Son dövrlərdə dünyada iqlim dəyişmələri, sənayenin sürətli inkişafı, əhalinin çoxalması və içməli su ehtiyatlarına təzyiqin artması özü ilə çoxsaylı problemlər gətirib. Bu isə öz növbəsində suvarma suyu və içməli su ilə təminatın çətinləşməsinə səbəb olub. Hazırda dünyada 1 milyarda yaxın insan içməli su tapa bilmir, daha 2 milyard insan isə çirkli su içməli olur. BMT-nin hesablamalarına görə, dünyanın yarısından çox hissəsi su çatışmazlığından əziyyət çəkir və bu problem 2025-ci ilə qədər 60 faiz artacaq. Dünya əhalisinin 40%-nin yaşadığı 80 ölkə su çatışmazlığı yaşayır. Azərbaycanda da bu sahədə vəziyyət qənaətbəxş deyil.
Su planetində su böhranından qurtulmaq üçün nə edirlər?
Dünya səthinin 70 faizini su təşkil edir. Bu səbəblə planetimizi su planeti adlandırmaq olar. Lakin dünyadakı su həcminin yalnız 2 faizi içməyə yararlıdır. Və içməli suyun da 2 faizi əlçatandır. Qalan hissələr buzlaqlarda, Antraktida və Arktikada cəmləşib.
Hazırda davam edən qlobal istiləşmə və quraqlığın artması problemi daha da kəskinləşdirir. Təhlükənin miqyası getdikcə böyüyür. Beynəlxalq ekoloji və iqtisadi araşdırma mərkəzlərinin proqnozuna görə, qarşıdan qlobal quraqlıq və su çatışmazlığı gəlir. Bunun nəticəsində ciddi ərzaq qıtlığı yaranacaq. Belə bir vəziyyətdə isə su ehtiyatları çox olan ölkələr vəziyyətdən çıxa biləcək.
Ölkələr su qıtlığıyla bağlı müxtəlif tədbirlər görür. Belçika hökumətinun qəbul etdiyi qanuna əsasən, yeni tikilən çoxmərtəbəli binalarda və şəxsi evlərdə yağış suyu üçün çənlər qoyulması məcburidir. Çənlərdə toplanan sudan ayaqyolunun və avtomobillərin yuyulması, həmçinin bağın suvarılması üçün istifadə etmək mümkün olacaq. Bu qənaətcil üsul, ilk növbədə, ailə büdcəsində su ilə bağlı məsrəfləri azaltmağa, həm də quraqlıq mövsümündə içməli su qıtlığını aradan qaldırmağa kömək edəcək.
Su ehtiyatlarının ən bol olduğu ölkələrdən olan Rusiyada su mənbələrinin qorunması və sudan qənaətli istifadə ilə bağlı xüsusi siyasət həyata keçirilir. Qəfil baş verə biləcək quraqlıqdan qorunmaq üçün çox sayda su anbarları, süni göllər yaradılır, artezianlar qurulur, bir yerdə artıq olan su mənbələrinin, suyun az olduğu başqa ərazilərə yönəldilməsi üçün kanallar çəkilir.
Türkiyədə də su anbarları yaradılır. Xüsusən də Dəclə, Fərat, Kür kimi transsərhəd çaylarda yaradılmış belə anbarlar baş verə biləcək quraqlıq zamanı böyük ehtiyatın mövcudluğuna imkan verəcək. Düzdür, bununla bağlı Suriya və İraqla ciddi mübahisələr var ki, həmin çayların suyundan onlara düşən payın kəskin azalması iddia olunur.
İranda, Qazaxstanda və digər Orta Asiya ölkələrində də müəyyən tədbirlər həyata keçirilir. Bir çox ölkələr dərinliklərdə yerləşən yeraltı su hövzələrinə çatmaq və həmin suyun səthə çıxarılması üçün böyük layihələrin icrasına başlayır.
Azərbaycanda su problemi: vəziyyət necədir?
Beləliklə, dünya qarşıdan gələn su böhranına hazırlaşır. Təhlükə getdikcə artır. Azərbaycan da bu təhlükədən sığortalanmayıb. Çünki ölkəmiz də dünyanın bir hissəsi kimi qlobal iqlim dəyişiklərinin, dünyada gedən proseslərin təsirinə məruz qalır. Üstəlik, daxili su və qida ehtiyatlarımız da əhalini tam təmin etmək üçün yetərli deyil.
Azərbaycan əhalinin sayına və əraziyə nisbətdə su ehtiyatlarının az olduğu ölkələrdəndir. Adambaşına düşən və ərazinin hər kv kilometrinə düşən su ehtiyatına görə Cənubi Qafqazda ən çətin vəziyyət bizdədir. Azərbaycanda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir. Yerli su ehtiyatlarına gəlincə, ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr yerli su ehtiyatı var ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kvadrat kilometrinə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir.
Azərbaycanın su mənbələrinin təxminən 70 faizinin ölkə sərhədlərindən kənarda formalaşır. Qlobal quraqlıq və su problemi kəskinləşəndə ölkə xaricindən gələn su mənbələrindən su götürmək mümkün olmaya bilər. Bu vəziyyətdə qonşu ölkələr transsərhəd çaylardakı su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcək. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir.
Ona görə də, su resurslarının qorunması, onlardan səmərəli istifadə, su mənbələri çirklənməsinə və qurumasına səbəb olan amillərin aradan qaldırılmasına ehtiyac böyükdür və bu məsələni təkcə inzibati metodlarda tənzimləmək mümkün deyil. Əhalinin bu işdə iştirakı da son dərəcə vacibdir.
“Bəzi hallarda itkilər 40-50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il iyulun 23-də keçirdiyi növbəti videoformatlı müşavirədə vətəndaşları uzun müddətdir narahat edən su qıtlığı, su təsərrüfatındakı problemlərə toxunaraq demişdi: “Su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur””.
Dövlət başçısı çıxışında sadə vətəndaşların su qıtlığı ilə üzləşməsinin yolverilməz olduğunu, bunun dövlət maraqları, yürüdülən iqtisadi inkişaf xətti ilə ziddiyyət təşkil etdiyini demişdi. Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişdi. Lakin problemlər var.
Prezident onu da vurğulamışdı ki, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək: “Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”.
Prezident İlham Əliyevin həmin müşavirədə səsləndirdiyi tənqidlər tam əsaslıdır. Su təsərrüfatının qaydaya salınması və gözlənilən böhrana hazır olmaq üçün bəzi tədbirlərin həyata keçirilməsinin vacibdir. Dövlət başçısının su təsərfüfatının effektiv idarə edilməsi, su ehtiyatlarından səmərəli istifadə, yeni su mənbələrinin yaradılması ilə bağlı fərman və sərəncamları var. Bu istiqamətdə xeyli işlər də görülüb. Su anbarlarının tikintisi, artezianların qazılması və s. Lakin bunlar problemin miqyasına adekvat deyil.
Günün əsas sualı: nə etməli?
Azərbaycanın içməli su ehtiyatlarının 30 faizi işğaldan azad edilmiş Qarabağ bölgəsində yerləşir. Bu böyük bir ehtiyatdır və ətraf regionların da təminatında ciddi paya malik olacaq. Lakin yeni su ehtiyatları əldə etməyimiz bizi heç bir halda arxayın salmamalıdır. Sudan səmərəli istifadə prioritet olmalıdır. Su mənbələrini artırmaq mümkün deyil, təzədən çay yaradası deyilik, dəniz yaradası deyilik. Lakin mövcud su ehtiyatlarından səmərəli və qənaətli istifadə etməklə su böhranının qarşısını almaq olar.
Parkların və bağların suvarılması zamanı bəzən həddən çox su buraxılır ki, bu həm bitkilərə, torpağa zərərdir, həm də su israfıdır. Damcılı suvarma sistemi vasitəsilə bağları, əkinləri azı 2 dəfə az su ilə daha effektiv suvarmaq mümkündür.
Torpaq suvarma kanalları ilə ötürülən suda itkilər çox olur. Lakin beton kanallarda su itkisi dəfələrlə azalır. Ona görə də beton kanalların çəkilməsi təmin edilməlidir.
Bundan başqa hökumət sahibkarlara, fermerlərə güzəştli kreditlər verə bilər- yağış suyundan iistifadənin təmin edilməsi, kiçik su anbarlarının tikilməsi və artezian quyularının qazılması üçün. Bu halda əkinçilər yayda quraqlıq yarananda həmin artezianlar vasitəsilə təsərrüfatlarını məhv olmaqdan, özlərini isə müflis olmaqdan xilas edə bilərlər.
Hamımız bilirik ki, içməli sudan texniki məqsədlərlə istifadə edilir. Zavodlar, fabriklər, müəssisələr içməli suyu sənaye məqsədilə israf edir. Avtomobillər də içməli suyla yuyulur, yaşıllıqlar da içməli suyla suvarılır və sair. Bu isə içməli su mənbələrinə təzyiqi artırır və ekoloji problemlərə gətirib çıxarır. Məsələn, Oğuz-Qəbələ-Bakı su kəməri gələn böyük həcmdə su mənbə ətrafında səhralaşmaya səbəb olur. Kürdən çox su götürdüksə çayın suyu kəskin azalır və s.
Çıxış yollarından biri də dəniz suyunun duzsuzlaşdırılmasıdır, amma bu məsələ də həllini tapmır. Bunun üçün də dəniz sahilində su zavodları tikilməli və dəniz suyunun şirinləşdirilməsi aparılmalıdır ki, bu sudan texniki məqsədlərlə istifadə mümkün olsun. Sənaye müəssisələrinə, fabrik və zavodlara dəniz suyunun ötürülməsi təmin edilməlidir.
Su itkilərinin qarşısını almaq üçün dövlət orqanlarının gördüyü tədbirlərdən əlavə əhalinin da görə biləcəyi işlər var. Məsələn, evlərdə, iş yerlərində, iaşə obyektlərində sensor su krantlarından istifadə etməklə suya 2 dəfə qənaət etmək mümkündür. Yaxud bəzi yerlərdə su krantlarına bağlayıcı qoyulmadığından və xarab olduğundan su daimi olaraq axıb gedir ki, vətəndaşlar belə hallara qarşı diqqətli olmalıdırlar. Mümkün olan yerlərdə xüsusi qurğuların köməyi ilə yağış sularından istifadə, qənaətcil məişət texnikalarından istifadə etməklə su israfının azaldılması və s. bu kimi tədbirlər də çox əhəmiyyətlidir.
Əgər bu qeyd etdiyimiz tədbirlər görülsə, strateji planda ölkəmizin su təhlükəsizliyi təmin edilmiş olar, ərzaq istehsalı artar, əhalinin içməli su təminatı yaxşılaşar və biz qlobal təsirlərdən sığortalanmış olarıq.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb