsinin rəhbəri Tural Qəmbərov diqqətə çatdırıb ki, oyunlara hazırlıq yüksək səviyyədə davam edir: "Aktiv formada oyunlara hazırlıqlar gedir. 56 ölkə öz iştirakını təsdiqləyib. Oyunlarda ümumilikdə 8 minə qədər könüllü iştirak edəcək. İdman məkanları artıq hazır formadadır. IV "İslam Oyunları" üçün 14 idmançı səfir seçilib".

Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Həmid Qaradəniz deyib ki, artıq idman ölkəsi kimi bütün dünyada şöhrət tapan Azərbaycan 2017-ci ildə İslam ölkələrinin idman ictimaiyyətinə ev sahibliyi etməklə beynəlxalq idman arenasına daha bir tarixi səhifə yazacaq. Bu müsəlman xalqlarının idman və tərəqqi mədəniyyətinin birlikdə nümayiş etdirilməsi üçün tarixi şans yaradıb. O, əmin olduğunu bildirib ki, böyük imkanlara və təcrübəyə malik olduğu üçün Azərbaycan xalqı oyunlarda heyranedici nəticələr qazana biləcək.

İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani qeyd edib ki, Azərbaycan sözügedən oyunları təşkil etməklə İslamın bütün gözəlliklərini dünyaya bəxş edəcək: "Biz də İslam ölkəsi olan Azərbaycandayıq. Oyunların özəlliyi odur ki, ölkənin gəncləri sağlam, intellektual olsun. İnanırıq ki, Azərbaycan Avropa Oyunlarında olduğu kimi IV "İslam Oyunları"nı da yüksək səviyyədə təşkil edəcək".

Qırğızıstan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranov da deyib ki, bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları müsəlmanların birliyinə töhfə olacaq: "Bu Oyunların əsas hədəfi təkcə İslam ölkələrinin idmançılarını deyil, ictimaiyyətlərini də bir araya gətirməkdir. Oyunlar İslam ölkələrinin dostluğunun və qardaşlığının simvoluna çevriləcək".

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə vurğulayıb ki, idman təkcə yarış deyil, həm də dünya idmançılarının, gənclərinin bir araya gəlməsinə xidmət edir: "İdman sahəsi daim Üumummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdu. Hazırda bu uğurlu kursu cənab Prezident İlham Əliyev layiqincə davam etdirir. Bu gün ölkəmiz qələbələrə imza atan ölkələr sırasındadır".

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, Oyunların talismanı "İncə" və "Cəsur" adlı Qarabağ atlarıdır: "İncə" adət-ənənələri və milli dəyərləri təmsil edir. Məharətli, mərd və məqsədyönlü "Cəsur" isə, özünə əminliyi və sərbəstliyi ilə seçilir".

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin könüllülər üzrə baş meneceri Əfsun Qurbanov çıxışında deyib ki, könüllərlə Oyunlara hazırlıq üçün mütəmadi treninqlər keçirilir: "Ümumiyyətlə gənclər olmasa bu kimi tədbirləri keçirməkdə çətin olar. Xaricdən gələcək qonaqların qarşılanıb yola salınmasına kimi könüllülər mütəmadi onlarla təmasda olacaqlar".

Sonda çıxış edən "Sport Time" jurnalının baş redaktoru Jalə Rzabəyli diqqətə çatdırıb ki, ölkəmiz IV "İslam Həmrəyliyi Oyunları" və "Formula -1" yarışları keçirməyə hazırlaşır: "Bu mötəbər yarışlarda idmançılarımıza uğurlar arzu edirik. Belə mötəbər yarışlarda aparılan təbliğat işlərinə qoşulmaq isə hər bir idman jurnalistinin vəzifəsidir". Tədbirə müzakirələrlə yekun vurulub.

Digər xəbərlər